SON DƏQİQƏ
» » Arzuları çin olan zabit- Söz tələbə jurnalistlərindir

Arzuları çin olan zabit- Söz tələbə jurnalistlərindir

Tarix:

14-12-2022, 08:13

/ 2 731 dəfə oxundu.
Arzuları çin olan zabit- Söz tələbə jurnalistlərindir

Vətən müharibəsinin bitməsindən aylar ötsə də, hələ tanımalı neçə-neçə igidlərimiz var ki, ömürlərini vətənə xidmətə həsr edib. Onların hər birini tanıdıqca insan qürurdan dağa dönür.

Bu gün qələmim ömrünün 27 ilini Vətənə xidmət etməyə həsr edən bir zabitimizi, Naxçıvan igidini tanıtdırmaq üçün yazır. Allahverdiyev Babək Asəf oğlu 1976-cı il 15 avqust tarixində Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Atası Asəf əmi ona tarixdən hamının çox yaxşı tanıdığı Babəkin adını verib ki, oğlu da Babək kimi igid olsun. İnsan adı ilə bütünləşirmiş. Babək hələ uşaq yaşlarından öz yaşıdlarından təfəkkürü, düşüncə tərzi, nümunəvi davranışı ilə seçilirdi. Orta məktəbi əla qiymətlərlə bitirən Babək ali məktəbə qəbul olur. Lakin o, ali təhsil almaqdan imtina edərək vətənin keşiyində durmaq üçün 1994-cü ildə  əsgər gedir. Əsgərlikdə olduğu 1 il ərzində qəbindəki vətən yanğısı  və biliyi ilə seçilən Babək komandirlərinin sayğı duyduğu bir əsgər olub. Vətənin keşiyində əsgər kimi durduğu vaxtlar artıq öz ixtisasını seçmişdi. O  anladı ki, dünyaya elə mübarizəsi ilə tarix yazan Babək olaraq gəlib və onun vəzifəsi anam dediyi Azərbaycanın keşiyini çəkmək, azadlığı, bütövlüyü uğrunda mübarizə aparmaqdı. Öz istəyini komandirlərə bildirən Babək Türkiyə Respublikasında Quru Qoşunlarının Ali Hərbi Komandir  Məktəbinə sənəd verir. İmtahanları müvəffəqiyyətlə keçir və Ankara şəhərində yerləşən Ali Hərbi Məktəbə qəbul olur. Təhsil aldığı dörd il müddətində Babək qarşısına bir məqsəd qoyur: Yaxşı təhsil almaq və öyrəndikləri hərbi bilikləri xidmət etdiyi Vətəndə həyata keçirmək.

Allahverdiyev Babək 1999-cu ildə Quru Qoşunlarının Ali Hərbi Məktəbini  birinciliklə bitirir. Türkiyədə təhsil aldığı müddətdə o, həmçinin türk, rus və ingilis dillərini də mükəmməl öyrənib. 1999-cu ildə isə Türkiyənin İstanbul şəhərində yerləşən Quru Qoşunlarının Ali Hərbi Komandirlər Məktəbinin Zabit ixtisası kursunu motoatıcı ixtisası üzrə bitirib. 2000-ci ildən Azərbaycan Respublikasının ordu sıralarında zabit kimi xidmət etməyə başlayıb. O, hər zaman çalışırdı ki, həm əsgərləri ilə yaxın dost olsun, həm də onları  bu vətənə layiqli, nizam-intizamlı əsgərlər kimi yetişdirsin. O, əsgərlərini öz doğma balası kimi sevir, onları vətən fədailəri kimi yetişdirirdi. Yüksək səviyyəli biliyə malik olan Babək Allahverdiyev müxtəlif dövrlərdə Azərbaycanı başqa ölkələrdə yüksək səviyyədə təmsil edibdi. O, həmçinin Macarıstan Respublikasının Zrini Miklos adına  Beynəlxalq müdafiə Universiteti nəzdində sülhnaminə tərəfdaşlıq proqramı çərçivəsində  "Hərbi ingilis dili təlim mərkəzində" ingilis dili kursu  (2003), Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə sülhnaminə tərəfdaşlıq təlim mərkəzində Birləşmiş Millətlərin Hərbi müşahidəçi kursunu  (2005), Almaniyada NATO məktəbinin nəzdində çoxmillətli maddi-texniki təminat kursunu  (2006), Bolqarıstanda  NATO strukturları  üzrə  Birləşmiş qərargah kursunu  (2007 ) müvəffəqiyyətlə keçibdi. 2012-ci ildə isə Azərbaycan  Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasına qəbul olur və 2014-cü ildə  Akademiyanı "Hərbi  və dövlət  idarəetməsi" ixtisaslaşması üzrə "magistr" dərəcəsi alır. Xidmətində göstərdiyi yüksək səviyyəli fəaliyyətinə görə polkovnik-leytenant rütbəsinə qədər yüksələn Babək Allahverdiyev müxtəlif dövrlərdə Azərbaycan Respublikasının 85, 90, 95 illiyi yubiley, qüsursuz xidmətə görə III, II  və I dərəcəli, Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "Veteranı" medallarına layiq görülüb. Polkovnik -leytenant Babək Allahverdiyev ailəlidir, onun dörd övladı var. Lakin o vaxtını övladlarından çox səngərdə əsgəri ilə keçirən bir komandirdir. O, sanki bu vətənlə bütünləşib. Bircə dəfə belə olsun yorulmaq kəliməsini dilinə gətirmədən təmiz vicdanı ilə bu vətənə xidmət edib. Cənab polkovnik- leytenant ətrafında olan yoldaşları tərəfindən vədinə əməl edən, özü-sözü bir qorxmaz, məğrur zabit kimi tanınır. Onun ailəsinə verdiyi söz də vətənlə bağlı idi. O, həmişə övladlarına söz verirdi ki, bir gün sizin timsalınızda bütün Azərbaycana Qarabağı qaytaracağam. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində cənab polkovnik- leytenant  öz əsgərləri ilə ön cəbhəyə yollandı. Yetişdirdiyi, illərini verdiyi əsgərləri, zabitləri ilə çiyin-çiyinə duraraq düşmənə qarşı döyüşdü. Düşmənə qan uddurdu. Göstərdiyi şəxsi şücaət və qəhrəmanlıqlarına görə müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı tərəfindən "Vətən müharibəsi iştirakçısı" və "Kəlbəcərin azad olunmasına" görə medalları ilə təltif olundu. Amma onun ən böyük mükafatı doğma, gözəl Qarabağda xidmət etməsi oldu. Babək Allahverdiyev hal-hazırda yenə ürəyi vətən eşqi ilə döyünən əsgərlər yetişdirir, amma bu dəfə o əsgərlərini Qarabağ torpağında öyrədir. İndi onun qollarına vətən torpağının gücü, gözlərinə azadlığın işığı hopub. Belə zabitlərimiz olduğu müddətdə bu vətən daim var olacaq.

Bu gün sizin gününüzdür, Şanlı ordumuz! Qarabağda qeyd etdiyiniz Silahlı Qüvvələr gününüz mübarək olsun! Cənab polkovnik-leytenant, sizinlə qürur duyuruq!

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin

"Jurnalistika" ixtisası üzrə II kurs tələbəsi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ