
Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni biznesmen David Qalstyanı saxlayıb.
Bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.
Onun Ermənistan ordusuna köhnə və yararsız artilleriya mərmiləri tədarük etməkdə ittiham edildiyi bildirilib.
Qalstyanın şirkətinin ordudakı 1983-1986-cı il istehsalı olan toplara 1977-ci il istehsalı mərmiləri tədarük etdiyi qeyd edilib. Məhz bu razılaşma nəticəsində Qalstyanın 1,08 milyon dollar gəlir əldə etdiyi vurğulanıb.
Qalstyanla bərabər onun "Moston İnjiniyerinq” şirkətinin direktorunun da saxlanıldığı bildirilib.
Qeyd edək ki, David Qalstyan məşhur erməni silah qaçaqmalçısıdır. O, Ermənistanda "Patron Davo” ləqəbi ilə məşhurdur. Son illərdə keçmiş müdafiə naziri David Tonoyanın müşaviri kimi çalışan Qalstyan Ermənistana, Suriyaya, Serbiyaya və digər ölkələrə qaçaqmal yollarla silah daşınmasını həyata keçirib. Qalstyan həmçinin II Qarabağ savaşı zamanı döyüş zonasına muzdluların gətirilməsində də aktiv rol oynayıb.
O, Rusiyada arzuolunmaz şəxsdir.
































