SON DƏQİQƏ

HAQQIN SƏSİ

Tarix:

30-09-2022, 16:13

/ 3 316 dəfə oxundu.
HAQQIN  SƏSİ

Həsənəli Eyvazlı

                                                

                      İranda xalq ayağa qalxıb azadlıq istəyir.

 

Haqsızlığa üsyan edən

Nəhrə dönüb qoca Tehran.

Üsyan edir ulu Təbriz,

Ulu Qəzvin, ulu Zəncan.

Haqq-ədalət boğularaq,

Çırpınır  quş qəfəsində.

Diktatura,

           döyüşür son nəfəsində.

Haqq-ədalət boğulubdu

                             al-qanıyla.

Haqq-ədalət edam olur,

                 quduzların divanıyla.

Öz haqqını tələb edir

                              insan oğlu,

Haqsızlığa üsyan edir

                               insan oğlu.

Qolundakı qandalları,

Dilindəki buxovları sökür, qırır...

Küçə boyu xalq kükrəyir,

                              xalq hayqırır...

-"Mən azadlıq istəyirəm!” –

                                 -deyir bu xalq.

-"Mən kölə tək yaşamağı

istəmirəm!”   - deyir bu xalq.

Qızıl güllə qabağına,

                       sipər edir sinəsini.

Kar, kor olmuş bu dünyaya,

               çatdırmaqçün haqq səsini.

Neçələri can çəkişir al-qanında,

Neçələri can tapşırır dörd yanında.

Al qanını axıdanlar,

                səpələnib dörd-bir yana.

Xalq üz tutur Səttarxana.

Xalq üz tutur Şeyx Məhəmməd

                       Xiyabani məqamına.        

- Ey xalqımın şərəf-şanı!

Yağı olub bu gün bizə,

Xalqımızın can düşməni.

Yol göstərin!

Azadlığa gedən yolu!

Səda gəlir Səttarxandan:

-Bu yolların hər qarışı qanla dolu.

Bu yolların hər qarışı,

Min bir hiylə, min bir kələk.

Bu yolları kim keçməyi bacararsa,

Azadlığa qovuşacaq,

Azadlığa yüksələcək!

Azadlığa yüksələcək!

скачать dle 12.1

Şərhlər