( Portret cizgiləri)
Həyatda elə insanlar var ki, onlarla bir-iki dəfə təmasda olduqda, bu insanların düşüncə tərzinə, məntiqinə, həyat haqqındakı orijinal, maraqlı fikirlərinə adam valeh olur. Sevinirsən ki, məmləkətimizdə belə ziyalılar var və belə ziyalılarla fəxr etmək olar. Onlar Böyük Yaradanın xalqımıza bəxş elədiyi seçilmiş bəndələridir. Biz yazarların da borcudur ki, bu ziyalılarımızı xalqa daha yaxından tanıdaq. Bu ziyalılardan biri də Bayram Yusifovdur. Onunla apardığım müsahibə bir yazıçı və jurnalist kimi ürəyimcə oldu.
- Hörmətli Bayram müəllim, öncə sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm! Zəhmət olmasa özünüz haqqında qısa məlumat verərdiniz.
- Əslim-köküm Gəncədəndir.
Babalarımız XIX əsrin əvvəllərində Gəncədən Borçalıya köç ediblər. Mən orada doğulub boya-başa çatmışam,
orta məktəbi bitirdikdən sonra ali təhsilimi Bakıda almışam. Həyatımın sonrakı
dövrünü və fəaliyyətimi paytaxtımızda davam etdirmişəm. Bir sıra vəzifələrdə, o
cümlədən Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsində kommersiya şöbəsinin
rəis müavini, daha sonra isə həmin komitədə kommersiya şöbəsinin rəisi vəzifələrində
çalışmışam. Sonra "Gəncəli” İstehsalat Kommersiya Şirkətini təsis etmişəm və bu günə qədər də həmin
şirkətə rəhbərlik edirəm. 20 ildən artıqdır ki, Azərbaycan Ağsaqqallar Şurasında fəaliyyət
göstərmişəm. Hal-hazırda da orada sədr müavini kimi fəaliyyətimi davam etdirirəm...
- Siz iki ali məktəb bitirmisiniz. İkinci təhsili almaqda məqsəd nə idi?
- İkinci təhsili Bakı Dövlət Universitetində almışam, hüquq fakültəsini bitirmişəm. Mənim gənc yaşlarımdan hüquqa marağım böyük olub. Həm də, ümumiyyətlə, bir çox sahələrdə olduğu kimi, sahibkarlıq sahəsində də müasir tələblərə cavab verən səviyyədə uğurlu fəaliyyət qurmaq üçün yeni idarəetmə qaydalarına, mütəmadi dəyişən qanunvericilik və hüquq normalarına dair müvafiq biliklər əldə etmək, yəni əlavə olaraq, ikinci hüquqşünas ixtisasına yiyələnmək, belə demək mümkünsə, həyatın diqtəsi oldu. Mən eyni zamanda 1995-2000-ci illərdə Parlamentin Ali Məhkəmədə nümayəndəsi olmuşam.
- Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində çox böyük qələbə qazandı. Artıq xalqımız qalib xalqdır. Siz bir ziyalı kimi bu haqda nə deyə bilərsiniz? Eşitmişik ki, bununla bağlı şeirlər də yazıbsınız. Hətta şeirlərinizə mahnılar da bəstələnib.
- Milləti, xalqı qürurlu edən
onun lideridir. Lider Vətənə, xalqa
sadiq olanda, Vətəni, xalqı özündən çox sevəndə bu özünün müsbət nəticəsini verir.
... Qızıldan imza atdın,
Tarixin yaddaşına.
Şanlı bir tarix yazdın,
Vətənin savaşına,
Prezidentim İlhamım,
Ali Baş Komandanım! ...
Azərbaycan xalqı çox möhtəşəm, qəhrəman və qoçaq xalqdır. Biz bunun 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Hərbi komissarlıqların önündə on minlərlə insanın müharibəyə can atması, müharibə dövründə bütün xalqın monolit birlik nümayiş etdirməsi, Prezidentin ətrafında sıx birləşməsi, xüsusilə müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin prezidentliyi dövründə boya-başa çatmış gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi və müharibənin müqəddəratının həllində həmin gənclərimizin ruh yüksəkliyi ilə iştirak etməsi möhtərəm Prezidentimiz tərəfindən uğurlu gənclər siyasətinin aparılmasının bariz nümunəsidir. Bəli, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu qələbə eyni zamanda bütün Türk dünyasını qürurlandırdı. İndi biz tarixdə qalib xalq kimi qalacağıq. Eyni zamanda bu Zəfər dünya xalqlarının bizə olan inamını və bizim özümüzə inamımızı artırdı.
Qaldı şeir yazmağa. Olur... Bəzən yüksək əhval-ruhiyyədə olanda, yaxud da dərin kədər hissi məni bürüyəndə yazıram, duyğularımı şeirlə ifadə etməyə çalışıram. 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr etdiyim "Ali Baş Komandanım” şeirimə bəstələnmiş "Zəfər Marşı” müğənni Abbas Bağırovun ifa etdiyi nəğmələrdəndir. "Qurbanam ana” adlı şeirimə yazılan mahnının bəstəkarı və ifaçısı isə mərhum sənətkarımız Yaqub Zürufçuydu.
-Bayram müəllim, uzun müddətdir çalışdığınız Azərbaycan Ağsaqqallar Şurasında gördüyünüz işlər haqqında nə deyə bilərsiniz?
- Ağsaqqallıq institutunun tarixi çox qədimdir. Belə ki, hələ ibtidai icma quruluşunda icmalara ağsaqqallar rəhbərlik edirdilər. Onda hələ dövlət qurumları olmayan bir vaxtda bütün məsələləri (əkin-biçin, təhlükəsizlik, qonşu icmalarla münasibət və s.) ağsaqqallar həll edirdi. Həmin ağsaqqallıq institutu bu günümüzə qədər gəlib çatmışdır. Ağsaqqallara ən yüksək və layiqli qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir: "Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur”. Bu gün Azərbaycan ağsaqqallarının təmsil edən Respublika Ağsaqqallar Şurasının və onun on minlərlə üzvünün əsas missiyalarından biri və ən önəmlisi bu milli-mənəvi dəyərləri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir. Ümumiyyətlə, o ailə, nəsil, cəmiyyət xoşbəxtdir ki, onun ağsaqqalı var və həmin ağsaqqalın məsləhətinə, nəsihətinə qulaq asılır. Atalarımız, ulularımız ağsaqqal haqqında belə maraqlı kəlamlar deyiblər: " Ağıllı ağsaqqal başdadırsa evin abad olacaq. Ağıl ağsaqqalln ən böyük bəzəyi və var-dövlətidir. Ağıllı ağsaqqalın zənni, cahilin yəqinindən yaxşıdır”.
Ağsaqqalların əsas işi - məsləhət vermək, yol göstərmək, öz həyat təcrübələri və bilikləri əsasında gənclərimizi maarifləndirmək, onlarda dövlətə, vətənə, xalqa sevgini daha da artırmaq, Azərbaycanı sevməyən qüvvələrin təsiri altına düşmələrinə imkan verməmək, əsrin bəlası olan narkomaniyadan və digər zərərli vərdişlərdən, o cümlədən milli mentalitetimizə yad olan bütün ünsürlərdən uzaq olmaları üçün mənəvi və fiziki cəhətdən sağlam həyatı təbliğ etməkdir. Mən də həmişə olduğu kimi bu gün də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq bu işlərin həyata keçirilməsində əlimdən gələni əsirgəmirəm. Fikirləşirəm ki, biz buna nail olacağıq. Gənclərimizi pis vərdişlərdən, pis yollardan çəkindirəcəyik.
- Bu gün Azərbaycan dövlətinin, dövlətçiliyinin, müstəqil respublikamızın daha da inkişaf etməsi üçün ziyalılar hansı işləri görməlidir?
- Hər bir cəmiyyət, ölkə öz ziyalıları ilə tanınır və irəli gedir. Bütün dövrlərdə olduğu kimi bu gün də ziyalılarımız xalqın önündə olmalı, öz ziyaları ilə cəmiyyətin yoluna işıq tutmalı, vətəndaşlarımızı elmə, biliyə, mədəniyyətə, inkişafa, xoşbəxt gələcəyə səsləməli, ruhlandırmalıdırlar.
Unutmayaq ki, süni intellekt əsrində yaşayırıq. Ziyalılarımız da zamanla ayaqlaşmağı bacarmalı, zamanın nəbzini tutmalı, Azərbaycan dövlətinin daha da inkişaf etməsi üçün öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Ziyalı ən böyük şəxsiyyətdir. Onlarla bağlı maraqlı deyimlər var. Əbu Turxan deyib ki, "Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar”. Tur Xander isə deyib: " Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, onları xalqa çatdırmasalar dəli olarlar”.
- 60 illik ömrü arxada qoyan Bayram müəllim keçmiş illəri yada salanda nələrə heyifislənir?
- Keçmiş illəri yada salanda ən çox atamın, anamın, ümumiyyətlə, mənə əziz olan yaxın insanların dünyadan köçməsinə heyifislənirəm. Ulularla, valideynlərlə bağlı ən gözəl kəlamı isə dahi Səməd Vurğun deyib:
-Dünya binasını qoyandan bəri,
De, hansı dahinin xəyal şəhpəri
Ucala bilmişdir barı bir kərə
Ana qəlbindəki sonsuz göylərə?