SON DƏQİQƏ
» » Tramp müsəlmanları Qüdsə görə üsyana qaldırır - böyük skandal

Tramp müsəlmanları Qüdsə görə üsyana qaldırır - böyük skandal

Tarix:

5-12-2017, 08:58

/ 1 280 dəfə oxundu.
Tramp müsəlmanları Qüdsə görə üsyana qaldırır - böyük skandal

Müsəlman aləminin parçalandığı, daxili müharibələrdən və düşmənçilikdən əziyyət çəkdiyi bir zamanda bu qərara ciddi müqavimətin olacağı gözlənilmir, yəhudilər üçün ən uyğun fürsət yaranıb...
ABŞ prezidenti Donald Tramp bu həftə Qüds (Yerusəlim) şəhərini İsrailin paytaxtı olaraq tanıyıb-tanımayacağına qərar verəcək. “Euronews” telekanalı xəbər verir ki, bu barədə prezidentin kürəkəni və müşaviri Cared Kuşner açıqlama verib. Kuşner deyib ki, Tramp çərşənbə günü bununla bağlı qərarını verəcək. Sitat: “O, hələ də çoxlu sayda fərqli nüansları dəyərləndirir. Qərar verdikdə onu özü açıqlayacaq, mən deyil”.
Qüdsü İsrailin paytaxtı kimi tanımağı Tramp hələ namizəd olarkən vəd edib. Bu məsələ o zaman da ciddi reaksiya doğurub və ehtimal ki, Vaşinqton bu qərarın doğuracağı reaksiyanı nəzərə alaraq təxirə salıb. ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə (Yerusəlim) köçürülməsi ilə bağlı qanun ABŞ-da 1995-ci ildə qəbul olunsa da, əvvəlki ABŞ prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama hər 6 aydan bir “milli təhlükəsizlik” səbəbi ilə qanunun tətbiqinə veto qoyub. Ancaq indi Tramp yəhudilərə söz verib və görünən odur ki, Konqresdən ciddi müqavimət olmasa - hansı ki, artıq faktiki olaraq Konqres bu qanunu qəbul edib - səfirliyin köçürülməsi reallaşa bilər. Ancaq Qüds şəhəri artıq 50 ildir ki, İsrailin nəzarətində olsa da, müsəlmanlar bu şəhərin geri alınacağına ümidlərini itirməyib.
Qüds hər 3 səmavi dinin - İslam, Xristianlıq və Yəhudiliyin müqəddəs şəhəridir. Hər 3 dinin yaranmasında və əsas mətnlərində bu şəhər müqəddəs məkan olaraq qeyd olunur. Qüdsdə yerləşən “əl-Əqsa” məscidi isə müsəlmanlar üçün xüsusi statusa malikdir. Çünki müsəlmanların ilk qibləsi, yəni ibadət edərkən üzlərini tutduqları şəhər Qüds idi, Həzrət Məhəmməd (s.ə.s) bu şəhərdən “meraca” gedib. “Əl-Əqsa” Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs məkandır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən “Məscid əl-Əqsa” adlandırılıb. Ancaq bu müqəddəs məkanın tarixi İslamdan çox-çox qədimə gedir.
 “Beyt əl-Maqdis” və ya “Beytül Müqəddəs” adlanan məbəd Quranda adı keçən həzrət Davud Peyğəmbərin zamanında inşa olunub. Ancaq rəvayətə görə, Həzrət Davud bu məbədin divarları bir adam boyu hündürlükdə olanda vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu Həzrət Süleymana nəsib olur. “Məscid əl-Əqsa”nın tikintisində qızıl, gümüş, yaqut və başqa zinət əşyalarından istifadə olunub, tikinti 7 ilə başa gəlib.
Hədislərə görə, ilk vaxtlarda məbədin adı “Beyt əl-Maqdis” kimi qeyd olunurmuş. Ancaq sonradan Quranda da nəql olunan “Məscid əl-Əqsa” adından istifadə olunmağa başlayır. Rəvayətə görə, Həzrət Süleyman nəsildən-nəslə keçən və içərisində Həzrət Musadan yadigar qalan qədim Tövrat nüsxəsinin olduğu Əhd sandığını (Tabutu Səkinə) “Məscid əl-Əqsa”ya qoyub. Lakin sonrakı illərdə Qüdsə hücum edərək işğal edən Assuriya hökmdarı Buhtunnasr (İbranicə Nabuchodonosor-Nabukednazar) məscidi qarət edərək Babilə aparıb.
Sonradan “Məscid əl-Əqsa” bərpa olunsa da, eramızın 70-ci ilində Qüdsü işğal edən Roma İmperiyasının orduları şəhəri və eləcə də “Məscid əl-Əqsa”nı yandırıb dağıdırlar. Bu təqvim eyni zamanda “Məscid əl-Əqsa”nın yəhudiliklə əlaqəsinin sona çatdığı dövr hesab olunur.
İslamın ilk illərində Qüds müsəlmanların qibləsi olub. Daha sonra qiblə dəyişsə də, Peyğəmbərin “meraca” getdiyi məkan müqəddəsliyini qoruyub saxlayıb. 638-ci ildə ikinci xəlifə Ömər Suriyaya səfəri zamanı “Məscid əl-Əqsa”nı ziyarət edib. Məhz xəlifənin tapşırığı ilə məscid yenidən bərpa olunub və ibadətə açılıb. Eyni zamanda İslamın təkallahlı dinlərə olan hörmətinin bir nümunəsi olaraq “əl-Əqsa” məscidində həmin vaxt yəhudilərin də ibadət etməsi üçün icazə verilib. Həmçinin Qüdsdəki xristian kilsələri də ibadətə açılıb.
1099-cu ildə Qüdsü işğal edən Avropa səlibçi ordusu şəhəri tamamilə qarət edib yandırır. Bu zaman xristian səlibçilər xristianlıq tarixində mühüm yeri olan “Məscid əl-Əqsa”nı da qarət edib yandırırlar. Daha sonra səlibçilərin Qüdsdəki hakimiyyəti dönəmində “Məscid əl-Əqsa” kilsəyə çevrilir. Ancaq xristianların Qüdsdə hakimiyyəti 88 il davam edir.
1187-ci ildə Səlahəddin Əyyubinin rəhbərlik etdiyi müsəlman orduları Qüdsü azad edir. “əl-Əqsa” kilsə heykəllərindən təmizlənərək yenidən məscid kimi fəaliyyət göstərməyə başlayır. Bu dövrdən 1918-ci ilə qədər Qüds şəhəri müsəlmanların nəzarətində olur və orada hər hansı etnik və dini münaqişə olmur. 1918-ci ildə Osmanlı dağılır və Fələstin əraziləri Britaniya İmperiyasının nəzarətinə keçir. Bundan sonra bölgəyə yəhudi köçü sürətlənir və paralel olaraq ərəblərlə yəhudi qrupların arasında qarşıdurmalar artır.
Nəhayət, 1947-ci il noyabrın 29-da BMT Fələstin ərazilərində ərəb və yəhudi (İsrail və Fələstin) dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul edir. Qərara görə, Qüds şəhəri beynəlxalq statuslu ərazi olmalı idi. Ancaq yəhudilər 1948-ci il mayın 15-də dövlət elan edir və fələstinlilər dövlət yarada bilmir.
1948-ci ildə baş verən savaşda İsrail Qüdsün qərb hissəsini, 1967-ci ildəki 6 günlük savaşda isə bütövlükdə şəhəri işğal edib orda öz qaydalarını qoymağa başlayır. 1969-cu ildə avstraliyalı bir fanatik protestant “Məsciq əl-Əqsa”nı yandırır. Ancaq bəzi iddialara görə, məscidin yandırılmasını İsrail xüsusi xidmət orqanları təşkil edir. Bu hadisə müsəlman dünyasında böyük etirazlara səbəb olur. Qüds müsəlman aləminin bəlalarının simvoluna çevrilir.
Qeyd edək ki, yəhudi və müsəlmanlarla yanaşı, Qüds, eləcə də “Məscid əl-Əqsa” xristianlar üçün də müqəddəs məkan mahiyyətindədir. Belə ki, Həzrət İsanın bu torpaqlarda dünyaya göz açması, yaşaması, nəhayət, çarmıxa çəkilməsi burada baş verib. Qüds xristianlığın başlanğıc yeri kimi xristianlar üçün müqəddəs dəyərə malikdir.
Ancaq Trampın qərarı Qüdsün siyasi cəhətdən yəhdiləşdirilməsi, müsəlmanların əlindən alınaraq İsrailin paytaxtına çevrilməsini, necə deyərlər, rəsmiləşdirəcək. Bu isə böyük ehtimalla müsəlman aləmində ciddi reaksiya doğuracaq.(musavat.com)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ