SON DƏQİQƏ

SƏRÇƏNİN DƏ ALLAHI VAR

Tarix:

18-04-2023, 10:25

/ 2 945 dəfə oxundu.
SƏRÇƏNİN  DƏ  ALLAHI  VAR

                                                        AĞALAR  İDRİSOĞLU

                                              (Pritça)

Bu maraqlı əhvalatı, rəvayəti mənə, artıq hər şeyə böyük maraq göstərdiyim yeniyetməlik illərimdə atam danışıb. O vaxtdan çoxlu aylar, illər ötüb. Dünyanı lərzəyə salan böyük tarixi hadisələr, faciələr baş verib... Həmin hadisələrin, faciələrin bəzilərini yaddan çıxarsam da, amma atamın danışdığı bu rəvayət çox maraqlı olduğuna görə, yaddaşıma əbədilik hopub və yaddaşımın ən dərin qatlarına yazılıb.

Bu rəvayəti də yəqin ki, ona da atası, atasına da babası danışıb. Beləliklə, bu rəvayət bir həyat məktəbi, bir həyat dərsi kimi nəsildən-nəsilə ötürülüb...

Beləliklə, bu rəvayət uzun illərdi ki, bizim ailədə hamı tərəfindən qəbul olunmuş, bəyənilmiş bir nəsihət, vəsiyyətdi. Çünki bu əhvalatı, bu rəvayəti mən də öz övladlarıma, nəvələrimə danışmışam. Hətta nəvələrim də artıq bu əhvalatı, bu rəvayəti yaxşı bilirlər və məktəbdə öz sinif yoldaşlarına danışırlar..

Ən maraqlısı budur ki, nəsillər dəyişsə də, illər, əsrlər bir-birini əvəz eləsə də bu rəvayət heç vaxt köhnəlmir və inanıram ki, həmişə müasirliyini də qoruyub saxlayacaq. Yəqin ki, insanlar nə qədər  Yer üzündə yaşayır, bu rəvayət də həmişə müasir olacaq. Nə qədər ki, haqq-ədalət bərqərar olmayıb, bu rəvayəti eşidənlər tərəfindən həmişə yəqin ki, maraqla qarşılanacaq. Və insanlar tərəfində bir-birinə ötürüləcək. Təki insanlar bu rəvayəti eşitsin, dərk eləsin, ibrət götürsün və yaddaşlarına köçürsünlər...

... Hə, əzizlərim, belə rəvayət eləyirlər ki, dağlıq, qayalıq bir yerdə, kiçik talada yalnız bir uca, qollu-budaqlı ağac varmış. Həmin ağacın dibindən isə suyu dupduru böyük bir bulaq, yerin dərin qatlarından çıxaraq, özünə kiçik cığır açaraq, qayaların arasından iti surətlə dərəyə tökülürmuş. Bulağın axdığı həmin cığırın ətrafı, müalicə əhəmiyyətli  yaşıl otlarla, gül-çiçəklə qayalığa xüsusi bir gözəllik, yaraşıq verirmiş. Bu gözəlliyin, yaraşığın şah əsəri isə qollu-budaqlı, əsrləri yola salan həmin yalnız ağacmış. İlin bütün fəsillərində həmişə yamyaşıl olan bu ağaca haradansa uçub gələn quşlar qonsa  da, yalnız  bir sərçə bu qollu-budaqlı ağacı özünə doğma yurd yeri seçərək, yuva qurubmuş. Sərçə qurduğu yuvaya yumurtalar qoyur və bala çıxartmaq istəyirmiş. Hər dəfə də bu bulaqdan su içməyə gələn nəhəng Fil, bulağın suyundan içəndən sonra belini ağaca sürtürmüş ki, belinin, bədəninin qaşınan yerlərini sakitləşdirsin. Amma Filin  gücü çox olduğundan və özünü ağaca möhkəm sürtdüyündən, nəhəng ağac silkələnir və Sərçənin yuvası uçub yerə düşür, oradakı yumurtalar sınırmış. Sərçə də öz dilində deyinə-deyinə, ah-nalə qopararaq, yenidən özünə yuva qurur və yumurtalar qoyurmış ki, heç olmasa bir dəfə bala çıxara bilsin. Ayda ən azı bir dəfə bu bulaqdan su içməyə gələn Fil də, hər dəfə ağaca sürtünəndə, Sərçənin bala çıxartmaq ümidlərini, arzularını  puç  eləyirmiş...

Beləliklə, hər dəfə yuvası dağılan, yumurtaları sınan Sərçə vay-şivən eləyir və Filə yalvarırmış ki, heç olmasa ona bir dəfə imkan versin, bala çıxarıb, öz kamına, öz arzusuna, istəyinə yetişsin. Sərçənin bu yalvarışlarını, vay-şivənini eşidən Fil, onun bu hərəkətlərinə gülüb, lovğa-lovğa deyirmiş:

- Pah!.. Guya sənin də balaların olsa dünya düzələcək? Sən kimsən ki? Bapbalaca sərçəsən də. Sənin yaşamağınla, balalar çıxartmağınla bu geniş, nəhəng dünya nə xeyir görəcək? Nə qazanacaq? Heç nə. Bax mən Filəm. Nəhəngəm. Güclüyəm. Onu da bil ki, dünya güclülərin dünyasıdı, sənin kimi gücsüz sərçələrin yox. Dünyanı həmişə fil kimi güclülər, nəhənglər idarə eləyir. Sənin kimi törtöküntülər bu dünyada heç kimə, heç nəyə lazım deyilsiz. Ona görə elə sizlərin nəsli kəsilsə daha yaxşıdı. Çünki  Yer kürrəsi də sizin kimi törtöküntülərdən bir qədər dincələr. Rahatlaşar... Təbiətdə bu qədər hadisələr baş verməz...

-  Axı nə olsun ki, dünyanı güclülər idarə eləyir?  Məgər biz gücsüzlərin, sərçələrin Allahı yoxdur? Əgər siz varsınızsa biz gücsüzlər bu yer üzündə yaşamamalıyıq? Bizim yaşamağa, öz nəslimizi artırmağa haqqımız yoxdur? - deyə, Sərçə qayaların, daşların üstünə düşüb sınmış yumurtalarına yazıq-yazıq baxıb, ağlayırmış.

- Yox! Yaşamamalısız! Hələ çox çəm-xəm eləsən, sənin özünü də ayağımın altına salıb, tapdalayaram, - deyə, Fil ona sərt cavab verib,  özündən razı halda  oradan uzaqlaşırmış.

Uçmuş yuvasına, sınmış yumurtalarına baxan Sərçə yenidən ah-vay eləyə-eləyə özünə yuva qururmuş ki, bəlkə Filin ürəyinə bir Allah xofu, Tanrı mehri gələr və onun yuvasını daha uçurmaz. Amma nə Sərçə öz ümidlərindən dönmür, nə də Fil özünün bəd  əməllərindən əl çəkmirmiş. Artıq cana doyan, arzuları puç olan, əli hər şeydən üzülən və bala çıxarmaq ümidi ilə  gecə-gündüz yaşayan Sərçə belə qərara gəlir ki, bu işə bir son qoysun. Bir əncam çəksin. Axı ölmək-ölməkdirsə, bəs xırıldamaq nə deməkdi? Məgər doğrudanmı Fil haqlıdı? Doğrudanmı onun hegemonluğuna, mənəm-mənəmliyinə, özündən müşdəbehliyinə  son qoymaq olmaz?

O, uçub quşların padşahı Qartalın yanına gəlir və hər dəfə başına gələn qəmli, faciəli əhvalatı olduğu kimi ona danışır. Sərəçəyə diqqətlə qulaq asan, həmişə haqqı, haqq işi, haqq əməli müdafiə eləyən Qartal, Filin bu əməlinə, bu qəddarlığına çox qeyzlənir və sağsağanların başçısını yanına çağırıb deyir:

-  Fil artıq ağlını itirib. İndi də biz quşları məhv eləmək istəyir.  Amma  biz imkan vermərik. Tez ol, iki yüz sağsağan topla! Qoy onlar uçub getsinlər və görsünlər ki, Fil harada yatıb, ona hücum eləyib, gözlərini didib, kor eləsinlər! Ondan sonra Fil başa düşər ki, bu gen dünya təkcə fillərin yox, həm də sərçələrindi. Axı filləri yaradan  qadir, gözəl Allah sərçələri də yaradıb. Onlara da imkan verib ki, bu  Yer kürrəsində yaşasınlar. Deməli, Böyük Yaradan həm də sərçələrin Allahıdı.

-  Oldu əlahəzrət Qartal. Sizin əmriniz bizimçün qanundur,- deyə sağsağanların başçısı tez iki yüz sağsağan toplayıb, onlara əmr eləyir ki, gedib Fili tapsınlar və Qartalın əmrini təcili  yerinə yetirsinlər.

Sağsağanlar, Sərçəylə birlikdə uçub Fili axtarmağa gedirlər. Sərçə görür ki, Fil bir qayının yanında yatıb, özünü günə verir. Sərçə, sağsağanlara onu göstərir. İki yüz sağsağan birlikdə qeyzlə Filə hücum eləyib, ona heç yerindən durmağa belə imkan verməyib, hər iki gözünü dimdikləri ilə deşib, yekəpər, özündən razı Fili kor eləyirlər. Gözləri kor olan, işıqlı dünya ona zil qaranlığa çevrilən Filin, gözlərindən axan qan, xortumundan yerə tökülür. O, ah-vay eləyir. Öz-özünə fikirləşir: "Axı mən, kimə nə pislik eləmişəm ki, başıma belə bir faciəni gətirdilər?.. Məni kor eləyib, işıqlı dünyaya baxmağa həsrət qoydular?”. Amma  Fil, bu suallara heç bir cavab tapa  bilmir. O, həm də bir şeyə təəccüb eləyir ki, onun kimi güclü, heyvanların onu görəndə qorxudan zağ-zağ əsdiyi vaxtda axı adicə sağsağanlar kimə güvənib, necə cəsarət eləyib, ona hücüm eləyiblər və hətta onun gözlərini də çıxarıblar. Doğrudanmı  Yer kürrəsində ondan da güclülər var?..

Filin kor olmasından ürəyi soyumayan Sərçə, fikirləşir ki, bu qəddardan, nadandan, vəhşidən uçan yuvasının, sınan yumurtalarının, Filin ayaqladığı ətçə balalarının hayıfını indi neçə alsın? Onu birdəfəlik məhv eləməkçün daha nə eləsin?

Bir müddət fikirləşir, dağı-arana, aranı-dağa aparır və axırda istədiyini tapır. Beyninə, yeni bir fikir gəlir... Sərçə uçub, qurbağaların padışahı Timsahın yanına gəlir. Filin onun başına gətirdiyi faciəli, qəmli hadisəni Timsaha da danışır... Ağlayır. Vay-şivən eləyir. Sərçənin başına gələn bu faciəli hadisədən Timsahın ürəyinə bir mehr qonur və fikirləşir ki, ona hökmən kömək eləmək lazımdı. Qoy bu hadisə ağlı olmayan, özündən müştəbehlərə, dünyada "mənəm-mənəm” deyənlərə bir dərs olsun. O, qurbağaların başçısını yanına çağırıb əmr eləyir:

- Tez yüz qurbağa toparla və atdana-atdana gedin, harada Fil yatıb, onun yanına. Qalanını Sərçə özü sizə başa salacaq nə eləmək lazımdı. Allahını tanımayan, gücsüzlərə zülm eləyən Filə biz, öz gücümüzü göstərməliyik! Qoy bu, bütün güclülərə layiqli bir dərs olsun ki, daha bundan sonra gücsüzləri incitməsinlər.

Hə, əzizlərim. Qurbağalar atıla-atıla və Sərçə də uçu-uça Filin uzandığı yerə gəlirlər. Səçrə qurbağaları başa salır və deyir:

- İki-iki düzülün və lap axırıncılar da qayanın başında, uçurumun yanında oturun. Fil artıq susayıb. Su içmək istəyir. Susuzluq ona çox güc gəlib. Amma kör olduğundan bilmir hansı tərəfə getsin. Ona görə də ilk əvvəl onun yanında oturan qurbağalar quruldasın. Fil ayağa durub su axtaracaq. Elə biləcək ki, qurbağaların yanında su var. Orada su tapa bilməyəndə ondan qabaqdakılar quruldasın. Beləcə, siz quruldadıqca Fil, su axtara-axtara düz qayanın başına qədər gələcək və həmin vaxt da qayanın başındakı qurbağalar quruldasın. Daha sonrası ilə sizin işiniz yoxdur.

Qurbağalar cani-dillə Sərçənin arzusunu yerinə yetirirlər. Hər qurbağa quruldadıqca, su içmək həvəsi ilə irəli gedən kor Fil, düz qayanın başına qədər gəlir. Axırıncı qurbağalar quruldayanda, su içmək ümidi ilə Fil, ayağını və xortumunu qabağa uzadanda, gurultu ilə qayadan çox dərin bir sıldırımlı uçuruma düşür və qol-qabırğası tamam şil-küt olur. O, artıq can verməyə, axır nəfəsini almağa, ömrünün son anlarını yaşamağa başlayır. Allaha yalvarır ki, onu öldürməsin. Kor olsa da təki yaşasın. Çünki Fil, artıq indi başa düşür ki, həyat, yaşamaq necə şirin şeydi...

Axı Yer üzündəki canlıların çoxu, həyatın gözəlliyini ömürlərinin son anlarında başa düşürlər və əfsus ki, onda da gec olur... Çox gec olur...

Bu vaxt Sərçə uçub, gəlib bir daşın üstündə oturur və can verən, axır nəfəsini alan Filə deyir:

- Fil, necəsən?

Səsindən Sərçəni tanıyan Fil, axır nəfsini toplayıb deyir:

- Sərçə bağışla ki, mən axmaqlıq, nadanlıq, vəhşilik  eləyib, sənə pislik elədim və Allah da məni belə cəzalandırdı. Əgər sən mənim günahımdan keçsən, yəqin ki, Allah mənə rəhm eləyər və məni öldürməz.

- Axı mən səni necə bağışlayım, ay Fil? Sən mənim çox çətinliklə düzəltdiyim yuvamı gör neçə dəfə dağıtmısan? Orada olan yumurtaları sındırmısan. Təzəcə çıxan ətcə, fidan balalarımı ayaqlarınla əzib, öldürmüsən. Əgər mən səni bağışlasam da, o fidan, yumurtadan təzəcə çıxmış balalarım sənin kimi qəddarı  heç vaxt bağışlamazlar. Axı  Yer kürrəsinə gələn hər bir canlının lazım olan qədər yaşamağa haqqı var… Yadındamı, sənə deyirdim ki, imkan ver mən də arzuma çatım? Qoy mən də öz balalarımı pərvazlandırıb, budaqdan-budağa uçura  bilim. Mən də onlardan bir fərəh duyub, qürrələnə bilim. Sən isə gülüb deyirdin ki, "sərçə kimdi ki, hələ Yer üzündə yaşasın? Dünya güclülərindi. Allah dünyanı güclülərçün yaradıb ki, Yer üzündə yalnız onlar yaşayıb və ağalıq eləsinlər. Gücsüzlər isə ölməlidi. Onların yaşamağa haqqı yoxdur”. Amma sən heç cür başa düşə bilmirdin ki, Allah həm də gücsüzlərin Allahıdır. Başa düşə bilmirdin və dərk eləyə bilmirdin ki, əgər Allah gücsüzləri də yaradıbsa, onları da xəlq eləyibsə, onlara da köməklik eləyəcək ki, güclülərin qəzəbinə tuş gəlməsinlər. Ona görə də bil ki, Sərçənin də Allahı var. Sənin başına da bu oyunları mən Sərçə gətirmişəm! Əlbəttə, bu müqəddəs işdə mənə Allahım necə lazımsa köməklik eləyib. Yol göstərib. Ağıl verib. Mənə köməklik eləyənlərin də ürəyinə mehr, istək salıb. İndi bax,  bu iş, bu  əməl, bundan sonra sənin kimi ağılsız, özündən müştəbeh, nadan güclülərə bir dərs olacaq. Onlar bundan sonra biləcəklər ki, gücsüzləri incitmək, onları öldürmək, məhv eləmək olmaz. Çünki gücsüzlərin də Allahı var. Yer üzündə yaşayan hər bir canlının və hər bir cansızın yaradıcısı Böyük Yaradandı. Onun yaratdığını öldürmək, məhv eləmək istəyənləri isə  Uca Tanrı gec-tez cəzalandırır... Bu, tarixlər boyu sübut olunmuş bir həqiqətdi… Həyat həqiqəti…

Sərçənin bu sözlərini eşidən Fil, necə böyük səhv elədiyini indi başa düşdü. Amma, artıq  gec idi. O, sonuncu nəfəsini alıb  və canını tapşırdı...

Filin öldüyünü görən Sərçə, uçub həmin ağacın yanına gəldi. Ağacın ən uca yerinə qonub, ətrafı qalib kimi seyr elədi. Sonra gecə-gündüz çalışaraq, yerdən çör-çöp yığıb, tez bir vaxtda  özü üçün yenidən yuva düzəltdi. Və ora yumurtalar qoyub, balalar çıxartdı...

Beləliklə, Sərçə də öz arzusuna, öz kamına çatdı. Qısa bir vaxtda onun çıxartdığı balalar özləri də böyüyüb, balalar çıxartdılar...

Sərçə ilə Filin əhvalatı buradakı bütün canlılar arasında yayıldığından və Filin taleyini daha heç bir canlı yaşamaq istəmədiyindən, sərçə kimi gücsüzlərə bundan sonra heç kim dəyib-dolaşmadı. Tezliklə, bu qollu-budaqlı ağacda çoxlu sərçə yuvaları quruldu...

Uzaqdan bu qollu-budaqlı ağaca baxanda ibtidai insanların qayalarda məskən saldığı oyuqları, mağaraları, yurd  yerlərini xatırladırdı bu qollu-budaqlı ağac...

Beləliklə, bu rəvayət də nəsillərdən-nəsillərə keçərək, əsrdən-əsrə ötürülüb və gücsüzləri güclülərdən qorumaqçün bir nəsihət, vəsiyyət  oldu. ..

Amma belə dərin məzmunlu nəsihət, gücsüzləri güclülərdən qoruya bilirmi? Əfsus ki, hələ də yox. Hələ də güclülər  Yer üzündə gücsüzləri əzir, müharibələr törədir, qanlar tökürlər. Yəqin ki, həmin güclülər bu rəvayəti bilmirlər... Onlar bilmirlər ki, gücsüzlərin də Allahı var. Gec-tez  onların Allahı həmin güclülərin cəzasını verəcək. Hökmən verəcək! Mən də buna inanıram. Və fikirləşirəm ki, həyat belə davam eləyə bilməyəcək. Belə davam eləyə  bilməz... Əgər belə olsa dünya məhvərindən çıxar. Yer kürrəsini fəlakətlər, xəstəliklər başına götürər… Necə ki, tarixlər, əsirlər, qərinələr  boyu belə olub… Çoxlu insanlar, canlılar məhv olub… Bunu görən və sağ qalanlarda  bir Allah xohfu, bir mərhəmət yaranıb. Hamı çalışıb ki, bir-birinə köməklik eləsin. Bax, bundan sonra  insanlar, canlılar arasında bir mehribançlıq yaranıb. Amma, amma indi uzun illərdir ki, insanlar, canlılar həyatdakı bütün müqəddəslikləri, təmiz, ülvi hissləri  unudublar… Güclülər yenidən gücsüzləri əzir, məhv eləyir…

Deməli, həmin güclülər  indi də dərk eləyə bilmirlər ki,  zaman-zaman gücsüzlərin Allahı,  onların hayıfını güclülərdən alıb və yenə də alacaq. Sadəcə, sadəcə  hər şeyin zamana ehtiyacı var... Bəli, bəli. Zamana ehtiyacı var… Zaman isə həyatda hər şeyi yoluna qoyan  bir nəhrdir.

 

                                                                  Sumqayıt şəhəri

                                           Yazıya köçürüldü 29-30 noyabr 2009-cu ildə

 

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ