SON DƏQİQƏ
» » Uşaq ədəbiyyatının yaranmasına və tədrisinə olan müasir tələblər

Uşaq ədəbiyyatının yaranmasına və tədrisinə olan müasir tələblər

Tarix:

17-11-2023, 09:49

/ 2 780 dəfə oxundu.
Uşaq ədəbiyyatının yaranmasına və tədrisinə olan  müasir tələblər

Hər bir xalqın gələcəyi olan yeni nəslin  formalaşmasına təsir edən ən mühüm vasitələrdən biri də  uşaq ədəbiyyatıdır.  Ölkədə, konkret bir tarixi dövrdə mövcud olan, yayılan uşaq ədəbiyyatı  hər bir uşağın həyat haqda ilk təsəvvürlərinin yaranmasında, məktəbəqədər təhsil dövründən başlayaraq  gənclik dövrünə qədər onun estetik zövqünün, vətənpərvərlik  hisslərinin, dünyagörüşünün yaranmasında  mühüm rol oynayır. Ona görə də hər bir dövrdə, o dövrün tələblərinə cavab verən yüksək səviyyəli   uşaq ədəbiyyatının yaranması, onun tədris olunması ədəbiyyatımızın, təhsil sistemimizin qarşısında duran olduqca mühüm vəzifələrdən biridir.

Təqdim olunan məqalədə əsas məqsəd indiki dövrdə ölkəmizdə uşaq ədəbiyyatının yaranması, tədrisi ilə bağlı bir sıra məsələlərə daha çox diqqət yetirilməsi vacibliyi barədə danışmaqdır.
Müasir tibb elminin tamamilə əsaslandırdığı kimi, uşaq hələ ana bətnində olarkən anasının ona oxuduğu şeirlərin, nağılların, hekayətlərin o körpənin  formalaşmasına təsiri olur. Bu, bədii ədəbiyyat nümunələrinin ritminin, ovqatının anada yaratdığı əhval ruhiyyə, psixoloji vəziyyət impulitiv olaraq onun bətnindəki körpəyə ötürülür. Uşağın psixoloji vəziyyətinin, fitrətinin xarakterinə təsir edir. Həmin uşaqda o, hələ dünyaya  gəlməzdən əvvəl müəyyən komplekslər, xarakterik xüsusiyyətlər yaradır. Uşaq dünyaya  gəldikdən sonra ananın onun beşiyi başında oxuduğu laylalar, zümzümə etdiyi mahnılar, uşaqla etdiyi “söhbətlərin” məzmunu həmin prosesi davam etdirir. Ona görə də indiki dövrdə uşaq ədəbiyyatının yaradılması sahəsində bu məsələlərə də xüsusi diqqət verilməlidir. Anaların bu məqsədlə  həvəslə istifadə edə biləcəyi ədəbiyyat nümunələri yaradılmasına böyük ehtiyac vardır. Bu ədəbiyyat nümunələri həm də ananın özünün analıqla bağlı təsəvvürlərinin düşüncələrinin, dünyagörüşünün inkişafına da kömək edə bilən şəkildə yaradılarsa daha əhəmiyyətli olar.
Sonrakı dövr üçün yaranan uşaq ədəbiyyatı elə olmalıdır ki, ondan həm valideyinlər istifadə  edə bilsin, həm də müxtəllif pillədə olan təhsil müəssisələri. Bu sahədə ölkəmizin olduqca əhəmiyyətli bir təcrübə vardır. Bir vaxtlar Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin, Abdulla Şaiqin, Mikayıl Müşfiqin,  Mikayıl Rzaquluzadənin, Rəsul Rzanın və  başqalarının yaratdıqları uşaq ədəbiyyatı nümunələrini göstərmək olar. Həmin nümunələrdən həm valideyinlər çox həvəslə istifadə edirilər, həm də onlardan dərsliklərin hazırlanmasında, tədris prosesində geniş istifadə edilirdi. Həmin nümunələr öz sadəliyi, maraqlı məzmunu, melodik dili, lakonikliyi ilə seçilirdi. Uşaqlarla bərabər valideyinlərin də estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayırdı.
Fikrimizcə, indi bu ənənələr dövrün tələblərini, məzmununu, başqa xalqların təcrübəsini də  nəzərə almaqla  davam etdirilməli, gözəl nümunələr yaradılmalıdır.  Bu ədəbi nümunələrin yaradılmasında ilk növbədə aşağıdakıların nəzərə alınmasına böyük ehtiyac vardır:
Yeni yaranan  uşaq ədəbiyyatı mənəvi, əxlaqi dəyərlərin daha çox təbliğ edilməsinə çalışmalıdır. Bütün tarixi təcrübə, müdrik insanların fikirləri, xalqımızın mədəniyyətinin, mənəviyyatının əsas prinsipləri bunu tələb edir. Şərq mədəniyyəti, türk mədəniyyəti bunu tələb edir. Mənəvi dəyərlərə üstünlük verən yeni nəsl daha vətənpərvər, daha çalışqan, daha təəssübkeş, davranışlarında daha  mədəni olurlar. Əksinə, bu dəyərlər arxa plana keçdikdə sadaladığımız  keyfiyyətlər də zəifləmiş olur.
Uşaq ədəbiyyatımız vətənpərvər ruhda yaranmalıdır. Yer üzündə indi gedən proseslər bu məsələlərə diqqətin daha çox artırılmasını tələb edir. Təəssüf ki, xalqımız son əsrlər xeyli haqsızlığa məruz qalmış, torpaqlarının xeyli hissəsini itirmişdir. Qonşuluğumuzda olan nankorlar öz xəstə niyyətləri ilə düşmənçilik fəaliyyətlərini davam etdirirlər. Yeni nəslimizin vətənpərvər olması düşmənçilik edənlərin bu niyyətlərinin qarşısının alınması  üçün  olduqca vacibdir. Amma  təbii ki, bu vətənpərvərlik olduqca mütərəqqi olmalı, bütün yer üzünün tərəqqisinə, sülhün yaranmasına kömək edə bilən, öz torpaqlarını göz bəbəyi kimi qoruya bilən bir vətənpərvərlik olmalıdır. Faşizmdən, ermənilikdən uzaq, işıqlı, parlaq bir vətənpərvərlik. Çox yaxşı ki, bu sahədə də gözəl təcrübəmiz var. İşğal edilmiş torpaqlarımızı qaytarmaq uğrunda 1990 – cı illərdə gedən birinci Qarabağ müharibəsində,  2020-ci ildəki 44 günlük müharibədə gənclərimizin bu sahədəki təqdir olunası keyfiyyətləri üzə çıxdı. Qarşı tərəfdə on minlərlə fərari olduğu halda bizim bir fərarimiz də olmadı. Gənclərimiz tarix yazdı. Torpaqlarımızın hamısını geri aldıq. Qeyd etmək lazımdır ki, gənclərimizdə bu keyfiyyətin formalaşmasında xalqımızın adət-ənənələrinin, valideyinlərin, müəllimlərin böyük rolu oldu. Yeni yaranan uşaq ədəbiyyatı da bu sahədə daha geniş fəaliyyət göstərməyə borcludur. Amma təəssüf  ki, indiki zamanda bu sahədəki işlərimiz lazımi qədər qənaətbəxş deyil. Bəzən satışa çıxarılmış kitablarda, mahnı mətnlərində, hətta dərsliklərdə belə  olduqca yararsız  şeirlər, nəsr nümunələri özünə yer tapır.
Yeni yaranan uşaq ədəbiyyatı yeni nəslin müasir tələblərə uyğun yeni dünyagörüşünün formalaşmasında çox mühüm rol oynamalıdır. İndiki dövr 30-50-100 il bundan qabaqkı dövr deyldir. Həmin dövrlərdə yaranmış uşaq ədəbiyyatının aşıladığı dünyagörüşü başqa idi. İndiki dövrün uşaqlarının dünyagörüşünün formalaşmasında yalnız əvvəlki  dövrlərdə yaranmış ədəbi nümunələr tipli ədəbi əsərlərdən istifadə etmək düzgün olmazdı. Bu internet əsrində, qloballaşmanın sürətləndiyi dövrdə uşaqların dünyagörüşü yeni prinsiplərlə formalaşdırlmalıdır. Bizim uşaqların dünyagörüşü Amerikanın, Avropa ölkələrinin, inkişaf edən digər ölkələrin dünyagörüşündən aşağı olmasına yol verə bilmərik. Yaranmış yeni ədəbiyyat həm xalqımızın mədəni potensialının hərəkətə gəlməsinə kömək etməlidir, həm uşaqlara təbiəti sevdirməlidir, həm də müasir texnikanın həyatımıza gətirdiyi atributları. Bu ədəbi nümunələr uşaqda dağlar, meşələr, çaylar, heyvanlar, quşlar barədə aydın təsəvvür, valideyinlərə, insanlara  qarşı məhəbbət hissləri yaratmaqla bərabər, həm də internet, robototexnika, ekologiya, müasir musiqi, mütərəqqi dini dünyagörüşü,  biznes təfəkkürü və s. barədə də məlumatlar verə bilməlidir.
İndi yaranan uşaq ədəbiyyatı yeni nəslin estetik zövqünün, yüksək mədəniyyətinin formalaşmasına da kömək etməlidir. Çox təəssüf ki, indiki uşaqlar tez-tez zövqsüz, aşağı səviyyəli ədəbi nümunilərinin təsiri altına düşür. Onların bir çoxu  meyxana janrında uğursuz səviyyədə yazılmış,  kobud şəkildə qafiyələnmiş şeirlərin, məcara xarakterli, kriminal aləmi təsvir edən  hekayətlərin , mövhumat xarakterli, cəhalət aşılayan  insanların əhatəsinə düşür. Bu mühit onlarda arzu edilməyən davranış formalaşdırır. İndi küçədə, avtobusda, digər ictimai yerlərdə öz xoşagəlməz davranışları ilə seçilməkdən zövq alan  xeyli yeniyetməyə rast gəlirik. Əgər uşaq ədəbiyyatımız arzu olunan şəkildə yaransa, tədris edilsə, belə halların qarşısı xeyli dərəcədə alına bilər. Uşaq ədəbiyyatının yüksək səviyyədə yaranması, yüksək səviyyəli uşaq mahnılarının da yaranmasına kömək olar. Bu isə uşaqlarda musiqi zövqünün formalaşmasına xeyli kömək edər.
Uşaq ədəbiyyatı yeni nəslin fiziki sağlamlığının yaxşılaşmasına, onların sağlamlıq, qida mədəniyyətinin formalaşmasına, onlarda əməyə yaradıcı münasibət təlabatının artmasına kömək etməlidir. Xüsusi elmi ədəbiyyatda əhatəli şəkildə əsaslandırıldığı kimi, bu xüsusiyyətlər yeni nəslin daha keyfiyyətli olmasına kömək edir. Bu keyfiyyətlər aşılanan yeni nəsl ölkənin, bütün yer üzünün tərəqqisi üçün daha ciddi şəkildə kömək edir.
Təbii ki, yaranmaqda olan uşaq ədəbiyyatında bir sıra başqa keyfiyyətlərin də olmasından danışmaq olar. Bu məqalə bu istiqamətdə müzakirələr aparılmasına da kömək edə bilər.
Eyni zamanda ,indiki dövrdə uşaq ədəbiyyatının tədrisi məsələlərinə də ciddi fikir verilməlidir. Aydındır ki, dediyimiz keyfiyyətlərə malik olan olduqca gözəl ədəbi nümunələr yaranması məsələnin bir tərəfidir.  Belə ədəbi nümunələr həm də yüksək səviyyədə tədris edilməlidir. Böyük təəssüf hissi ilə demək lazım gəlir ki, indiki vaxtda uşaq ədəbiyyatının tədrisi sahəsində də xeyli problərimiz də vardır. Bir çox hallarda müəllimlər sadəcə  şeirləri əzbərlətməyə, nağılları, nəsr nümunələrini də əzbərçi halda öyrətməyə üstünlük verirlər. Bu isə uşaqlarda əzbərçiliyə vərdişləri artırır. Halbuki, uşaq ədəbiyyatı istər orta məktəblərdə, istərsə də ali və orta ixtisas təhsil müəssisələrində daha yaradıcı şəkildə öyrədilə bilər. Bu, yeni nəsldə yaradıcılıq keyfiyyətlərini inkişaf etdirər. Müəllim hər bir şeirdən, nağıldan, nəsr nümunələrindən istifadə edərək, təhsil alanların dünyagörüşü üçün əhəmiyyətli olan hadisələrdən danışar, öyrədilən ədəbi nümunəni təhlil etməyi öyrədə bilər. Hər  şeirin hər bəndini təhlil etməyə, mənasını dərindən başa düşməyə çalışan müəllim uşaqda yaradıcılıq təfəkkürünü, yaradıcılıq vərdişlərini xeyli inkişaf etdirə bilər. Əslində elə təhsil sistemi, müəllim buna borcludur. Yalnız bu tələblərə əməl etdikdə yeni nəslin formalaşmasında daha müsbət rol oynaya bilər.
İndiki vaxtda uşaq ədəbiyyatının yaradılmasında, tədris edilməsində qarşıda çox mühüm vəzifələr dayanır. Təqdim edilən məqalə bu vəzifələrin daha konkret şəkildə formalaşması üçün müzakirələrin açılması üçün faydalı ola bilər.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi
filoloq Mehranə Vəliqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ