SON DƏQİQƏ
» » Avropa Milad bayramında terror hədəfində - İŞİD-dən şok hədələr

Avropa Milad bayramında terror hədəfində - İŞİD-dən şok hədələr

Tarix:

2-12-2017, 09:11

/ 819 dəfə oxundu.
Avropa Milad bayramında terror hədəfində - İŞİD-dən şok hədələr

Son illərdə terror təşkilatları Avropa ölkələrini müxtəlif bayramlarda, önəmli tədbirlərdə hədəf alırlar. Bu baxımdan qarşıdan gələn Milad bayramında terror aktlarının həyata keçirilə biləcəyi məsələsi yenidən aktuallaşıb.
Artıq İŞİD terror təşkilatının  hədələrinin şahidi olmaqdayıq. Belə ki, terror qruplaşmasına yaxın sosial şəbəkə hesablarında Milad bayramında bəzi yerlərdə terror aktlarının planlaşdırılması barədə xəbərdarlıqlar yayılıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, yayımlanmış şəkillərdən birində Milad bayramında Nyu-Yorkda partlayış törədiləcəyi ilə bağlı təhdid var. Daha bir təhdid isə İngiltərə sakinlərinə ünvanlanıb.
Bundan əlavə, İŞİD-lə əlaqəli olan qruplaşmalarından biri Milad bayramı ərəfəsində Vatikanda terror aktı törətmək planları barədə xəbər yayıb. Trend xəbər verir ki, qruplaşma Vatikanda Müqəddəs Pyotr kilsəsinə yaxınlaşan avtomobilin əks olunduğu plakat yayımlayıb. Bundan başqa, Roma papası I Fransiskin başsız bədəninin əks olunduğu plakat da nümayiş etdirib.
Hazırda bu təhdidlə bağlı araşdırmalar aparılır. Göründüyü kimi, Milad bayramına doğru keçən hər gün terror ehtimalları artır. Terrordan necə qorunmaq, ölkələrin hansı tədbirləri görmələri ilə bağlı təhlükəsizlik ekspertləri, politoloqlar tərəfindən ən müxtəlif fikirlər səslənir.
 
Uzun müddət təhlükəsizlik orqanlarında çalışmış, siyasi şərhçi Arzu Nağıyev dini baxımından terror aktlarının daha çox Milad bayramı ərəfəsində planlaşdırılması ilə bağlı fikirləri doğru saymır: “Terror aktı törədilərkən əsas məqsəd insanların daha çox toplaşdığı ərazi olur. Burada terror aktı həyata keçirilərkən vacib  məsələ terrorçuların gizlənməsi, daha çox video çəkilişlərin aparılması və tərəfdarlarına göstərilməsidir. Terror hadisəsində həm də əsas hədəf kimi qadınlar və körpələrin daha çox toplaşdığı yer seçilir. Bu zaman belə bir fikir də formalaşır ki, dövlət öz vətəndaşlarını belə hadisələrdən qoruya bilmir. Məqsədyönlü şəkildə seçilmiş məkanlar olur. Əsas diqqət çəkən məqam da o olur ki, terror vaxtı ya iş olmur, ya da iş vaxtı az olur, insanlar daha çox toplaşır, turistlər gəlirlər. Bu baxımdan dini bayramlar və digər bayramlar vaxtı terrorun həyata keçirilməsi təsadüfi məsələlərdir. Belə hadisələr hüquq mühafizə orqanlarının diqqətindən yayınan ərəfələrdə baş verir. Onlar əvvəlcədən Milad bayramında belə hadisələr törədəcəkləri xəbərdarlıqlarını edirlərsə, demək xüsusi xidmət orqanları dərhal hərəkətə keçir, əraziləri qoruyur.
Demək əsas məqsəd öz varlıqlarını sübut etmək, dövlətlərin onlardan çəkindiklərini göstərməkdir. Düşünürəm ki, bu aktların müsəlman və xristian bayramlarında baş verməsi xüsusi əhəmiyyət kəsb etmir. Avropanın daha çox hədəf seçilməsinin də bəzi səbəbləri var. Onlardan biri  NATO-nun aparıcı dövlətlərinin Əfqanıstan, İraq və Suriyada aparılan əməliyyatlarla bağlı yaradılan koalisiyanın üzvü olmalarıdır. Məhz bu baxımdan əsas hədəf kimi onlar seçilir. Əvvəl deyirdilər ki, miqrant kütlələrindən istifadə edərək bunları edirlər. Son vaxtlar Suriyada baş verən hadisələrdən sonra yəqin ki, terrorçular öz ərazilərinə qayıtmağa başlayacaqlar. Digər tərəfdən orada döyüşən hərbiçilər bayramlar ərəfəsində tətilə də buraxılırlar. Diqqət edin, indiyə qədər törədilmiş əksər terror aktlarının içərisində nə bir hərbiçi, nə də xüsusi xidmət orqanının əməkdaşı yoxdur. Terrorçular asayiş iştirakçılarına hücumlar edəndə də dərhal cavablarını alırlar. Avropa həm qeyd etdiyim koalisiyada iştirak etdiyinə görə, həm də orada gizlənmək asan olduğundan hədəfdədir. Son vaxtlar Avropaya çoxsaylı miqrant kütlələri gəlib”.
 
A.Nağıyev Avropa ölkələrinin terror təhlükəsindən necə qorunmalı olduqları barədə də danışdı: “Son bir ildə xüsusi xidmət orqanları həddən artıq iş metodlarını dəyişiblər, xeyli gücləniblər. Əvvəllər xüsusi xidmət orqanları arasında koordinasiya yox idi. Hamının nədənsə məlumatı var idi, amma ortaq koordinasiya mərkəzləri yox idi. İndi isə belə deyil. Terror təşkilatlarının aktlar həyata keçirmək imkanları da xeyli zəifləyib. Törədilən terror faciələrinin sayı da bunu sübut edir. Artıq terrorçular avtomobilləri insanların üzərinə sürüb onları əzməklə niyyətlərini həyata keçirməyə cəhdlər edirlər. Xüsusi bir partlayışların törədilməsi demək olar yoxdur. Terror təşkilatları tənəzzülə uğraya-uğraya gedirlər. Amma bir daha qeyd etmək lazımdır ki, terrordan heç bir dövlət sığortalanmayıb. Çünki xüsusi xidmət orqanları terrora qarşı mübarizədə öz metodlarından istifadə etdikcə, onlar da öz metodlarından istifadə edirlər. Burada siyasi motivlər də çoxdur, seçki prosesləri, gələcəkdə siyasi elitada kim oturacaq kimi məsələlər var. Bu baxımdan indi tam şəkildə demək olmur ki, Avropa terrordan sığortalanıb. Terror aktlarının davam edəcəyini də demək mümkün deyil. Məsələyə siyasi və digər aspektlərdən yanaşmaq lazımdır”.(musavat.com)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ