SON DƏQİQƏ

YEYİM,YEMƏYİM?

Tarix:

11-02-2019, 16:39

/ 10 614 dəfə oxundu.
YEYİM,YEMƏYİM?

İndi belə çıxır ki, əllərində moruğun, çiyələyin qırmızı ləkəsiylə

meşədən çıxan biri ilə, əlləri qanlı cinayətkar arasında az fərq olacaq...

 

Adətən ipə-sapa yatmayan birisinə hansısa bir qanun maddəsini örnək göstərəndə müticəsinə: "Qanun qarşısında boynum qıldan incədir",- deyir. Yəni, qanun qanundur, əmrdir, müzakirə olunmaz!

Amma son illərin bəzi qanun-qayda dəyişiklikləri, qanuna yenidən baxılmalar məni bir vətəndaş kimi nəinki qane etmir, hətta qıcıqlandırır, əsəbiləşdirir, bəzən də acı-acı güldürür.

Horadiz əməliyyatından sonra kəndimizə dönən insanlar bir çox çətinliklərlə rastlaşdılar ki, onlardan biri də kəndlinin yeməyindən, geyimindən kəsib, aldığı mal-qaraya, toyuq-cücəyə daraşan canavarın, vaşağın, tülkü-çaqqalın öhdəsindən gələ bilməmələri idi. Həmin vaxt yazdığım kimi, insanlar bilmirdilər daim pusquda olan vəhşi düşməndənmi qorunsunlar, yoxsa vəhşi heyvanlardanmı. Canavarı öldürməksə qadağan edilmişdi. "Qırmızı kitab"a düşdüyü üçün nəsli kəsilmək təhlükəsi varmış! Deməli, canavar həyətindəki yeganə var-dövlətin olan qoyunu yesin, ən müasir nəqliyyat vasitən olan eşşəyini parçalasın, tülkü-çaqqal hindəkilərin hamısını boğub, birini də səhər yeməyi üçün götürsün və sən də baxıb "nuş olsun!" de! Yaxşı heyvanı keçdik, canavar o insanın balasına hücum edibsə? İnsanın nəsli kəsilmə təhlükəsi yoxdu deyə balalarını nəsli kəsilən canavara qurbanmı versinlər?..

İki il əvvəl rayona gedərkən yolda bir təntənəli avtomobil karvanı ilə rastlaşdım. Rastlaşdım deyəndə ki, bu xarici marka olduğu hər halından bəlli olan, Amerika kinolarındakı şeriflərin avtomobillərinə bənzəyən, üstündə çoxlu projektorlarla və iri təkərləri ilə vahimə yaradan karvan bizim maşını toza basıb keçdi. Yol kənarlarında qoyulmuş sürət həddi lövhələrini saya salmadan uzaqlaşan avtomobillərə biz xeyli keçəndən sonra, onlar yol kənarında dayandıqları üçün çata bildik və öyrəndik ki, bunlar ərəb şeyxləridir, hər bir əyləncəni sınaqdan keçirdikləri üçün birdən keyflərinə düşüb ki, eycahanlıqdı, durub Salyana quş ovuna getsinlər. Çiynində qırğı olan yaylıqlı ərəbin üz-gözündən saymazlıq və hicabsız qadına baxışından hərislik, həyasızlıq yağırdı. Ərazidə eləcə torpağın üstündə palaz sərib sərələnmiş, ətrafda iri toy qazanları, tiyanları yemək bişirməyə hazır vəziyyətdə idi. Bir ayın içində Hacıqabul, Salyan, Neftçala, İmişli, Biləsuvar və s. ərazidə bir quş uçurtmadılar, hamısı o qazanlarda qaynadı.

Bir neçə gün əvvəl kasıb təbəqənin bir neçə nümayəndəsinin iki-üç dovşan ovladıqları üçün məsuliyyətə cəlb olunmalarını eşidəndə o ərəblərin həyasız simasını xatırladım...

Son qərarda qanunsuz giləmeyvə yığanların məsuliyyətə cəlb olunması məsələsi isə lap pəstahadı. Mən kənddə böyümüş insanam. Kənddə meşənin, bağın meyvələri ümumi olar, hamı bəhrələnər o giləmeyvədən, meyvədən. Bizim kənd aran ərazidə olduğu üçün ümumi sahələr o qədər çox deyildi, hər kəsin öz bağ-bağatı olardı. Yediyini yeyər, qış tədarükü görər, artığını qonum-qonşuya, əkə bilməyənlərə havayı verərdilər. Kənddə bir-birinə nəyisə satmaq yazılmamış qanunlarımızda yox idi (qaçqınlıqdan dönəndən sonra çox meyarlar dəyişdi, buna da təsir etdimi, bilmirəm!)...

Giləmeyvə qadağası dağ kəndi olan Yuxarı Rəfədinliyə - dayımgilə getdiyimiz o əlçatmaz uşaqlıq illərimi, o vaxt mənə ucsuz-bucaqsız görünən bağları, meşələri yadıma saldı. Kəndin hər bir üzvünə çatırdı, hətta artıq qalıb ağacda quruyurdu o meyvələr. Meşəni gəzməyə çıxıb geri dönəndə evdə yemək istəməzdik, çünki mədəmizi giləmeyvələrlə doldurmuş olardıq. Çır armud, əzgil, zoğal, müxtəlif alma sortları, çiyələk, moruq ətrafa səpələnmiş halda idi və istədiyin qədər ye, topla evə apar - aran zonasından gəlmiş uşaqlar üçün bu, bir möcüzə idi.

İndi bu qərardan sonra özümü Rəfədinlidə (təəssüf ki, indi düşmən işğalı altındadı...) təsəvvür elədim - meşə ilə gedirəm, çiyələk, moruq ayağımın altına uzanıb, armud-alma başıma qapaz vuraraq: Məni ye!- deyirlər. Mən də çiynimi çəkirəm və işarət barmağımı sağa-sola hərəkət etdirərək: Yoo, olmaz! Qanun yol vermir, sizi yeyə bilmərik, çürüyün orda, ya da bir pullu iş adamı çıxıb zavoda daşısın sizi, şirə, cem şəklində, həm də illərlə xarab olmayasınız deyə müxtəlif konservantlar qatılmış halda bahalı, urvatlı şəkildə evimizə gələrsiniz, - deyirəm.

Amma çiyələyin qırmızı yanaqları, bal tökülən dodaqları, küncütvari xalları məni yolumdan saxlayır. "Yeyim, yeməyim?", "Yeyim, yeməyim?" sualı başımda nağara səsinə dönüb, qulaqlarımda guppuldayır. Suala cavab tapmaq üçün bir çobanyastığı çiçəyi tapıram, ləçəklərini yolaraq: "Yeyim, yeməyim!" sayıram - Ye! - deyir. Əlimi uzadıb, bir dənəsindən bir şey olmaz demək istəyirəm ki, yarıyolda sağ əlim sol əlimin üstündən vurur: Əstəğfürulla de, Müqəddəs Qanun qadağan edib!

Mədəm artıq şirəni ifraz edib, şeytanla mələk də gəlib toplantı qurublar başımın üstündə, hansına qulaq asım bilmirəm. Bildiyim bir odur ki, ağzımın suyunu güclə saxlayıram və... qanunu pozuram, çünki ACAM!..

 

P.S. Yazı çapa təqdim olunanda duydum ki, Nazirlər Kabinetinin bu anlaşılmaz qərarını gərəksiz sayan ölkə prezidenti İlham Əliyev onu ləğv edib.

скачать dle 12.1

Şərhlər