SON DƏQİQƏ
» » Yeganə oğlunun şəhid xəbərini alan ananın dilindən şok sözlər

Yeganə oğlunun şəhid xəbərini alan ananın dilindən şok sözlər

Tarix:

27-09-2021, 12:39

/ 4 270 dəfə oxundu.
Yeganə oğlunun şəhid xəbərini alan ananın dilindən şok sözlər

Sonuncu dəfə Valehlə oktyabrın 6-da danışmışdıq. Narahat olmayın, hər şey yaxşıdır, ala-ala gedirik, ermənilər qaçır – demişdi...”

Vahid kişi oğlu Valeh Bədəlovdan həm köks ötürə-ötürə, həm də məğrur danışır; Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovdan... Evin bir oğlu idi Valeh. Dörd il universitetdə bir yerdə oxumuşduq. Filoloq idi. Mütaliəsi çox güclü idi, haçan baxsan, bədii kitablar oxuyurdu. Elə dərsdə də... Kitab əlindən düşmürdü. Qəribə zarafatları vardı, intellektual uşaq idi Valeh. İstəsə müəllim də ola bilərdi, bürokrat da. Amma o, Vətənə xidmət yolunu tutdu. Hərbi formanı əyninə geyindi.

1 il 9 ay zabit kimi xidmət etdi. Sonra xüsusi təyinatlı qüvvələrə yazıldı. Oranın ağır təlimlərinə qatıldı. Ağır təlimlərdən, sınaqlardan alnıaçıq çıxdı. Kursları müvəffəqiyyətlə başa vurdu. Baş leytenant kimi "N” saylı hərbi hissədə xidmətini davam etdirdi.

Qısa arayış: Şəhid baş leytenant Valeh Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulub. 2012-ci ildə Qafqaz Universitetinin filologiya fakültəsini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra xüsusi təyinatlı qüvvələrin təlim kursunu keçərək zabit kimi xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. 27 sentyabrda başlayan Vətən müharibəsinin ilk saatlarından döyüşlərə atılıb. Əvvəlcə Murov zirvəsinin alınmasında öz qrupu ilə rəşadət göstərib. Sonra Cəbrayıla göndərilib. Oktyabrın 7-də, ad günündən 3 gün əvvəl müharibənin 10-cu günü Cəbrayıl şəhərinin dördyol adlanan ərazisində qəhrəmancasına şəhid olub. Ölkə Prezidentinin sərəncamı ilə ölümündən sonra dörd medalla təltif edilib.

Bu gün 27 sentyabrdır. Müqəddəs Vətən müharibəsinin başladığı gündür. Həm də şəhidlərimizin Anım Günü kimi qeyd olunur. Bu gün şəhid baş leytenant Valeh Bədəlovu xatırlayacağıq. Atası, bacı ilə...

Vahid kişi söyləyir ki, Vətən müharibəsinə qatılmağından xəbərləri olmayıb: "İşi, fəaliyyəti, xidməti barədə ağzından bir kəlmə də ala bilməzdin. Oktyabrın 7-si şəhid olub. Xəbəri birinci yoldaşıma deyiblər. Anası məktəbdə işləyir. Cəbrayılın dördyolu deyilən ərazidə minomyot qəlpəsindən şəhid olub. Özü də qərargah rəisi ilə birgə... Şükür Allaha, bizim qapıya Valehin adını anıb gələnlər çoxdur. Allah gələndən də, gedəndən də razı olsun. Bizim rayondan daha çox qıraqdan gəlirlər. İş yoldaşları baş çəkirlər. Kəlbəcərdən, Laçından gələnlər oldu. Ağdamda məktəb direktoru... Şəhidlərimizi ziyarət ediblər, namaz qılıb sədəqə paylayıblar... Allah hamısından razı olsun”.

Vahid kişi deyir ki, Valeh evin tək oğlu idi, hərbi xidmətini zabit kimi başa vurandan sonra bir ata kimi oğlunun əziyyət çəkməsinə, ağır şəraitdə xidmət etməsinə razı olmayıb, evə çağırtdırıb: "Çağırtdırdım, gəldi. Ballıqayada xidmət edirdi. Polis orqanlarına işə düzəlməsini istədim, getmədi. Dedim ki, FHN-də xidmət elə, razı olmadı. Müəllim kimi işlə dedik, ona da razı sala bilmədik. Dedi ki, mən öz yerimə qayıtmaq istəyirəm. Söylədim, israr etdim ki, yaxşı fikirləşsin, tək oğlan idi. Üstündən bir ay keçməmiş bildirdi ki, xüsusi təyinatlı qüvvələrdə xidmətə gedir. Çox yalvar-yaxar elədim. Getdi, kurslardan da kişi kimi keçdi. Oranın təlimləri, kursları çox ağır olur. Hər oğlanın hünəri deyildi oranı keçmək...”

Vahid Bədəlov oğlu haqqında ağız dolusu, fəxarətlə danışır. Bildirir ki, Valeh 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olub: "Amma biz bilməmişik. Bizə heç nə deməmişdi. Aprel döyüşlərindən bir-iki gün sonra açıq ürək əməliyyatı keçirmişdim. Əməliyyata girəndə özünü çatdırmışdı. Sonradan bilmişdik ki, döyüşlərdə iştirak edibmiş. Heç vaxt əməliyyatlardan, təlimlərdən, işindən bir kəlmə də danışmazdı”.

Vahid kişi deyir ki, Valehin adı rayonda əbədiləşdirilmədi bu bir il ərzində. Hətta Rusiyada yaşayan soydaşlarımız orada onun adını əbədiləşdiriblər, amma Zaqatalada bununla bağlı bir iş görülməyib: "Sənədlər yığılıb. Deyirlər ki, iş gedir. Bütün rayonlarda şəhidlərimizin xatirəsi əbədiləşdirilir. Amma Zaqatalada Valehin adını əbidləşdirmirlər. Heç Şəhidlər xiyabanı da salınmadı”.

Bacısı Vüsalə Bədəlova ilə söhbətləşirik. Səsində məğrurluq, ötkəmlik var. Söyləyir ki, Valeh Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edildi:

"Mayda məzuniyyətə gəlmişdi. Son dəfə o vaxt görmüşük. Həmişəki kimi, bir həftə qalıb qayıtdılar... Nə yoldaşına, nə də bizə işi barədə danışardı. Amma bu il sentyabrın əvvəli yoldaşına deyib ki, müharibə olsa, qayıtmayacağam. Vəsiyyət edərmişcəsinə nəyi necə edəcəyini deyib... Son gedişində də müharibəyə getdiyini söyləməyib. "Təlimə gedirəm”, - deyib. Sağollaşıb, qızlarını öpüb, qapıya çatanda bir də qayıdıb qoxlayıb öpüb, gedib. 44 günlük müharibənin cəmi 10 günündə qazanılan qələbələrimizə şahidlik etdi. Qardaşım həmin qələbələrdə xüsusi təyinatlı qüvvələrin baş leytenantı kimi əsas pay sahiblərindən biri oldu”.

"Valehin iki qızı vardı. Necə bir ata idi?” – sualına Vüsalə xanım düşünmədən cavab verir:

- Valeh cəmi 3 il ata ola bilib, amma bir çoxunun 30 ildə etdiyi atalıqdan artığını edib. Çox qayğıkeş, diqqətli idi qızlarına qarşı. Onların yanında hər sözü seçib danışardı. Körpə olsalar belə… Oyunlar oynayardı, kitab oxuyardı qızına. Qızı Aylinə nağıl kitabı, heyvanlar haqqında ensiklopediya almışdı. İşdən yorğun gəlsə də - işi çox ağır idi - divana uzanan kimi Aylin kitabını götürüb gələrdi, birlikdə oxuyardılar. Aylinə himni də öyrətmişdi, harada bayraq görsə, himn oxuyur. Qızını da özü kimi vətənpərvər görmək istəyirdi. O, kitab oxuyanda dünya ilə əlaqəsi kəsilərdi, amma ata olandan sonra belə deyildi. Uşaqlar yatandan sonra oxuyardı. Boş vaxtı çox olmurdu…

 

- Övladları atalarını soruşurmu?

- Balaca qızı Nilayın 1 yaşı var, danışa bilmir, amma atasının şəklini görəndə ata deyib sevinir, öpür şəkli. Aylin unutmur, hər gün soruşur. Demişik ki, sən böyük qız olanda biz ataya gedəcəyik. Deyir, daha böyümüşəm də, gedək. Atasını televiziyada görüb anasına deyib ki, darıxmışam, daha bəsdir, ata gəlsin nə olar.

- Sağ qalan döyüş yoldaşları Valehin son döyüşü haqqında nə deyirlər? Hansı şəraitdə şəhid olub?

- Son döyüşləri Murov, Suqovuşan, Cəbrayılda olub. Döyüş yoldaşları deyirlər ki, Valeh ən çətin və həlledici məqamlarda sərrast qərarları, koordinatları dəqiq ötürməsi, liderliyi ilə dəfələrlə bizim həyatımızı xilas edib. Çox savadlı, soyuqqanlı olduğunu deyirlər. Qrupuna tapşırıb ki, mənə baxın, özünüzü itirməyin. Qrupunun gizirləri deyir, tək komandir deyildi, bizə böyük qardaş idi… Bir yaxın giziri söyləyir ki, zirehli maşında idik. Cəbrayıldan Füzuliyə gedirdik. Ermənilər bunların irəlilədiyi yeri artilleriya ilə vurmağa başlayıblar. Maşına miniblər, Valeh yanındakı yoldaşına deyib ki, dur, keç içəri, burada mən otururam. Oturub, qapı bağlanmağa azca qalmış yanına raket düşüb, qəlpədən 8 nəfərlik maşında təkcə Valeh şəhid olub. Şah damarı kəsilibmiş… Güllədən qorxan deyilmiş, düşmən gülləsindən qorxmurmuş, əyilmirmiş. Döyüş yoldaşları belə deyir.

- Eşitdiyimizə görə, Valehin şəhid xəbəri gələndə ananız ağlamayıb…

- Anam məktəbdə olarkən qardaşımın öz nömrəsindən yığıblar. Oğlum zəng edir - deyə açıb zəngi. Deyiblər ki, yaralıdır. Anam da qayıdıb ki, yaralı olsa da, o, qoymazdı başqası zəng etsin, düzünü deyin - deyə zəng edənlərə bildirib. Deyiblər, oğlun şəhid olub. Evə gələndə də ağlamadı, söylədi ki, oğlum bu yolu özü seçdi. Mən ağlayıb onu sındırmaram. Ondan bir gün əvvəl gecə anam yuxu görmüşdü, görüb, bizim evə camaat yığılıb, inək kəsilir. Valeh şəhid olan gün səhər də yoldaşı evin dəhlizində hərbi geyimdə kiminsə siluetini gördüyünü yazmışdı mənə. Bir-iki saat sonra şəhid xəbəri gəldi...

- Eşitdiyimizə görə, Valeh Bədəlovu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Əsl zabit belə olar” – deyə tərifləyibmiş... Bu, nə zaman olub? Sizə bu haqda danışmışdı?

- Yox, özü heç nə demirdi. Bu barədə atama qardaşımın iş yoldaşlarından kimsə danışıb, deyəsən. Bu barədə dəqiq bilmirəm. Paradlarda iştirak edib, prezidentin qarşısında qrupu ilə çıxış edib.

***

P.S: Valeh haqqında saatlarla danışmaq olar… Onsuz da ötən ilin 10 noyabrından bu ölkədə ancaq Valeh Bədəlovlar, Qurban Qəzənfərlilər, Arəstə Baxışovalar, Cəbrayıl Dövlətzadələr, daha onlarla, yüzlərlə, minlərlə şəhid ruhları, ölməz igidlər danışır… Qazandıqları qələbədən, tarixə qazıdıqları şərəf dastanından…

Başın, daşın, döşün sağ olsun, VƏTƏN! Şəhid qəbirlərinə görə üzülmə, onlar sənin köksünə səpilən müqəddəslik toxumlarıdır…

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ