SON DƏQİQƏ
» » Türkiyə "Asiya açılımı"na başlayır - 4 mühüm səbəb

Türkiyə "Asiya açılımı"na başlayır - 4 mühüm səbəb

Tarix:

6-08-2019, 09:00

/ 1 335 dəfə oxundu.
Türkiyə "Asiya açılımı"na başlayır - 4 mühüm səbəb

Türkiyənin Asiya açılımının bir neçə vacib səbəbi var.

Bu sözləri GunAz.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Asiya açılımı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O, beynəlxalq münasibətlər sisteminin mərkəzinin Atlantik mərkəzli olmaqdan çıxıb yavaş-yavaş Asiyaya doğru transformasiya etməyə başladığını söyləyib:

“Çavuşoğlunun bu açıqlamasına bir neçə perspektivdən yanaşmaq mümkündür. Birincisi, qlobal siyasətin getdikcə Asiya, Sakit okean hövzəsi mərkəzli transformasiyaya başladığını görürük. Çünki orada Çinin Yaponiya və Koreyanın yüksəlişi, sözügedən coğrafiyada xüsusilə Çinin aktivləşməsi, Rusiyanın həmin bölgəyə daha çox maraq göstərməsi, Asiyanın xüsusilə iqtisadi yüksəlişi və bunun yavaş-yavaş siyasi və hərbi iddialarla dəstəklənməsi beynəlxalq münasibətlərdə Asiya faktorunun önəmini artırmağa başlayıb. Hətta bir çox təhlillərdə 21-ci əsrin Asiya və ya Pasifik əsri olacağı bildirilir.

ABŞ-ın da bölgəyə marağı var. ABŞ-ın çox ciddi ekspertlərinin və ya nüfuzlu jurnallarının yayımlarına da baxanda Asiyaya diqqətin artdığını görürük. Bu çərçivədə Türkiyənin "Asiya açılımı"nı da əslində qlobal siyasətin mərkəzinin yeni formada Asiyada formalaşması prosesinə hazırlıq kimi görmək olar. Türkiyənin Asiyaya yönəlməsinin təməl motivi budur”.

Analitikin sözlərinə görə, Asiya açılımının ikinci səbəbi Türkiyənin regional siyasəti ilə yaxından əlaqəlidir:

“Türkiyənin ABŞ-la, Qərblə münasibətlərində ciddi problemlər var. Bu da Türkiyəni özünə yeni çıxış nöqtələri, alternativlər və ya yeni bazarlar, siyasi ortaqlar tapmağa təşviq edir.

Asiya iqtisadi baxımdan inkişaf edən, istehsalın güclü olduğu, bazarların yüksək inkişaf etdiyi bir coğrafiyadır. Türkiyə də təbii olaraq bu coğrafiyaya diqqət göstərir.

Ankaranın Asiyaya yönəlməsinin başqa bir motivi ətraf coğrafiyada, xüsusən Orta Şərq siyasətində Türkiyənin ciddi problemlərlə qarşılaşmasıdır. Ümumiyyətlə, Orta Şərq regionunda Türkiyənin son dövrlərdəki marağının müəyyən mənada azaldığını hiss etmək mümkündür”.

N.Cəfərsoy Türkiyənin Asiyaya yönəlməsinin dördüncü səbəbinin tarixi köklərə bağlılığın möhkəmləndirilməsi ilə əlaqədar olduğunu söyləyib:

“Çünki Türkiyə Asiya coğrafiyasına yönəldiyi zaman buradakı genetik, mədəniyyət bağı olan türk dövlətləri ilə münasibətlərini gücləndirmək imkanları yaranır. Bu da həm Azərbaycanla, həm də Orta Asiyadakı dövlətlərlə münasibətlərin daha da möhkəmlədirilməsini gündəmə gətirir. Əslində, son 30 ildə Türkiyə bu istiqamətdə çox ciddi addımlar atıb. Azərbaycan və Qazaxıstanla münasibətlərin inkişaf etdirilməsini buna misal çəkə bilərik”.

Analitikin fikrincə, Türkiyənin Asiya açılımı bu ölkə ilə münasibətləri gərgin olan ABŞ, eləcə də Qərb ölkələrində narahatlıq yaratsa da, sərt etiraza səbəb olmayacaq:

“Münasibətləri gərginləşdirməklə ABŞ və ya Avropa regionda Türkiyənin müttəfiqliyini itirmək kimi bir risklə qarşı-qarşıya qala bilər”.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yenidən “Asiya açılımı”nı elan etdiklərini açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ