SON DƏQİQƏ
» » Azərbaycan qarmonu üzrə Respublika Müsabiqəsinin yekunlarına dair qeydlər

Azərbaycan qarmonu üzrə Respublika Müsabiqəsinin yekunlarına dair qeydlər

Tarix:

30-11-2022, 21:36

/ 2 251 dəfə oxundu.
Azərbaycan qarmonu üzrə Respublika Müsabiqəsinin   yekunlarına dair qeydlər

  Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki Mədəniyyət Sarayında Azərbaycan qarmonu müsabiqəsi üzrə respublika miqyaslı tədbir həyata keçirilib. Ən maraqlı məqamlardan biri xarici ölkələrin görkəmli qarmon və akkordeon ifaçılarının müsabiqənin təşkilatçısı və iştirakçılarına öz təbriklərini söyləmələri olub. Müsabiqənin təşkilatçısı və fəxri sədri olan görkəmli qarmon ifaçısı, beynəlxalq müsabiqələr laureatı Sübhan Köçərli müsabiqəni açaraq,giriş sözü söyləyib. O, müsabiqənin şərtləri, gedişi, müsabiqə komissiyının üzvləri haqqında ətraflı məlumat verib. Sübhan Köçərli müsabiqə komissiyasının üzvləri - Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bənzərsiz qarmon ifaçısı Zakir Mirzəyev, qarmon ifaçılığı ilə bağlı ilk metodik tövsiyyələrin müəllifi, pedaqogika elmləri doktoru, professor, Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü Fərahim Sadıqov, qarmonun notla ifası üçün ilk tədris vəsaitlərinin müəllifləri, Azərbaycan Respublikasının Əməkdar artisti Sərxan Abiyev, ali təhsilli qarmon ifaçılarının yetişdirilməsində xüsisi xidmətləri olan, ölkəmizdə özünəməxsus qarmon ifaçılığı məktəbi yaradan Aydın Əliyev və qarmon ifaçılığına dair bəstəkar əsərlərinin, eləcə də xalq rəqslərinin, oyun havalarının və bir sıra iri həcmlı əsərlərin not sisteminin hazırlanmasında xüsusi əməyi olan Xeyrulla Dadaşov haqqında lakonik məlumat verib. Sonra Bakı şəhərindən, həmçinin ölkəmizin digər bölgələrindən müsabiqəyə qatılan qarmonçalanlar öz ifalarını təqdim etdilər. Müsabiqənin şərtlərinə görə, münsiflər heyətinin hər bir üzvü qarmon ifaçılarının sağ əllə ifasına, körüklə davranmalarına, sol əllə müşayiətlərinə,texniki imkanlarına və artistizm səviyyələrinə görə qiymətləndirmişlər.  
    Müsabiqənin gedişində münsiflər heyətinin bütün üzvlərinin müsabiqə iştirakçılarına fərdi yanaşmalarını, onlara faydalı məsləhətlər verərkən diqqətəsayan şəkildə səmimiyyət göstərmələrini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi məktəblilərin, tələbələrin hər hansı müsabiqələrdə, konsertlərdə, rəsmi tədbirlərdə iştirakı onlara bir çox hallarda ciddi psixoloji təsir göstərir. Hətta onlardan bəziləri affekt vəziyyətinə düşmüş olurlar. Müsabiqələrdə münsif kimi iştirak edənlərin sadəlik, səmimilik, nikbinlik göstərmələri həm sənətşünaslıq, həm pedaqoji, həm psixoloji, həm sosioloji, həm də fizioloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Ona görə  ki, hər hansı sənət sahəsində bədii yaradıcılıq qabiliyyətləri olanlar müvafiq kollektivlərin mənafeyinə xidmət göstərmiş olurlar. Hansı ki, kollektivlər həm də sosial qruplar kimi fəaliyyət göstərirlər. Sübhan Köçərlinin çalışdığı Mədəniyyət Sarayının bütün işçilərinin bu müsabiqə tədbirinə cəlb edilməsi və hər kəsin öz funksiyasını məsuliyyətlə yerinə yetirməsini müşahidə etdikcə sosial psixologiya mütəxəssislərinin sosial qrupların funksiyalarının  düzgün, obyektiv olaraq təsnif etdiklərinə rəğmən konseptual fikir söyləməli olursan. Avropalı sosial-psixoloq A. N. Smelzer sosial qrupların funksiyalarını aşağıdakı şəkildə təsnif edir.
- Sosializasiya funksiyası;
- İnstrumental funksiya;
- Ekspressiv funksiya;
- Müdafiəedici funksiya.
Sosializasiya funksiyanınməziyyətləri aydındır: şəxsiyyətin sosial təcrübəni mənimsəməsində sosial qrupun rolu həlledicidir. Onun instrumental funksiyası insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsində ifadə olunur.
A.N.Sventsitkinin qeyd etdiyi kimi, fəaliyyətin bir çox növlərinin təklikdə həyata keçirilməsi mümkün deyil. Konveyer briqadası, futbol komandası, xilasedicilər dəstəsi, xoreoqrafik ansambl- bunların hamısı cəmiyyətdə instrumental rol oynayan qruplara misal ola bilər. Bundan başqa, insanın belı qruplarda iştirak etməsi, onu həyatı üçün zəruri olan vasitələrlə təmin edir və ona, A. Maslounun termini ilə desək, özünü reallaşdırmaq imkanı verir.
    Qrupun ekspressiv funksiyası insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunur. Qrup psixoterapiyası bu funksiyanın tətbiqi məsələlərinin dərk olunması zəminində əmələ gəlmişdir.
Qrupun müdafiəedici funksiyasının da əhəmiyyəti böyükdür.
 Əslində bu təsnifat sırasından instrumental funksiya ilə bağlı mülahizə söyləməyə və mühakimə yürütməyə ehtiyac duyulur. Ona görə  ki, Sübhan Köçərlinin çalışdığı Mədəniyyət Sarayının kollektivilə yanaşı onun ailə üzvləri də nümunəvi bir sosial qrup olaraq iştirak edirdilər. Fikrimizcə iştirak edirdilər sözünü xüsusi vurğu ilə deməyə haqlıyıq. Çünki belə deməyə zərurət yaranır. Ona görəki Sübhan Köçərlinin atası başda olmaqla, onun bütün ailə üzvlərinin hər biri sosializasiya funksiyalarına uyğun hərəkət edir vəinstrumental funksiyaların tələblərini gözləyirdilər. Məhz ona görə müsabiqə komissiyasının üzvləri özlərini sərbəst hiss etdikləri üçün, ifaçılar heç bir gərginliklə üzləşmirdilər. Fikrimizi müşahidə etdiyimiz konkret faktlar əsasında da şərh edə bilərik. Məsələn, müsabiqədə münsif kimi iştirak edən, Respublikanın Əməkdar artisti Zakir Mirzəyev özünün bəstələdiyi melodiyaların müsabiqə iştirakçıları tərəfindən ifa olunanda onları səbrlə, təmkinlə dinləyir, yeri gəldikcə rəgbətləndirir, iradlarını isə özünəməxsus təvazökarlıqla təqdim edirdi. Yaxud müsabiqədə münsif qismində fəaliyyət göstərən Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev bəzən öz tövsiyələrini səhnənin yaxınlığına çıxaraq qarmonu düzgün tutmaq, sağ əlin vəziyyətinə düzgün əməl etmək, sol əlin müşayiətçi funksiyasının düzgün yerinə yetirilməsinə diqqət göstərmək kimi tövsiyələrini verir, öz metodik göstərişlərini əyani şəkildə təqdim edirdi. Məhz ona görə də müsabiqəni izləməyə gələn çoxsaylı tamaşaçılar onları sürəkli alqışlarla təqdir edərək rəgbətləndirirdilər. Müsabiqə boyu qarmonda səslənən bəstəkar əsərlərilə yanaşı xalq rəqslərinin, oyun havalarının, həmçinin muğam dəstgahlarımızdan şöbələrin səsləndirilməsi beynəlxalq xarakterli müsabiqəyə, əgər belə demək mümkünsə, qeyri adi estetik görkəm verirdi. Unutmaq olmazki, belə tədbirlər yetişən nəslin nümayəndələrinin estetik bədii zövqlərini, bədii yaradıcılıq qabiliyyətlərini və şəxsiyyətyönümlü inkişafını təmin etmiş olur. Ona görə də belə müsabiqələrin mütəmadi olaraq keçirilməsi çox faydalıdır.
    Onu da əlavə etməliyik ki, bu müsabiqə beynəlxalq qarmon müsabiqəsinin birinci mərhələsi kimi nəzərdə tutulmuşdur. İkinci mərhələdə beynəlxalq miqyasda keçiriləcək müsabiqədə dünyanın ayrı-ayrı ölkələrində yaşayan, fəaliyyət göstərən qarmon ifaçılarının cıxışları dinlənilərək dəyərləndiriləcəkdir. Tədbirlərə belə yanaşma müsabiqə iştirakçılarının estetik bədii zövqlərinin inkişafı ilə yanaşı onların vətənpərvərlik, yurdsevərlik tərbiyəsinin formalaşdırılmasına öz müsbət təsirini göstərmiş olur.
      Müsabiqə ilə bağlı bəzi təkliflərimizi səsləndirmək və bir sıra tövsiyələrimizi vermək istərdik. Birinci tövsiyəmiz odurki müsabiqənin təşkili, keçirilməsi, müsabiqə iştirakçılarına verilən tələblər, hansı qaydaların gözlənilməsi və sair bu kimi göstərişlərin əvvəlcədən elan olunması yaxşı olardı. Əslində belə qayda və göstərişlərin elan olunması üçün geniş imkanlar mövcuddur. Qəzetlərdə, jurnallarda, sosial şəbəkələrdə, televiziya kanallarında belə elanların verilməsi üçün geniş imkanlar vardır. Belə olan təqdirdə müsabiqənin arenası genişlənər, iştirak etmək istəyənlərin sayı daha çox ola bilərdi.
      İkinci tövsiyəmiz ondan ibarətdir ki, gələcəkdə münsiflər heyətilə yanaşı müsabiqənin Fəxri Rəyasət Heyətinin yaradılması faydalı olardı. Xanım qarmon ifaçılarımızın da müsabiqə komissiyasına və Fəxri Rəyasət Heyətinə daxil edilməsi müsabiqənin nüfuzuna müsbət təsir gəstərər. Açığını etiraf etməliyik ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə fəxri adlara layiq görülən xanım qarmon ifaçılarımızın nüfuz qazanmalarının təqdir olunmasına zəruri ehtiyac duyulur.
      Belə müsabiqələrin ilkin mərhələsinin regionlarda, yekun mərhələsinin paytaxtımızda keçirilməsi də yaxşı olar. Çünki respublikamızın ayrı-ayrı regionlarında çox istedadlı qarmon ifaçıları vardır. Belələrinin seçilərək müsabiqənin paytaxtımızda keçirilən final mərhələsinə dəvət edilməsi əsl qaliblərin seçilməsinə və mükafatlandırılmasına düzgün istiqamət vermiş olar. 
Fərahim  SADIQOV,
 Azərbaycan Respublikası üzrə qarmon ifaçılığı
 müsabiqəsinin münsiflər heyətinin üzvü,
 pedaqogika elmlər doktoru, professor

Azərbaycan qarmonu üzrə Respublika Müsabiqəsinin   yekunlarına dair qeydlər

 


скачать dle 12.1

Şərhlər