SON DƏQİQƏ
» » Zəngin qardaşlıq ənənələrinə əsaslanan AZƏRBAYCAN-TÜRKİYƏ BİRLİYİ

Zəngin qardaşlıq ənənələrinə əsaslanan AZƏRBAYCAN-TÜRKİYƏ BİRLİYİ

Tarix:

29-10-2024, 17:26

/ 3 930 dəfə oxundu.
Zəngin qardaşlıq ənənələrinə əsaslanan AZƏRBAYCAN-TÜRKİYƏ BİRLİYİ

Oktyabrın 29-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birlikdə təşkil etdiyi “Azərbaycan-Türkiyə - bir millət, iki dövlət” mövzusunda dəyirmi masa keçirilib. 
Tədbirdə YAP Qaradağ rayon təşkilatının fəalları, Qaradağ rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dəyirmi masada Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Türk və Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP  Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev 1923-cü il oktyabrın 29-da təsis edilmiş Türkiyə Cümhuriyyətinin formalaşması, keçdiyi tarixi yol, qədim və zəngin qardaşlıq ənənələrinə əsaslanan Azərbaycan – Türkiyə dostluğu, bu dostluğun tarixin müxtəlif mərhələlərində keçdiyi sınaqlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, tarix boyu xarici istilaçılara qarşı birgə mübarizə aparan Türkiyə və Azərbaycan xalqları ən ağır günlərində əl-ələ verərək torpaqlarımızın bütövlüyü uğrunda birlikdə vuruşublar. İstər tarixi Çanaqqala döyüşündə, istər Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsində, istərəsə də Qarabağ Zəfərinin əldə edilməsində çiyin-çiyinə döyüşən oğullarımız bir-biri üçün qanından və canından keçməkdən çəkinməyiblər. 
Dəyirmi masada çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lərin” nümayəndəsi Munis Bayramov müəllifi olduğu “Türkün dastanı” poeması əsasında qədim türk xalqlarının tarixi mənşəyi, azərbaycanlıların bu qrupun aparıcı etnoslarından biri olması, tarix boyu yaratdıqları imperiyalar, fəth etdiyikləri ərazilərə gətirdikləri yüksək mədəniyyət, adət və ənənələr haqqında ətraflı məlumat verib. O bildirib ki, məhz həmin ənənələrin bu gün davam etdirilməsi nəticəsində daha da möhkəmlənən Türkiyə-Azərbaycan dostluğu Türk Dövlətləri Təşkilatının yaranması və Türk birliyinin daha da möhkəmlənməsinə mühüm təsir göstərib.
Tədbirdə çıxış edən AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Fizuli Qurbanov Azərbaycan-Türkiyə dostluğunun fəlsəfi-tarixi kökləri, eyni kökdən olan xalqlarımızın bu gün iki ölkənin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu nəticəsində daha da güclənməsi barədə ətraflı bəhs edib.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycan-Türkiyə dostluğunun günbəgün möhkəmlənəcəyinə və xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini ifadə edib, iştirakçılara minnətdarlığını bildirib.
Sonda “Bir millət, iki dövlət” mövzusunda videoçarx nümayiş etdirilib və xatirə fotosu çəkdirilib.
Cəmil İSAX 





скачать dle 12.1

Şərhlər