SON DƏQİQƏ
» » Parlament gücləri Paşinyana qarşı niyə birləşdi?

Parlament gücləri Paşinyana qarşı niyə birləşdi?

Tarix:

3-10-2018, 14:49

/ 10 249 dəfə oxundu.
Parlament gücləri Paşinyana qarşı niyə birləşdi?

Ermənistanda gedən prosesin hətta ciddi şəkildə vətəndaş qarşıdurması, bəlkə də vətəndaş müharibəsi həddinə gəlib çatması mümkündür. Təbii ki, burada hər şey veriləcək qərarlardan asılıdır. Əgər müxalifətdə olan cinayətkar xunta hətta silahlı şəkildə hakimiyyəti ələ almağa cəhd göstərsə, o zaman prosesin qarşıdurma yolu ilə inkişafı da gözləniləndir.

GunAz.az xəbər verir ki, bu sözləri axar.az -a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, əslində Ermənistandakı parlament çoxluğunun revanş götürəcəyi bəlli idi:

“Şübhəsiz ki, daha öncə Nikol Paşinyan da öz açıqlamalarında parlamentdə bütövlükdə növbədənkənar parlament seçkilərinə maneə yaradacaq və hökumətin işini əngəlləyəcək bir prosesin getdiyini bəyan etmişdi. O, bu prosesdə hətta ona vaxtilə dəstək verən qrupların da iştirak etdiyini bildirirdi. Çox güman ki, o, burada Çarukyan Blokunu və Daşnaksütyun Partiyasını nəzərdə tuturdu. İndiki şəraitdə növbədənkənar seçkiləri əngəlləyə biləcək reqlamentin qəbul olunması sübuta yetirir ki, məhz bu proqnozlar özünü doğruldub. Ermənistanda keçmiş hakim partiyanın Qarabağ klanının revanş götürəcəyi hətta sabiq prezident Robert Köçəryan tərəfindən də bəyan edilmişdi. Köçəryan istintaqa çağırıldıqdan sonra açıq şəkildə bildirmişdi ki, artıq siyasətə qayıdır və kifayət qədər sərt olacaq”.

Analitik Ermənistanda gedən proseslərdə Rusiyanın əlinin olması ilə bağlı iddilara da münasibət bildirib:

“Məsələyə bu konteksdən yanaşmaq doğru deyil. Şübhəsiz ki, burada Rusiyanın maraqları var. Rusiya Qarabağın işğalı prosesindən bu yana himayə və idarə etdiyi qruplarla işini və fəaliyyətini davam etdirmək istəyə bilər. Amma məsələyə digər aspektdən də baxmaq lazımdır. Burada baş verən proseslər uzun illər boyu korrupsiyaya bulaşmış, cinayətlər törətmiş, Ermənistanda diktatura rejimini yaratmış cinayətkar hərbi xuntanın özünü müdafiə instiktinin ortaya çıxmasının nəticəsidir. Yəni onlar başa düşür ki, əgər siyasi hakimiyyəti ələ almasalar, bu, onların həbsi, siyasi səhnədən silinməsi ilə, əldə etdikləri qeyri-qanuni varidatın alınması ilə nəticələnəcək”.

Analitik vurğulayıb ki, bu adamlar öz törətdiyi cinayətləri hər kəsdən yaxşı bilir:

“Yəni ortalıqda hər kəsin bildiyi cinayətlərlə yanaşı, qaranlıq, kifayət qədər pərdə arxasında olan məqamlar da var. Çünki işğal prosesində, işğaldan sonrakı dövrdə bu adamlar qanlı əməllər törədiblər. Söhbət təkcə Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayət əməllərindən getmir. Yəni burada əsas müzakirə mövzusu insanlıq əleyhinə törədilən cinayətlərdir. Onların törətdiyi cinayətlərin miqyası kifayət qədər genişdir. Ermənistan vətəndaşlarının əleyhinə, Qarabağdakı ermənilərin öz əleyhinə törətdikləri cinayətlər ölçüyəgəlməzdir. Ona görə də özləri yaxşı başa düşürlər ki, bütün bunlara görə məsuliyyət daşımalı olsalar, bu onların ömürlük həbsi ilə nəticələnəcək. O baxımdan da indiki şəraitdə Ermənistanın bütün keçmiş siyasi elitasının ayağa qalxması və Paşinyanla mübarizəyə cəhd göstərməsi onların özlərini müdaifə etmək üçün atdığı addımdır. Doğrudur, məsələnin bu dərəcədə sadə şəkildə inkişaf edəcəyini və Paşinyanın da qısa müddət ərzində geri çəkiləcəyini gözləmək sadəlövhlük olardı. Ermənistanda cin şüşədən çoxdan çıxıb. Ermənistan cəmiyyəti artıq köhnə komandanın hakimiyyətə qayıtmaması üçün, düşünürəm ki, müqavimət göstərəcək”.

скачать dle 12.1

Şərhlər