SON DƏQİQƏ
» » Neftin rekord vuran qiyməti nə qədər davam edəcək…

Neftin rekord vuran qiyməti nə qədər davam edəcək…

Tarix:

21-04-2018, 11:30

/ 10 380 dəfə oxundu.
Neftin rekord vuran qiyməti nə qədər davam edəcək…

İlham Şaban: “Bazara çoxsaylı amillər təsir edir”

Dünya neft bazarında qiymətlər artmağa davam edir. Hazırda “Brent” markalı neftin bareli 74 dollar civarındadır. Son məlumatlara görə, Azərbaycana məxsus “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,54 dollar və ya 2,1 faiz artaraq 76,15 dollar təşkil edib.

ABŞ prezidenti Donald Tramp isə neftin hazırkı qiymətinin süni şəkildə yüksək olduğunu bildirib. D.Tramp bu barədə “Twitter”də yazıb. O bildirib ki, neftin qiyməti süni şəkildə yüksəkdir və belə bir vəziyyət yaxşı deyil: “Bu, qəbuledilməzdir”.(APA)

Neftin qiymətinin belə artımı hansı səbəblərdən irəli gəlir və nə qədər davamlı ola bilər? Suala cavab verən ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın dediyinə görə, son qiymət artımı bir neçə amillə bağlıdır:“Baxmayaraq ki, ötən həftənin yekunlarına görə, ABŞ gündəlik neft hasilatını 10.54 mln barelə çatdıraraq 1970-ci ildəki 10.2 mln barellik rekordunu artıq bir neçə dəfə təzələməyə nail olub, neftin dünya bazarlarında qiymətinin azalması hələ də ötən ilin sonunda proqnozlaşdırıldığı kimi müşahidə edilmir. Bunun bir neçə səbəbi var: Birincisi budur ki,  ABŞ Enerji Administrasiyasının həftəlik hesabatına görə, ölkənin neft ehtiyatları 1.07 mln barel azalıb, həmçinin neft məhsulları ehtiyatlarında da azalma qeydə alınıb - bu faktora birjalar çox həssas yanaşırlar. İkinci amil budur ki, geopolitik risklər hələ də səngiməyib və Yaxın Şərqdəki vəziyyət dumanlı olaraq qalır. Bundan əlavə, İrana qarşı Vaşinqtonun sərt davranışlarına dair daha çox informasiya gündəmə gəlir və İran dini liderinin xüsusi xidmət rəhbərləri ilə görüşündə ”İrana qarşı müharibə gedir" kimi fikir səsləndirməsi vəziyyətin daha da mürəkkəbliyini göstərib. May ayında ABŞ-ın İrana qarşı sanksiyaları gücləndirməsi gözlənilir. Eyni zamanda bu gün(dünən -red.) Ciddədə (Səudiyyə Ərəbistanı) OPEC+ ölkələrinin görüşü keçirilir. Sabah Rusiya və Səudiyyə Ərəbistanının neft nazirləri görüşəcəklər. Orada 2019-cu ildə hasilatın dondurulması ilə bağlı yeni fikirlər və razılaşmalar səsləndirilə bilər ki, bunlara qarşı bazar çox həssasdır. Nəhayət, Venesuelada hasilat azalır ki, bu da bazara daha az neftin çıxması deməkdir".Neftin rekord vuran qiyməti nə qədər davam edəcək…

 

İ.Şabanın sözlərinə görə, neftin hazırkı qiymətlərinin tezliklə dəyişməsi üçün bir sıra faktorların təsiri mümkündür:“Yaxın Şərqdə, xüsusilə Suriyadakı vəziyyətin tezliklə nizamlanacağı gözlənilmir. Eyni zamanda ABŞ-İran münasibətlərindəki dinamika da bazara təsir göstərir. Bundan əlavə, neft bazarındakı qiymətlərə təsir edən digər amillər də var ki, bir neçə aydan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Məsələn, bu ilin yanvar-fevral aylarında neftin qiymətinə təsir edən klimatik amillər idi - son 50 ildə Şimal yarımkürəsində belə soyuqlar olmamışdı. Hamı gözləyirdi ki, yazın gəlişi ilə enerjiyə olan tələbat azalacaq. Lakin bu gün Hollandiya və Böyük Britaniyada son 70 ildə ən isti yaz havası qeydə alınıb - 26 dərəcə. Onların 26 dərəcəsi bizim 35 dərəcəmizə bərabərdir. Yəni belə davam edərsə, yay isti keçərsə enerjiyə olan tələbat yüksək olaraq qalacaq. Ona görə də yaxın bir neçə ayda hansı proseslər baş verəcək və bu proseslər neftin qiymətinə necə təsir göstərəcək”

Ekspert deyir ki, qiymət artımı sayəsində hasilatçı ölkələr neftdən yüksək məbləğdə əlavə gəlirlər əldə edirlər: “Belə ki, Beynəlxalq Enerji Agentliyinın yeni məlumatına əsasən, 2018-ci ilin I rübündə OPEC ölkələri neftin qiymətinin artımı hesabına 2017-nin müvafiq dövrü ilə müqayisədə gündəlik olaraq 400 milyon dollar daha çox gəlir əldə ediblər. Neft ixracatçısı olan Azərbaycanın bu ilin birinci rübündə əlavə mənfəəti 2 milyard dollar olub”.

Trampın mövqeyinə gəlincə, İ.Şaban bildirir ki, neft bazarındakı mövcud qiymətlər əslində həm də ABŞ prezidentinin “əməyinin məhsulu”dur: “Dünya geopolitikasının gərginləşməsində Trampın da xeyli rolu var. Hansı ki, bu gərginliyin sayəsində neftin qiyməti onun bazar dəyərindən 15-20 faiz yüksəkdir”. ABŞ prezidentinin belə mövqeyindən sonra bu dövlətin neftin dünya bazar qiymətlərini aşağı salmaq üçün hərəkətə keçməsi mümkündürmü? Ekspertə görə, ABŞ və ya istənilən 1 dövlət neft bazarındakı prosesləri yönləndirməyə qadir deyil: “Bunlar siyasətçilərin spekulyativ iddialarından qaynaqlanır. ABŞ bir şişt nefti ilə dünya bazarında radikal dəyişikliyə nail ola bilməz”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ