SON DƏQİQƏ

VƏTƏNDƏ SON GECƏ

Tarix:

1-03-2023, 21:09

/ 2 205 dəfə oxundu.
VƏTƏNDƏ  SON  GECƏ

                                      AĞALAR  İDRİSOĞLU

                                                 (hekayə)

 

                    Dövlət iki  şeydən sarsıla bilər: günahkar cəzasız qalanda

                  və günahsıza  cəza veriləndə.

                                                               Heydər   Əliyev

 

Tanınmış alim, məşhur riyaziyyatçı, maraqlı hekatələrin, povestlərin müəllifi, böyük filosof, imzasına, ağlına, təfəkkürünə millətin çox hörmət etdiyi Fikrət Qayalının və ailə üzvlərinin bu gecə Vətəndə son gecələri idi. Onlar sabah saat 11-də təyyarə limanında olacaqdılar. Fikrət Qayalı, həyat yoldaşı Zəmilə xanım, oğlu Tural, qızı  Fikriyyə, kürəkəni Hikmət və dörd qız nəvələri yaşamağa Almaniyaya gedəcəkdilər. Doğma yurddan getmək hamının ürəyincə olsa da Fikrət Qayalının və Zəmilə xanımın ürəyincə deyildi. Onlar ömürlərini pis-yaxşı burada, Vətəndə sürmüşdülər. Artıq ahıl yaşında idilər...

Fikrət Qayalının böyük oğlu Hilal Almaniyada yaşayırdı. O da atası kimi riyaziyyatçı idi. Almaniyada təhsil alandan sonra onu orada saxlamışdılar. Ağlına, savadına, biliyinə, bacarığına görə Hilala hər cür şərait yaratmışdılar. Otuz yaşında elmlər doktoru olmuşdu. İndi qırx yaşı vardı. Almaniyanı xarici ölklərdə beynəlxalq səviyyəli elmi yığıncaqlarda təmsil edirdi....

İndi yetmiş yaşlı Fikrət Qayalı da Almaniyaya mühacirətə gedirdi. Çünki siyasi baxışlarına görə  onu Vətəndə həbs edib, ona qondarma cinayət işləri açmışdılar. Üç ay həbsdə yatandan , orada başına bəzi işgəncələr gətiriləndən sonra  oğlu Hilal Qayalının böyük səyi nəticəsində beynəlxalq təşkilatlar  və səfirliklər işə qarışaraq onu azad etmişdilər. Amma bu şərtlə ki, ölkədən köçüb getsin. Fikrət Qayalı buna razı olmasa da və mübarizəsini, heç bir günahı olmadığını sübüt etməyi  Vətəndə davam etdirmək istəsə də, amma polad iradəli bu böyük şəxsiyyəti  sındırmışdılar... Artıq heç yerdə işləmirdi. "Yaş senzinə” görə bir il bundan qabaq işdən də çıxarmışdılar. Özü də təkcə onu yox,  həkim  oğlu Turalı, riyaziyyatçı qızı Fikriyyəni və savadlı fizik, kürəkəni Hikməti də ayrı-ayrı bəhanələrlə işdən uzaqlaşdırmışdılar. Nəvələrinə isə məktəbdə müəllimlər və bəzi sinif yoldaşları eyhamla " Vətən xainin nəvələri” sözləri deyir və onları da sındırırdılar. Son iki ayda onlar da məktəbə getmək istəmirdilər... Bax, bütün bunlara görə Almaniyada yaşamağa getmək onların ürəyincə idi. Amma bu, Fikrət Qayalının ürəyincə deyildi. O, doğma canından çox sevdiyi, minlərlə ağrılı-acılı-şirinli xatirələr yaşamışdı bu Vətəndə... Öz biliyi, savadı, böyük zəhməti ilə istədiklərini əldə edə bilmişdi.  Doğmalarının qəbirləri vardı bu məmləkətdə. Tez-tez gedib onların qəbirlərini ziyarət edirdi. Axı Fikrət Qayalı bunları qoyub necə gedə bilərdi?.. Beynindəki yüzlərlə sual ona yatmağa  imkan vermirdi. Almaniyaya da bu ümidlə gedirdi ki, tezliklə hökumət devriləcək və o, yenidən Vətənə qayıdacaq. Çünki hakimiyyətə  gəldiyi iki ildə bu hökumət  böyük haqsızlıqlar edir, millət arasına tayfabazlıq, yerlibazlıq, rüşvət  toxumu səpir və onunla razılaşmaq istəməyənlərin də ağlına, bacarığına, millətə hansı xeyir verməsinə  baxmadan Vətəndən sürgün olunmasına, həbsxanalara salınmasına çalışırdır. Ağıllı, savadlı, sözü üzə deyən, iş bacaran insanlar yeni hökumətin  düşməni idi. Elə bil bu hökumət qarşısına  bir məqsəd qoymuşdu. Millət nadan, savadsız olsun. Çünki qara, savadsız  kütləni idarə etmək asan olar...

Fikrət Qayalı da məhz  bu oyunun qurbanı olmuşdu. Dərs dediyi universitetdə iş bacarmayan, savadsız, amma yüksək səviyyədə rüşvətxor, yeni hakimiyyətin adamı olan, bir  vaxtlar riyaziyyat üzrə doktorluq elmi işini Fikrət Qayalı yazan Sərvaz Məmmədlini  rektor təyin etmişdilər. Müəllimlərin, tələbələrin çoxu buna etiraz etsə də, amma sonra çoxunu ayrı-ayrı fəndlərlə, hiyləgər siyasətlə susdursalar da, Fikrət Qayalını susdura bilməmişdilər. Bu da yeni rektorun  əlində çox tutarlı, yaxşı alət olmuş və universitetdə olan bu narazılıqların hamısının başında Fikrət Qayalının durduğunu, indiki hökuməti devirib, özü Prezident olacağını  yeni hökumətə inandırmış və onunla bağlı çoxlu danos hazırlayıb həm mətbuata, həm də yeni hökumətə ötürmüşdülər. Təkcə bir günün içərisində otuzdan artıq qəzet və sayt Fikrət Qayalı ilə bağlı yalan məlumatları öz səhifələrində çap etdirib, onu  ölkədə çeviriliş etmək istəyən Vətən xaini adlandırmışdılar. Bir qrup radikal müxalifətçilərlə əlbir olduğunu, bir neçə xarici ölkəyə  cəsusluq etdiyini  də  ona damğa kimi vurmuşdular. Hətta universitetdə bir neçə tələbə və onların valideynlərini də tapib, guya Fikrət Qayalıya rüşvət  verib, müsbət qiymət aldığını da yazmışdılar. Bunların hamısının yalan, qurama oyun olduğunu Fikrət Qayalı mətbuatda yazmaq  istəsə də qəzet  və sayt rəhbərləri onun bu yazılarını çap etmək istəməmişdilər. Beləliklə, az bir vatda Fikrət Qayalı haqqında çoxlu qondarma məsələlər hazırlayıb, başqa alimlərə, yazarlara görk olsun deyə onu həbs etmişdilər...

Bütün bunları beyinindən keçirən və bir ilin içərisində başına bu qədər dəhşətli oyunlar gələn Fikrət Qayalı yata bilmirdi. Elə bil ki, yerinə qor dolmuşdu... Gecə saat ondan yerinə girsə də gözünə yuxu getmirdi. Balışının yanında qoyduğu qol saatına  baxdı. Bu saatı ona İngiltərədəki çıxışına görə bağışlamışdılar. Çox qiymətli saat idi. Axşamlar da işıq saçırdı. Saat  üç idi. Evdə hamı yatmışdı. Zəmilə xanım oyanmasın deyə sakitcə yerindən durub, mətbəxə keçdi. Umumiyyətlə, Fikrət Qayalının adəti id. O, axşamlar tez yatırdı və səhər  saat 4- 5 radələrində ayağa durub, bədii yazılarını yazmaq üçün mətbəxə keçirdi. Mətbəx onunçün bu evdə ən yaxşı yer sayılırdı. Elə gündüz də mətbəxtdə oturub, pəncərədən bayıra baxmağı çox xoşlayırdı. Bu yerə o, "qəm və ilham pəncərəsi” deyirdi. Çünki məhz bu pəncərənin qarşısında əyləşməklə çoxlu maraqlı hekayələrini yazmış və riyazi tapıntılarını eləmişdi. O, mətbəxdəki  mebelin yuxarı gözünə qoyduğu vərəqləri və qələmi götürüb, pəncərənin qarşısındakı mətbəx stolunun arxasında əyləşdi. Pəncərədən bayıra baxdı. Artıq gündüzdən yağan qar, yeri ağappaq eləmişdi. Yenə də narın qar yağmağa davam eləyirdi. Kiçik çillə son günlərini yaşasa da, var qüvvəsilə özünü göstərirdi. Bəzi cır adamlar kimi "mən də varam” deyirdi. Həyətdəki maşınların da hamısı qarın altında idi. Ağacların  budaqları qarın ağırlığından əyilmişdilər. Fikrət Qayalı yerinə uzandığı vaxtdan beynində bir mövzu onu çox narahat edirdi. Bu mövzunun adını da artıq tapmışdı, belə fikirləşmişdi: "Vətəndə son gecə”. Mövzunun da elə bil ki, hər bir sətri onun beynində hazır idi. Sadəcə əyləşib, onu yazıya köçürmək lazım  idi. Fikrət Qayalı düşünürdü ki, bu hekayə onun  ən yaxşı hekayələrindən biri ola bilər. Hətta fikirləşirdi ki, bu mövzunu sonra genişləndirib, hətta  povest, roman da eləyə bilər. O, qaz sobasını yandırıb, çayniki onun üstünə qoydu. Bədii yazılar yazanda çay, kofe içməyi çox xoşlayırdı. O, mövzunun adını yazdı. "Vətəndə son gecə”. Dramatik hekayə.  Sonra  fikrini tam toplamaq üçün yenidən pəncərədən həyətə baxdı. Həyətdəki gur işıqların altında, iki evin arasındakı, maşınların saxlandığı meydança aydın görünürdü. Küləyin təsirindən havada "rəqs edən” böyük qar dənələri yerə düşməyə tələsirdilər.

Bu vaxt Fikrət Qayalı  həmin meydançada bir sahibsiz itin öz balası ilə qarda o tərəf-bu tərəfə getdiyini, özü üçün sığınacaq axtardığını gördü.  Sonra bir pişyin ağzında balasını tutaraq, qarı yara-yara qonşuluqdakı binanın zirzəmisinə girmək üçün özünə çox çətinliklə yol açdığını gördü... Özündən asılı olmayaraq, özünü həmin canlıların yerində hiss elədi... Axı o da tanınmış alim, yazıçı olsa da bu gün dövlət tərəfindən unudulan, bir il idi  ki, tam  yaddan çıxan sahibsiz bir insan idi...

... Bu vaxt Fikrət Qayalı ürəyində küt ağrı hiss elədi. Ağrı getdikcə şiddətləndi. Onu soyuq tər basdı. Ayağa durmaq istədi. Bacarmadı. İstədi həyat yoldaşı Zəmiləni və uşaqlarını çağırsın. Elə bil boğazı kilidlənmişdi. Xırıltılı səslə nə isə demək istədi. Alınmadı. Başını stolun üstünə qoydu. Xırıltısı bir az da artdı və sonra tam kəsildi... Fikrət Qayalının ürək damarları partlamışdı... Ağzından qan stolun üstündəki  "Vətəndə son gecə” sözləri yazılmış ağ vərəqin üstünə yayıldı... Bu qan, vərəqin üstündə saplağı kəsilmiş, ləçəkləri didik-didik olan qırmızı qərənfili xatırladırdı...

Bir həftə bundan qabaq bir həkim dostu ona demişdi ki, ürəyində problemlər var. Fikrət Qayalı fikirləşirdi ki, Almaniyaya gedib, orada müalicə  olunar. Çünki buradakı həkimlərə inamı qalmamışdı...

Həbsxanada yatan  vaxt  təzyiqi kəllə-çarxa çıxanda, oradakı həkimlər onun səhhətində problemlər yaratsalar da o, möcüzə nəticəsində salamat qalmışdı... Amma indi ürəyi onu Vətəndə saxlamaq üçün Fikrət Qayalıya "naxələf” çıxmışdı...

Sumqayıt şəhəri,

08-18 fevral - 2023-cü il


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ