Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub: Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. (1927-1931)
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şairlərdəndir.
Məktəb fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).
Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeiri ilə başlamışdı: Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı- “Küləklər” 1930-cu ildə nəşr olunmuşdur:
O, bədii tərcümə ilə də ciddi məşğul olub: 1930-1931-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir: Bunlar A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun “Kobzar” (Əhməd Cavadla birlikdə Çarensin “Şeirlər”, S.Y.Marşakın “Huşsuza bax, huşsuza”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə şərq poemas”» kitablarıdır: 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurmuşdur. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin “Müşfiqli günlər” adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə «Gənclik» nəşriyyatında işıq üzü görmüşdür.
Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda repressiya dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə, və meydana adı verilib.
Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.
Müşfıqin «Yenə o bağ olaydı», “Oxu tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadı:
Mən onun Müşfiqli günlərini görməmişəm, ancaq Müşfiqsiz günlərinin ən yaxın şahidi olmuşam. Bunları yazmaq mənə nə qədər çətindirsə, deməmək, yazmamaq daha çətindir, bağışlanılmazdır. Axı kim Müşfiqsiz günlərini mənim qədər yaxından seyr edib, yuxusuz gecələrinin, narahat gündüzlərinin, Müşfiqsiz həyatının şahidi olub?
Müşfiqsizmi dedim? Bağışla, ana, bağışla! Sən heç Müşfiqsiz oldunmu, ana!?
Dilbər Axundzadə kimi yenilməz şəxsiyyətin övladı olmaq, ömrünün xeyli hissəsini onunla birlikdə keçirmək, onun ürək çırpıntılarının və həyəcanlarının, sonsuz vəfa və sədaqətinin fədakarlığının şahidi olmaq, həyatın ağır sınaqlarından çıxmış bu mətin insanın dəyanət və dözümündən həyat dərsi almaq xoşbəxrliy məhz mənə nəsib olmuşdur. İndi o illəri xatırlayarkən bu xoşbəxtliyi daha dərindən dərk edirəm, xanım çox fədakar, qayğıkeş, övladcanlı ana idi. O, öz dərdlərini içində gizlətməyi, acı, kədərli anlarını, hisslərini, xüsusən də qəzəb və nifrətini boğmağı bacarır, insanlara böyük sevgi və dərin inam bəsləyirdi. Başına müsibətlər gətirilmiş, şər, böhtan, haqsızlıqlar girdabına atılmış, gənc həyatı faciələrlə keçmiş bir insanın ağlayıb-sızladığını, gileyləndiyini, taledən, Tanrı yazısından narazı görmədim. Haradan idi bu zərif, gözəl xanımda bu qədər mətinlik, iradə, səbr, dözüm, dəyanət, bu qədər dəhşətlərdən və xəyanətlərdən sonra yenə də insanlara inam, sevgi, həyata, dünyaya sonsuz eşq... Bunun səbəbini çox sonralar özüm həyatın acısını, şirinini dadandan sonra anladım... Anladım ki, anam Dilbər Axundzadəyə güc-qüvvət verən, onu mətin, şux saxlayan ölməz Müşfiq məhəbbəti, Müşfiq ruhu imiş...
Anamla bağlı xatirələri yada salanda göz önündən nələr gəlib-keçir... Evimizdə elə gün olmurdu ki, Dilbər xanım Müşfiqdən söz açmasın, onun hansısa bir söhbətini etməsin, şeirini xatırlamasın. Bəli, mən xoşbəxt bir insanam ki, Dilbər xanımm sehrli dünyasının sakini olmuş, yuxusuz gecələrinin həmsöhbəti, narahat gündüzlərinin sirdaşı olmuşam. Bütün həyatını Müşfiqə qurban verməyə hazır olan Dilbər xanım sədaqətli həyat yoldaşı olmaqla yanaşı, həm də vətənpərvər bir vətəndaş kimi təqib və təzyiqlərə baxmayaraq Müşfiqlə bağlı xatirələri, şairin onlarla şerini öz hafizəsində saxlayaraq bu günlərədək gətirib çıxarmışdır.
Müşfiqdən sonrakı həyatı ağır məhrumiyyətlər, çətinliklər içərisində keçsə də, Dilbər xanım bütün gücünü Müşfiqin təbliğinə, onun xatirə və yubiley gecələrinin keçirilməsinə, adının əbədiləşdirilməsi, əsərlərinin toplanması və nəşri işlərinə həsr edirdi. Zaman və gərgin zəhmət tələb edən bu işdən xüsusi zövq alır, sevinc və rahatlıq tapırdı. Anam Müşfiqlə bağlı görüş və söhbətlər, tədbirlər keçirəndə dərdlərini unudar, Müşfiqin özü ilə görüşürmüş kimi uşaq tək sevinərdi. Poeziya, sənət vurğunları, müşfiqsevərlərlə, həmçinin Müşfiqin qələm dostları ilə görüşlər onu bir daha Müşfiqli günlərə qaytarardı, şairlər arasında gözləri sevimli Müşfiqini arayıb-səzərdi:
Könlüm quşun itirmişəm, araram,
Görən budaqların harasındadır?
Gəlir qulağıma səsi-sədası,
Gözüm şairlərin arasındadır.
Anam Müşfiqli günlərin unudulmaz xatirəsini, böyük şairin ona olan saf məhəbbətini, qayğı və diqqətini, ona həsr etdiyi lirik şeirlərini, bir sözlə, ömrünün o xoş çağlarının hər bir anını əziz nemət kimi qoruyub saxlamışdır. Bu xatirələrin bir hissəsini o, "Müşfiqli günlərim" kitabında vermiş və bu kitab az vaxtda oxucuların marağına səbəb olduğu üçün bir neçə dəfə çap edilmişdir. Ancaq Müşfiqli günlərin şirinliyi, Müşfiqsiz günlərin əzabı ilə yaşayan Dilbər Axundzadə "Müşfiqsiz günlərim" kitabını yazırdı. Anamın ən böyük arzusu həmin kitabın işıq üzü görməsi idi. Amansız ölüm onun bu arzusunu ürəyində qoydu. Kitab yarımçıq qaldı...
Dilbər xanım şair deyildi. Dərin sevgisi və ülvi hissləri anamın Müşfiqə həsr etdiyi əlliyə yaxın şeirdə öz əksini tapmışdı. Əbədi eşq, hicran, həsrət yanğısı, Müşfiqsiz dərdi bu şeirlərin əsas mövzusudur. Məhz elə buna görə də bu şeirlər tezliklə dillər əzbəri oldu, mahnılara çevrildi.
Anam Müşfiqli günləri yad edərkən onun qohumlarını da yada salar, onlardan xoş münasibət, diqqət və sevgi gördüyünü söyləyərdi. Xüsusilə Müşfiqin bacısı - başı müsibətlər çəkmiş gözəl, mehriban, Balaca xanımın haqqmda ən xoş sözlər işlədərdi. Anam onlara gedəndə özü ilə məni də aparardı və mən də Balaca xanımı çox istəyir, onu "bibi" deyə çağırırdım. O, çox istedadlı, səliqəli insan idi. Gözəl rəsm çəkirdi. Anamı Müşfiq qədər sevirdi. Bu gözəl insan haqqında Dilbər xanımın "Müşfiqli günlərim"də xatirələri var.
Evimizə tez-tez anamın yaxınları, rəfiqələri gələr, maraqlı söhbətlər edərdilər. Mən də böyük həvəslə onlara qulaq asardım. Onlar görüşəndə heç vaxt pis günləri yada salmırdılar. Həmişə gözəl xatirələrdən söhbət edirdilər.
Evimizin ən əziz və sevilən qonağı Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım idi. O, anama həmişə mənəvi dəstək və köməklik göstərərdi. Ona ürək-dirək verərdi. O, çox zarafatcıl qadın idi. Onlar görüşəndə mən o saat bilirdim ki, Şükriyyə xanım indi bir lətifə söyləyib hamını ürəkdən güldürəcək. Çəkdiyi əziyyətlərə baxmayaraq, o, çox mehriban, şən və sadə insan idi.
Əli Nəzminin qızı Pirayə xanım anamla bir pedoqoji texnikumda oxuyurdu. Demək olar ki, o, Müşfiqlə Dilbərin poçtalyonu idi.
Həmişə Müşfiqdən anama məktub ya da bir xəbər gətirərdi. O, da anamı tez-tez yad edərdi. Onun bir xatirəsi heç vaxt yadımdan çıxmır. Bir gün Pirayə xanım Müşfiq ilə yolda rastlaşır. Həmişəki kimi Müşfiq ondan soruşur: -Pirayə, Dilbər necədir? O da cavab verir ki, yaxşıdır. Müşfiq yenə sual verir: - Dilbər indi nə edir? Pirayə də cavab verir ki, o, Dilbəri görəndə Dilbər yatırdı. Müşfiq bir dəqiqə fikirə gedəndən sonra ona müraciət edir. "Pirayə, səndən bir xahişim var, get bax gör onun hörükləri yorğanın üstündədir, ya altında. Əgər onlar yorğanın altındadırsa, xahiş edirəm götür qoy üstə".
Bir gün hörmətli şairimiz Xəlil Rza bizə zəng edib Dilbər xanıma məktəbdə Müşfiq gecəsinin keçirilməsini xəbər verdi və onun bu gecədə iştirak etməsini xahiş etdi. Dilbər xanım məmnuniyyətlə o gecədə iştirak etməyə razıhq verdi. Səhərisi gün Dilbər xamm Xəlil Rza ilə görüşüb gecəyə getdilər. Bu görüşdən Dilbər xanım çox gec gəldi. Evə gələn kimi mənə dedi: "Leyla, heç bilirsən mən hardan gəlirəm?". Mən dedim ki, "əlbəttə, məktəbdəki görüşdən". O, isə cavab verdi: "Düzdür, görüşdən, amma məktəbdən yox, həbsxanadan. Xəlil Rza özü mənə bilərəkdən görüşün yerini deməmişdi. Qorxub ki, mən razılıq vermərəm. Yalnız yolda mənə həqiqəti dedi. Ancaq bilsən necə gözəl «Müşfiq gecəsi» keçdi. Hətta mənə dustaqlar öz əl işlərini hədiyyə etdilər. Budur, bax. Gör nə gözəl işlərdir". O, mənə suvenir qələmlər, rəsm işləri və başqa şeylər göstərdi. Məncə Xəlil Rza bilirdi ki, Müşfiq poeziyasının nə qədər güclü, sirayətedici təsiri var. Bilirdi ki, ordakı insanları həyata qaytarmağa mənəvi ruh verməyə yalnız onun poeziyası kömək edər.
Mən indi başa düşürəm ki, Dilbər xanıma böyük qüvvə toplamaq lazım idi ki, bu həbsxana divarları arasında çıxış etsin, bu koridorlarda yerisin.
Dilbər xanımın ömrünün son illəri olduğu bir vaxtda - Müşfiqin 80 illik yubileyi günlərinə təsadüf edirdi. Yubileydən əvvəl biz elə bilirdik ki, o çıxış edə bilməz. Özü də evdə demişdi ki, vəziyyətinə görə o bu gecədə də yalnız iştirak edəcək. Məclis başladı. Bir-birini əvəz edən gözəl çıxışlar, xatirələr... Birdən Anar (o gecəni yazıçı Anar aparırdı) sözü Dilbər xanıma verdi. Anam necə ayağa qalxdı, necə mikrafona yaxınlaşdı, heç özüm də bilmədim. Bircə Allaha yalvarırdım ki, o yıxılmasın. Axı onun vəziyyətini, xəstəliyinin ağırlığını məndən yaxşı bilən yox idi. Axı o, ayaq üstündə dura bilmirdi. Buraya qoluna girib gətirmişdim. İndi budur anam danışır. O, Müşfiqli günlərə uçmuşdu. Mənə elə gəlir ki, o heç nə hiss etmir, ətrafdakıları da görmürdü. Müşfiq dünyasında idi. Elə bu da ona güc verirdi. Bu güc onu səhnədə saxlayırdı. Mənə elə gəlirdi ki, bu, Müşfiqə olan eşqin gücündəndir. Zalda əyləşənlər elə bil heç nəfəs almırdılar. Heç kim ona mane olmaq istəmirdi. Təntənəli hissə qurtardıqdan sonra mən anamın yanına getdim, onun əlindən tutum. Ona kömək edim. O, şairlər və yazıçılar arasında idi. Onlarla Müşfiqdən danışırdı. Və elə bil hamı ilə vidalaşırdı. Bu onun axrıncı Müşfiq gecəsi idi, axırıncı yubiley, sonra biz onunla lojada əyləşdik. Konsert proqramı başladı. Gözəl çıxışlar çox idi. Konsert Zeynəb Xanlarovanın çıxışı ilə bitməli idi. Ancaq gözəl müğənnimiz Zeynəb xanımın çıxışı anamı çox kövrəltdi. Bir də gördüm ki, anam əlinin arxası ilə yanağına düşmüş bir damla göz yaşını sildi. Əslində mənim anam çox güclü, daha doğrusu dözümlü qadın idi. Bəlkə də bu ondan irəli gəlirdi ki, həyatda çətinlikləri çox görmüşdü. Mən ilk dəfə idi anamın gözündə yaş görürdüm. Mən başa düşdüm ki, anamın dözümünün tükənməsi demək imiş...
Bu bir damla göz yaşının hekayəti bir ömrün sevgi dastanının sonluğuna çevrildi. Dillərdə dastana çevrilmiş sevginin sonluğuna.