SON DƏQİQƏ
» » Şəhidimizin dosdu elə birşeylər danışdı ki...- MÜSAHİBƏ

Şəhidimizin dosdu elə birşeylər danışdı ki...- MÜSAHİBƏ

Tarix:

14-10-2021, 14:53

/ 3 211 dəfə oxundu.
Şəhidimizin dosdu elə birşeylər danışdı ki...- MÜSAHİBƏ

Bu gün Vətən Müharibəsinin şəhidi, müəllim, baş leytenant Famil Əhmədzadənin şəhadətindən 1 il ötür.

Şəhidimizin yaxın dostu, İsmayıllı rayon 3 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlının müsahibəsini təqdim edirik:

- Famil müəllimlə dostluğunuz uzun illərə söykənir. Necə dost idi?

2000-ci ildən bəri, artıq 21 ilə yaxın idi ki, Famil müəllimlə eyni sinif otaqlarını, eyni müəllimlər otağını bölüşmüşdük. Bir məktəbi bölüşüb, bir qazanın yeməyini yemişik. Aramızda çox səmimi, bəlkə qardaş qədər yaxın münasibət olub. İndi Famil müəllimin evinin yanında dayanmışam. İnanın ki, içimdə elə bir boşluq var, 1 ildir bu boşluğu heç nə doldura bilmir. Əslində Famil tarix müəllimi deyildi. DİA-da politologiyanı qırmızı diplomla bitirmişdi. Görsəniz, deyərdiniz, bu adam elə anadangəlmə müəllim doğulub. Onda heç döyüşçü görünüşü yox idi. Amma ruh var idi, ürək var idi.

- Son görüşünüzü necə xatırlayırsınız?

Sonuncu dəfə onunla 29 sentyabrda axşam görüşüb ayrıldıq. Mən hərbi komissarlığa onu yola salmağa getdim. Amma onları aparmadılar, qaytardılar. Dedilər, sabah gələrsiniz. Çünki hava qaralmışdı. Ermənilər raket atırdılar. Cəbhə bölgəsinə əsgərləri aparmaq təhlükəli idi. O isə sanki ölümə tələsirdi. İsrarla etiraz edirdi ki, məni evə göndərməyin, döyüşə getməyə hazıram. Dedik ki, bəlkə evdəkilərə deyiləcək sözün qalıb, get, bir gecə də evində qal. Dedi ki, yox, bir də səhər ailəmlə yenidən vidalaşa bilmərəm. Səhəri gün üçün vədələşdik ki, görüşəcəyik. İsrar etdi ki, gəlmə, əziyyət çəkmə. Dedim, yox, gələcəyəm. Dedi ki, onda sabah görüşərik. Amma sabah gəldi, Famil müəllim gəlmədi. Gəldim onu yola salmağa. Tezdən çağırmışdılar deyə son görüşümüz baş tutmadı. Onunla görüşü çox gözlədim. Amma o görüş bir də heç vaxt olmadı.

- Famil müəllimin şəhid xəbərini kimdən eşitdiniz? 1 il öncə bu günü necə xatırlayırsınız?

Dəqiq xatırlayıram, yaddaşıma yazdım bu rəqəmləri: oktyabrın 15-də saat 16:17-də telefonuma zəng gəldi. Hazırlıqda idim, şagirdlərə dərs keçirdim. Zəng edən şagirdlərimizdən biri idi. Famil müəllimi soruşdu. Soruşdu ki, Famil müəllimdən nə xəbər? Danışırsınız? Cavab verdim ki, özüylə danımağa icazə vermədilər. Qardaşı ilə hər gün danışırıq. Soruşdu ki, axrıncı dəfə nə vaxt danışmısınız? Dedim, oktyabrın 13-də danışmışam. 14-də danışmamışam. Dedi, başqa nəsə eşitməmisiniz? Bir anlıq sanki hər şeydən əlim-ayağım üzüldü. Həmin an dedim ki, ola bilməz! Dedi ki, Famil müəllim şəhid olub. İnanmadım. Görən olmuşdu, zəng edib xəbər vermişdilər. Tərtərdə, Talış-Suqovuşan istiqamətində şəhid olmuşdu. Həmin dəqiqə telefonu söndürdüm. Çünki belə bir şeyi qəbul etmək iqtidarında deyildim. Qardaşına zəng etdim. Qardaşı 2 gündür xəbər ala bilmirdi, narahat idi. İlk xəbər rayonda mənə gəlmişdi. Heç kimə bir söz deyə bilmədim. Oktyabrın 15-də gecə rayona xəbər yayıldı ki, Famil müəllim şəhid olub.

Nəşi 20 gün sonra, noyabrda gətirildi rayona. Bu 1 il yaşanıbmı? Yaşanmayıb...

- Famil müəllimin məktəbdə yaratdığı muzey hələ də qalırmı?

- 2006-cı ildə məktəbimiz təmir olunanda yenilik gətirmək istədi. Direktorumuz da təsdiqlədi. Famil müəllim qapı-qapı, kənd-kənd düşdü. Basqaldan, Lahıcdan, Sulutdan, bütün kəndlərdən saxsı, dəmir qablar, qədim pullar əşyalar topladı, muzey yaratdı. Hazırda o muzey qorunub-saxlanır. Muzeydə indi onun böyük şəkli qoyulub. Orada əşyaları da var. Muzeyin adı direktorumuzun əmri ilə hazırda şəhid Famil Əhmədzadə adına tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir.

- Onunla bağlı ən yaddaqalan xatirəniz nə olub?

- Çoxdur, onunla bağlı xatirələr yaşamağa imkan vermir. Son ana qədər xatirələrini danışıb bizi güldürdüDedi ki, hələ gedim görüm müharibədə hansı macəralar başıma gələcək. Sizə gəlib onları da danışacağam. Amma gələ bilmədi. Tarix müəllimi qanı ilə tarix yazdı, sonuncu dərsinə girdi. Son dərsini düşmənə keçdi. O dərs bitmədi, zəng çalınmadı. Bizsə hələ də gözləyirik, o zəng vurulacaq, qapı açılacaq, Famil müəllim gələcək..axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ