Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 272,6 mln. manat təşkil edib.
GunAz.az DSK-ya istinadən xəbər verir ki, bu məbləğ əvvəlki ilin yanvar ayı ilə müqayisədə 21,3% çoxdur.
Ötən ay Azərbaycanda 121,9 min ton avtomobil benzini, 203,1 min ton dizel yanacağı istehsal edilib ki, avtomobil benzini istehsalı 2019-cu ilin yanvar ayından 15,3%, dizel yanacağı istehsalı 21,5% artıb.
Hesabat dövründə 55,2 min ton ağ neft, 12 min ton yanacaq mazutu, 4,1 min ton sürtkü yağları, 14,7 min ton neft bitumu istehsal olunub.
Ağ neftin istehsalı 12,7%, yanacaq mazutunun istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 2,2 dəfə, neft bitumunun istehsalı 2,5 dəfə artıb.
Ötən ay neft-kimya sənayesində istifadə üçün benzin istehsalında və neft koksunun istehsalında azalma qeydə alınıb. Belə ki, yanvar ayında 23,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 20,8 min ton neft koksu istehsal edilib.
Neft koksunun istehsalı 1,4%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 10,1% azalıb.