SON DƏQİQƏ
» » Qaçqınlığın böyük əzablarını yaşayan və yaddan çıxmış qaçqın ailə

Qaçqınlığın böyük əzablarını yaşayan və yaddan çıxmış qaçqın ailə

Tarix:

28-11-2022, 11:32

/ 2 117 dəfə oxundu.
Qaçqınlığın  böyük  əzablarını yaşayan  və   yaddan çıxmış qaçqın ailə

Nəzakət xanım  Cəbrayılova  Sumqayıt şəhər 1 nömrəli xəstəxananın fizeoterapiya şöbəsində işləyir. Təkcə xəstələr tərəfindən yox, həm də xəstəxana rəhbərliyi tərəfindən, əsasən də fiseoterapiya şöbəsinin müdiri, tanınmış həkim Aybəniz həkim  İbrahimova  işçilər  onu öz işinə, xəstələrlə yaxşı rəftarına, onlara böyük diqqət  göstərməsinə  görə  çox  sevirlər.

Qısa arayış: Nəzakət Şamxal  qızı  Cəbrayılova 1977-ci ilin  yanvar ayının 9-da  Qərbi Azərbaycanın Zəngəzur mahalının  Qacaran şəhərində anadan olub. 1980-ci ildə ailələri Sumqayıt şəhərinə köçüb və Nəzakət də məktəbə Sumqayıt şəhərində gedib. Bu şəhərdəki 14 nömrəli orta məktəbdə təhsil alıb. 1995-ci ildə Sumqayıt şəhərindəki Tibb Kollecinə daxil olub. 1997-ci ildə isə həmin kolleci qırmızı diplomla  bitirib. Elə həmin ildən də Sumqayıt şəhərindəki 1 nömrəli Poliklinikda işə düzəlib. Sonra da öz işini 1 nömrəli xəstəxananın fizeoterapiya şöbəsində davam etdirib. Və tibb sahəsinə böyük həvəsi olduğundan hər iki  kollektivdə az bir zamanda böyük uğurlar qazanıb. O, artıq  iyirmi  beşinci ildir ki, tibb sahəsində çalışır. Minlərlə xəstələrin sağalmasında onun böyük xidmətləri olub. Ona görə də xəstələr Nəzakət xanıma çox inanır  və  məhz  belə bacarıqlı tibb bacısının  onları müalicə etməsini istəyirlər.

-Siz təkcə tibb bacısı yox, həm də fizeoterapiya sahəsində də böyük uğurla çalışırsız. Bəs necə oldu ki, siz həm də  fizeoterapiya sahəsində də çalışası oldunuz?

-Mənim tibbə böyük həvəsim olduğuna görə çalışdım ki, bu sahələri də mükəmməl öyrənim. Ona görə də tərif  üçün demirəm. Mən fizeoterapiyanın bütün sahələrini yaxşı bilirəm. Massaj, tibb  aparatları ilə işləmək. Özü də bu sahədə çoxlu kitablar oxuyuram. Dahi Nizaminin bu kəlamı mənim üçün lap uşaqlıq illərimdən ali məqsəd olub: "Kamil bir palançı olsada da insa, Yaxşıdır yarımçıq papaqçlıqdan”. Ona görə də çalışmışam ki, öz sənətimi mükəmməl öyrənim. Çünki tibb işçisi, həkim öz işini mükəmməl bilməlidir. Axı insanlar öz həyatını bizə etibar edirlər.  Biz, onların ümidlərini doğrultmalıyıq.  Xəstənin tibb bacısına, həkimə etibarının, inamının itməsindən dəhşətli şey yoxdur. Dahi İbn Sina da deyib ki, "cahil bir həkim ölüm düşərgəsinin köməkçisidir”.

-Fizeoterapeyanın insan orqanizminə nə xeyiri var?

-Fizeoterapeya insan orqanizmində qan dövranının bərpasına, yaxşılaşmasına, ostioxandrozun götürülməsinə,  travmatik zədələrdən sağalmaqda  çox böyük rol oynayır. Ona  görə də bütün insanlarmıza məsləhətim budur ki, kimyəvi dərmanları qəbul etməkdənsə, ildə iki dəfə fizeoterapiya ilə məşğul olsunlar və onun yaxşı xeyirini görərlər. Mən işlədiyim bu iyirmi beş ildə bunun həmişə şahidi olmuşam. Çox sağ olsun bizim şöbə müdirimiz  Aybəniz xanım İbrahimovanı. O, bizə fizeoterapiyanın bütün sirrlərini böyük səbrlə öyrədir. Mən qətiyyətlə deyə bilərəm ki, Aybəniz həkim bu sahədə respublikamızda  ən böyük mütəxəssislərdən biridir. O,  bu sahədə  böyük məktəbdir.

-Nəzakət xanım siz öz iş yerinizdə belə çalışqan, qoçaq, öz işini yaxşı bildiyinizə görə böyük hörmət sahibisiniz. Amma uzun illərdir ki, sizə Azərbaycan  Dövlət Qanqınlar Komitəsi tərəfindən böyük haqsızlıqlar olunur. Sizin  halalca haqqınız verilmir. Xahiş edirəm bu haqda çoxminli oxucularımıza məlumat  verin. Bu, niyə belədir?

-Mənim həyat yoldaşım   Zəngilandan qaçqın olub. Həmin rayonun Ağalı kəndindəndir. Biz ailə qurub, Sumqayıt şəhərindəki 3 nömrəli orta məktəbin inzibati binasında bir otaqda məskunlaşmışıq. Həmin otaq çox bərbad  bir vəziyyətdədir  və  hətta pəncərəsi də yoxdur. Bir tərəfi taxta diktdi və polu da daşdır. İndi də bərbad vəziyyətdədir. Dəfələrlə  Dövlət Qaçqınlar Komitəsindən gəlib, bizə  deyiblər ki, "siz ev növbəsindəsiniz və  evlər paylananda sizə hökmən ev verəgəyik”. Hətta Qaçqınlar Komitəsinin sədr müavini Eldar Zeynalov özü gəlib bu şəraiti görəndə dedi  ki, "burada insan yaşamaz”. Söz verib ki, "sizə hökmən tezliklə ev verəgəyik”. Amma həmin adam öz sözünün üstündə durmayıb. İki övladım da elə orada dünyaya  gəlib. Həyat yoldaşım   yeddi il bundan qabaq haqq dünyasına qovuşub. İndi mən bir oğlum və bir qızımla həmin dəhşətli şəraiti olan, antisanitariya vəziyyətli otaqda  yaşayırıq. Bütün bunlarla bağlı dəfələrlə yuxarı  təşkilatlara müraciət etsəm də heç vaxt müsbət cavab almamışam.  Hətta Sumqayıt şəhərindəki 12-ci mikroyarondan qaçqınlara verilən evdən mənə də üç otaqlı mənzil verməyə söz versələr də həmin söz elə söz olaraq qaldı. Giley üçün demirəm. Orada elə adamlara mənzillər  verdilər ki, Sumqayıtın bir neçə yerində evləri vardı. Hətta Sumqayıtdakı 24 nömrəli baxçada məskunlaşan və hər cürə şəraiti olanlara da oradan  ev verdilər. Amma bizə isə ev vermədilər. Bəlkə inanmayacaqsız, amma bu həqiqətdir. İndiyə kimi də lazım olan yerlərə müraciət etsəm də hələ heç bir müsbət cavab ala bilmirəm. Çünki yerlərdəki məmurlar ölkə başçısını aldadıb, insanlarımızı ondan narazı salırlar. 44 günlük Vətən müharibəsindən sonra da fikirləşdim ki, Zəngilanın Ağalı kəndində, hansı ki, mənim rəhmətlik həyat yoldaşım da həmin kənddəndir.  Orada evlər tikilməyə başladı. Fikirləşirdim ki, oradan  bizə də  üç otaqlı ev verərlər. Amma bu günə kimi də bizə oradan  ev  vermək əvəzinə yalnız söz verirlər. Axı bizim günahımız nədir? Niyə bizim ailəyə qarşı 1993-cü ildən belə haqsızlıqlar olur?.. Artıq  oğlumun 20 yaşı və qızımın da 17  yaşı  var. Biz hər üçümüz həmin şəraitsiz  otaqda çürüyürük.  Amma bizə bir kömək edən də yoxdur. Nə  Zəngilan rayonunun rəhbərliyi  nə də  Azərbaycan Dövlət Qaçqınlar Komitəsi. Hətta mənim cənab prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya  göndərdiyim şikayət məktublarım Dövlət Qaçqınlar Komitəsinə göndərilsə  də  hələ ki, oradan  bizə cavab verilmir. Hətta qardaşım, Qarabağ qazisi Natiq Cəbrayılovla birlikdə  Dövlət Qaçqınlar Komitəsinin sədri Rövşən Razayevin qəbulunda olmuşam, amma o, mənə heç bir müsbər cavab verməyib. Ona Sumqayıt şəhərindəki 12-ci mikrorayondakı evlərdən bizə niyə verilmədiyini soruşanda  o, susdu və heç bir cavab verə  bilmədi...

Dövlət  Qaçqınlar Komitəsindən Natiq müəllim  Sumqayıta gəlmişdi. O, dedi ki, "mənə siyahı verilib və ən çətin şəraitdə olan qaçqınları siyahıya alıram”. Mən ondan xahiş etdim ki, gəlib bizim ev şəraitimizə də baxsın. Amma o, dedi ki, "siz cəmi üç nəfərsiniz”. Deməli, biz üç nəfər onlar üçün insan sayılmırıq?  Bax, budur onların nadanlığı və yekəxanalığı... Bax, belə yarıtmaz  məmurlardır ölkə başçısına xalqın inamını itirən.

Amma bizə olan bu haqsızlıqlara baxmayaraq, mən övladlarıma lazım olan kimi təhsil vermişəm. Oğlum Yusif Abdullazadə yüksək balla Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasına qəbul olub və 2-ci kursunda  oxuyur. Qızım Nərmin Abdullazadə isə bu  il yüksək balla Azərbaycan Dövlət Universitetinin informasiya təhlükəsizliyi fakültəsinə  daxil olub. Onlar hər ikisi Sumqayıt şəhər 14 nömrəli tam  orta məktəbdə təhsil alıblar. Həmin məktəbin rəhbərliyinə təşəkkürümü bildirirəm ki, onlara orada yüksək təhsil veriblər. Bir şeyə sevinirəm ki, heç olmasa bu çətin şəraitdə övladlarıma lazım olan kimi təhsil verə bilirəm.

-Deməli, aldığınız az məvaciblə, çətin şəraiydə yaşamaqla  bu iki uşağı böyüdübsüz. Elədirmi?

-Bəli. Heç yerdən də heç bir köməyim olmayıb. Biz bütün bu illərdə Dövlət Qaçqınlar Komitəsinin, Zəngilan rayon rəhbərliyinin də həmişə yadından çıxmışıq. Bizə  qaçqınlara verilən heç bir imtiyaz verilməyib. Ən azından övladlarımın yaşaması üçün onlardan dəstək istəmişəm.  Amma heç bir köməklik olunmayıb.  Xalq yazıçısı Çingiz Abdullayev və  adını unutduğum  deputat bir dəfə televizya çıxışlarında dedilər ki, "bu uşaqlar dövlət məmurlarının  yadına düşmür ki, mənim belə övladlarım var. Amma orduya çağrılanda və müharibə olanda  onlar  tez  yada düşürlər”. Dahi Konfutsi deyib ki, "özünə rəva görmədiyin şeyi, başqalarına da rəva görmə”. Mən də Dövlət Qaçqınlar Komitəsinin və Zəngilan rayonunun rəhbərlərinə deyirəm. Əgər siz özünüz və qohumlarınız mənim və övladlarımın yaşadığı bu şəraitdə yaşasaydı  bəs  onda  nə edərdiniz?..

P. S. Nəzakət xanımla apardığım bu müsahibə inanıram ki, Dövlət Qaçqınlar Komitəsini və Zəngilən rayon rəhbərliyini "şirin yuxudan” oyadacaq və onlar heç olmasa bir dəfə fikirləşəcəklər ki, " cənab İlham Əliyevin böyük siyasəti, ağlı və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız geri qayıdıb. Bəs biz niyə xalqı ölkə başçısından belə narazı salırıq?  Niyə biz hər kəsin layiqli haqqını vermək istəmirik?”. Bax, həmin qaçqın ailələrdən birinin dediklərini eşitdiniz. Mən inanıram ki, Qarabağda insanlarımıza evlər veriləndə belə haqsızlıqlar hələ çox olacaq.  Ay məmurlar. Axı doğrudanmı cənab Prezident burada da sizin yanınızda olmalıdır ki, siz hər işi haqq-ədalətlə görəsiniz?..  Doğrudanmı xalqın başına oyunlar gətirən və bu qədər həbs olunan məmurlardan bir görk götürə bilmirsiniz?..

İmam Əlinin belə bir kəlamı var: "Bir kəsin ki, ixtiyar cilovu nəfsin əlindədir, o, ölümə doğru gedir”. Ay, əziz məmurlar. Çalışın nəfsinizi cilovlayıb, kasıblara, arxasızlara da arxa olun ki, Böyük Tanrının nifrətini qazanmayasınız.

Qaçqınlığın  böyük  əzablarını yaşayan  və   yaddan çıxmış qaçqın ailəAğalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi


скачать dle 12.1

Şərhlər