SON DƏQİQƏ

Nərimanov: "Paşam, biz qardaşıq..."- Cavid İsmayıl yazır

Tarix:4-04-2023, 13:05 Oxunub:2 666

Əfəndilər
Vətənimiz dörd bir tərəfdən tarixi sınaq içində olduğu zaman mənfur düşmən hiyləsi yenə cəmiyyətimizdə bəzi tirələr yaratmağa nail olur.
Bəziləri bilərəkdən,  bir çoxu bilməyərəkdən yenə də "qonşudan qalma geri” taktikasına sadiq qalaraq "məndə bir cümlə yazım, layklasınlar” deyə klaviatura üzərinə şığıyaraq,  sosial şəbəkələrdə "fırtına” əsidirir. 
Vətənin növbəti sınaq dövründə xalqın və dövlətin hesabına yeddi arxa dönəninə bütün rahat həyat komfortunu ələ keçirən  bəzi  "ziyalılar” yenə də susur və riyakar xislətlərinə sadiq olaraq pusqudadırlar. Belələri, hərdən ciblərində rəhbərin ad, soyad yeri də yazılıb pozmaqdan nimdaş, iy verən, saralmış vərəqi çıxararaq tərif yazısına nəzər salır və ehmalca qatlayaraq ciblərinə qoyub növbəti "tarixi” günlərinin gözləyirlər. Belələri üçün nə Vətən, nə xalq, nə də ki dövlət müqəddəsliyi var. Bu həyat yaşamlarından nə özləri, nə də ki, onlardan törəyənlər utanmır ki, utanmır. Nə isə…
Nəriman Nərimanov.
Mənim üçün ən vacib olan məqamı bir daha diqqətə gətirməyi özümə borc bildim.
Yenə də Türkün sınaq dövrü. Tarixi burulğan yenə öz işində idi. Düşmənlər iş başında türkə tələlər qurur, bizim cahillər "kapitansız gəmidə” küləyin təsiri ilə o yana bu yana sürüklənir, milli satqınlar Vətənə xəyanət edir, Vətən sevdalılarının  bir parça çörəyə möhtac olsalar da, əyinlərinə kəfən geyinərək Vətən savaşına qalxdığı XX əsrin əvvəllərindəki  bəzi kiçik epizodlara nəzər salaq.
Bəli, Nərimanov bolşevik idi. O, Vətənin inkişafının (illər sonra təəssüflənsə də) sosializm yolu ilə var olmasına inanırdı.
Bəli, həmin dönəm çox mürəkkəb və həddindən artıq qarışıq bir dövr idi. Yenə də xarici təsirlər, daxili çaxnaşma, bir-birimizi "yemək”, bir ziyalının sözünün digərinin qəbul etməməsi xaousunda düşmən yenə də öz məkrli təxribatını aparmaqda idi.
Tarixi faktlardan aydındır ki, elə ilk günlərdən Nərimanovun sosialist düşüncəli "silahdaşları” onun milliyətçi olduğunu bütün yüksək tribunalardan deyərək onu sıxışdırır və zərərsizləşdirməyə cəhd edirdilər. Əslində elə buna da nail oldular.
1923-cü ilin aprel ayında keçirilən RK(b)P XII qurultayına N. Nərimanov Azərbaycandan nümayəndə seçilməmişdi. Bəs bilirsiniz kim seçilmişdi? Bilmirsinizsə deyim, keçmiş musavatçı Yusif Qasımov. Bəs sizcə niyə seçilməmişdi? Bu suala elə Nərimanovun öz açıqlaması ilə qeyd edim. Nərimanov qeyd edirdi: "M. Hüseynov, Ə. Qarayev müsəlman fəhlələrinin inkişaf səviyyəsini qaldırmağın zəruriliyi haqqında mənim tələblərimdə millətçilik meyli görürdülər”.
Növbəti bir tarixi məqam. Hələ Ermənistan sovetləşməmişdən öncə, tarixi türk yurdunda, Azərbaycan torpaqlarında qanlı Rus süngüsü ilə qurulan Ermənistan Respublikasının Azərbaycandakı nümayəndəsi 1920-ci ilin avqustunda Nəriman Nərimanovla görüşdən sonra aldığı təəssüratı barədə  İrəvana yazdığı məktubdan: "N. Nərimanov kommunistliyini çox tez-tez unudur və özünün milli türk simasını açıq nümayiş etdirir”.
Əfəndilər!
Azərbaycanın ərazi problemlərinin  hələ Nəriman Nərimanovdan əvvəl mövcud olması bəllidir. Bu taleyüklü problemlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə də xarici siyasətin ən ağrılı, faciəvi və çox mürəkkəb məsələsi olaraq daima masa üzərində olmuşdu.
Doğrudur, Zəngəzur məsələsində gücü çatmasa da Nərimanovun Azərbaycanın bütövlüyünü qoruması mövqeyi Naxçıvan, Dağlıq Qarabağ və Zaqatala məsələlərinin həlli zamanı özünü göstərmişdir.
İllər sonra…
Ermənilər illər keçsə də, istədiklərinə nail olmadıqları üçün məhz səbəbkarı Nəriman Nərimanovu görərək,  onu ləkələməyə cəhd ediblər.
Hələ sovetlər dövründə Nərimanovun təntənəli yubileyini keçirməyə hazırlaşan Heydər Əliyev ermənilərin təzyiqinə baxmayaraq onun 1972-cı ildə Bakı şəhərində heykəlini təcili uçaltmasına nail olur. Məndə olan məlumata görə heykəlin postamenti indiki ölçüsündən daha hündür olmalı idi. Çünki, Heydər Əliyev istəyirdi ki, o vaxtkı Kirovun heykəli qədər əzəmətli görünsün. Lakin hər gün ermənilərin etdiyi təzyiq nəticəsində təcili açılış edilməsi zəruri olduğundan həmin möhtəşəm heykəl bu günkü şəkildə təntənəli açıldı.
Onu da qeyd edim ki, burada da satqın Şaumyanın oğlu Levon Şaumyanın da təzyiqləri güclü olur. Lakin Heydər Əliyevin mahir usta gedişi ilə onlar zərərsizləşdirilir. Və Şaumyanın satqın olması haqqında bəzi materiallar gün üzü görür. O da məlumdur ki, hətda Levonun nüfuz dairəsində olan o vaxtkı SSRİ-nin ən nüfuzlu qəzetlərindən birində Şaumyan əleyhinə böyük yazı çap olduqdan sonra Levonun öz iş otağında ürək tutmasından həyatla vidalaşdığı da bildirirlirdi. Allah ümummilli lider Heydər Əliyevə rəhmət eləsin.
Qardaş qardaşa borc verməz
1920-ci il may ayının 3-də dünya fitnə qüvvələrinin Türkiyəni tam məhvetmə planını  yürütdüyü tarixi günlərdə, türk dünyasının atası Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: "Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.
Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, həm də, tarixdə Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas kimi də dəyərləndirilir.
Bəli, Nərimanovun cavabı həmin dönəm üçün özü və ailəsi üçün çox təhlükəli olsa da, bizlər, bu gündə onu xatırladıqca ona minnətdar olmaqla bərabər qürur duyuruq. O yazırdı: "Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”.
Bəli, məhz biz qardaşıq! Bunu yazan Nərimanov idi. Dörd bir tərəfi düşmənlə əhatə olunan Nərimanov. O, yazdığı cavab məktubunda Türkiyəyə dəstək olacaqğını bir qardaş olaraq özünə borc bilərək öhdəlik götürür.
Beləliklə, 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılmış müraciətə əsasən dərhal  500 kq qızıl və 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərmişdi. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilib. Bunlarla bərabər Nərimanov Azərbaycan üçün Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya – qardaş köməyi olaraq göndərmişdi.
Əfəndilər, bu qardaş yardımları Türkiyənin düşmənlərə qarşı sinə gərməsinə, Türk dünyasının şərəfli tarixi olan "Qurtuluş Savaşı”nın zəfər çalmasına əsaslı təkan verdi. Bunu unutmaq olarmı?
Bu sadalanan epizod onu bir daha göstərir ki, siyasi baxışı fərqli olsa da, o dədə kökə, milli kimliyə bağlı olan bir Türk oğlu idi.
Oğlu Nəcəfə məktubu.
Nərimanovun oğlu Nəcəfə yazdığı məktub əslində onun bütün şəxsiyyətini aşmağa imkan verir. Məktubdan bir hissə: "…Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım. Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır.” Bəli, o insanların dünyada firəvan yaşayacağını məhz bu siyasi xətdə görsə də, daha sonradan o yolun məhvə duçar olacağını anlamışdır.
Ötən əsrin sonları.
XX əsrin sonlarında xalqımız milli azadlıq hərəkatına başladı. Həmin dövrün personajlarına bir ötəri-xəyalı nəzər salın. Dövr, zaman başqa olsa da, düşmənlər eyni, xəyanət həmin xəyanət, milli satqınlar iş başında və yenə də, bir parça çörəyə belə möhtac olsalar da kəfən geyinərək Vətən üçün qurban olmağa hazır olan fədailər. Hədəf də həmişəki kimi Vətənimizin varlığı!
Bu gün artıq müstəqil dövlətik.
Şükürlar olsun Tanrıya ki, güclü və qüdrətli ölkəmiz formalaşmaqda davam edir. Biz indi qalib ölkəyik. Qalib və şanlı ordumuz var. Bizim qarşımızda çox böyük tarixi missiyamız durur.
Əfəndilər!
Tarix ağrı-acısı ilə, qələbəsi və məğlubiyyəti ilə bizim tariximizdir. Unutmamalıyıq ki, tarix həmdə öndən gəlir. Gələcəkdə səhvlər buraxmamaq üçün, keçən dövrləri araşdırmalı, səhvləri təhlil etməli və həmin səhvləri təkrarlamamq çox önəmlidir. Amansız qoca tarix sübut edir ki, buraxılan səhvlər çox acı və faciəli sonluqla bitir.
İndi biz qarşımızda duran ən vacib, taleyüklü məsələlərə diqqət yetirməliyik.
O  ki qaldı Nərimanova, o mənim yaddaşımda "Paşam, biz qardaşıq…” sözləri ilə daima qalacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<