SON DƏQİQƏ

"Ruhlar şəhəri" Ağdamdan-REPORTAJ-FOTOLAR

Tarix:

17-04-2021, 11:36

/ 6 614 dəfə oxundu.
"Ruhlar şəhəri" Ağdamdan-REPORTAJ-FOTOLAR

Neçə-neçə  şəhidlərimizi öz qoynuna alıb rahatlıq verən, qaçqınları həyacanla qarşılayıb toxtaqlıq verən, öz adı sanı ilə, qəhrəmanları ilə məşhur olan Ağdamım indi özün dağılmış, yerlə yeksan olunmusan.
Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin təşkilatçılığı ilə 28 nəfərlik jurnalist qrupunun və 8 nəfər televiziya çəkilişinin iştirakı ilə Ağdama səfərimiz bizi çox sarsıtmışdı. Vəhşi, gorqazan, ermənilər Ağdamın bütün məzarlıqlarını qazıb yerlə yeksan edib, şəhərin bütün tikililərinin standart "kubik"lərinə qədər daşiyıblar. Yerdə qalan qalaq-qalaq qara daşlar isə əsil xarabalığı xatırladırdı, heç elə bil burda nə yaşayış, nə də ki, insan zəhməti olmamışdır. Qarabağın ən böyük rayonu, 200 minlik əhalisi olan Ağdamdan əsər-əlamət qalmamışdı. 
Vaxtilə Ağdam Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri idi. 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş Ağdam şəhəri praktik olaraq yer üzündən silinibdir. Müxtəlif ölkələrin rəsmi və qeyri-rəsmi nümayəndələri, səfirliklər və jurnalistlər ermənilər üzərində qazandığımız qələbədən sonra işğaldan azad edilmiş Ağdam torpaqlarını ziyarət edib, gördüklərindən dəhşətə gəliblər. Erməni vəhşiliyi nəticəsində Ağdam şəhərinin tamamilə məhv edildiyinin şahidi olublar. Hətta "ruhlar şəhəri" adlandırılan Hirosima ilə müqayisə edilib.
Ağdamın Təzəkənd qəsəbəsində bizi qəhrəman hərbiçilərimiz qarşılayır, hər birimiz ayrı-ayrılıqda yoxlanıldıqdan sonra nəzarət məntəqəsini keçirik. Qarşıda isə  ANAMA-nın nümayəndələri bizi qarşılayır, bizi xeyli məlumatlandırdıqdan sonra partlamamış minanı partlatmasını nümayiş etdirməyini bizə bildirdilər. Hər birimiz həyacanla partlama anını gözləyirik, bu anda əmr gəlir və yer ayağımızın altnda tərpənir və həyacanlanmamaq mümkün deyildi.
1993 cü ildə ümummilli liderimiz Heydər Əliyevin çağırışı ilə Ağdamda hərbi döyüşlərdə iştirak etmiş müharibə veteranı kimi, qrad, mina partlayışlarını çox görsəm də yenə də bu anda bütün xidmət dövrünün odlu-alovlu olan o günləri məni keçmişə apardı. İşğal altında olan torpaqlarımızla  200-300 metr məsafədə olan kəndlərimizin qəhrəman sakinlərinin nə qədər qorxulu həyat yaşadıqları bizi düşündürür.
 Nəhayət avtobusa minib üz tutduq işğaldan azad olunmuş Ağdama tərəf. Bizə bələdçilik edən Ağdam yeni Azərbaycan təşkilatının İcra Aparatının rəhbəri Zülfi Qasımov yol boyu bərk-bərk tapşırırdı ki, yoldan kənar heç yerə çıxmayaq, çünki hər tərəf vandal ermənilər tərəfindən minalanıb. Zülfü müəllim bilirdi ki, aramızda Ağdamdan olan jurnalistlər var və onlar istər-istəməz 30 ildən sonra öz doğma torpaqlarına qədəm qoyurlar, bu nə qədər onlar üçün sevincli və ağır idi, istər istəməz öz doğma evlərinə baş çəkmək istəyəcəklər.
 Yol boyu ermənilərin yolun kənarında ucaltdığı sədlərdən dağıdılmış evlər görünmürdü. Yoldan 30-60 metr kənarda minalanmış və tikanlı məftillərlə işarələnmiş ərazilər yol boyu uzanırdı. Belə qənaətə gəlmək olardı ki, ermənilər özlərinə sərhəd müəyyənləşdiriblər. Qərvənddən başlayan bu səddi ermənilər "Ohonyan səddi" adlandıriblar, bu 7-8 səddən ibarət idi. Müşaiyətçi Zülfi müəllim bildirdi ki, bu sədd o qədər möhkəm olub ki, əgər Ağdam istiqamətindən hücuma başlasaydıq xeyli itkimiz olardı. Ali Baş Komandan İlham Əliyevin taktiki gedişi bu qırğının qarşısını aldı və Ağdam müharibəsiz boşaldıldı.
Uzundərə deyilən yerdən şəhərə yaxınlaşırıq. Ağdamın Azərbaycana təhvil verilməsindən sonra şəhərin işğal illərində məruz qaldığı dəhşətli vəziyyətlə üzləşirik
İlk tanışlığımız şəhidlər uyuyan 3-cü Fəxri Xiyabandan başladı. Bələdçimiz bildirdi  ki, Ağdamda 3 şəhidlər xiyabanı var və ərazisi hektarlarladır, Ağdamın 6200-ə qədər şəhidi var. Şəhidlər xiyabanında gördüklərimiz bizi dəhşətə gətirdi, gorqazan ermənilər bütün məzarları qazib şəhidlərimizi çıxarmışlar, məzarların boş yeri qalmışdı.
İkinci tanışlığımız 2-ci Fəxri Xiyaban oldu, hansı ki, burda Milli Qəhrəmanımız Allahverdi Bağırov uyuyurdu.
Yadıma şair - jurnalist İlyas Qəmginin ( Allahverdiyevin)  vaxtilə yazdığı bir bayatı düşdü;
Allahverdi Ağdama,
Arxa idi Ağdama.
Siz Allah, bəd xəbəri,
Yetirməyin Ağdama .
Burda da həmin görüntülərlə qarşılaşdıq bütün məzarlar gorqazan ermənilər tərəfindən qazılmış , tamamilə yox edilmişdi. Allahverdi Bağırovun məzarı üstə dayanaraq bütün şəhidlərimizə dualar etdik. 
Növbəti dayanacağımız Ağdam kanalı adlanan ərazi oldu burda da bütün tikililər yerlə yeksan olmuşdu.Yerli jurnalistlərimiz heç haranı tanımadılar, halbuki, onlar orda doğulub böyümüşdülər. Bu səbəbdən də bizi müşaiyyət edən Zülfü müəllimə suallar yağdırır, o isə hərdən kövrək, hərdən də narahat halda onlara tələsməməyi, bütün suallara cavab verəcəyini bildirirdi.
Bələdçimiz bizə "İmarət"də hər bir suala ətraflı cavab verəcəyinə söz verdi və imarətə yola düşdük.
XVIII əsrə aid abidə 1738-ci ildən sonra – Pənahəli xanın Qarabağda quruculuq işlərinə başladığı dövrdə inşa edilib. Tikili iki binadan ibarət olub və Pənahəli xanın imarəti də adlanıb.
Düşmən təcavüzü illərində mənfur qonşularımız mədəniyyətimizi təhqir etmək, torpaqlarımızdakı izləri silmək məqsədilə bu saraya da külli miqdarda zərər vurublar. Saraydan tövlə və əsgərlər üçün sığınacaq kimi istifadə olunub. Pənahəli xanın, Natəvanın məqbərələri dağılmış vəziyyətdə, Natəvanın büstünü isə tamamilə sındıraraq ətrafa dağıtmışdılar.
İmarətin yanında yerləşən "Qarabağ"ın stadionu ilə bizi tanış edirlər. Bu stadion qeyri-adiliyi ilə də fərqlənir belə ki, stadionun ot örtüyü təbii otdandır, burda heç bir yağış suyu yığışmır, yağış yağandan sonra qısa 40-50 dəqiqədən sonra meydanda su qalmır.
Yolumuza davam edərək 1-ci Fəxri Xiyabana yollandıq. Yol boyu dağılmış hündür mərtəbəli binalardan  əsər əlamət qalmadığının şahidi olurduq, heç elə bil burda heç bir bina, yaşayəş olmayəb, çox ağrılı idi.
Fəxri xiyaban heç qəbiristanlığı xatırlatmırdı, burda da bütün məzarlar dağıdılmışdı. Girişdə bizi cəlb edən bir ailənin 4 üzvünün məzarı hamımızı kövrəltdi. Zülfi müəllim bizə bildirdi ki, bunlar Xocalıdan olan Şəhidlərdir, 2 uşaq 1 yeniyetmə və atalarıdir. Yaxınları gəlmişdi məzarlarını tapa bilmədiyindən dedim bu əklilləri hara qoysanız onların məzarıdır. Şəkilləri girişdə basdıraraq gülləri şəkillərin yanına qoyub təskinlik taparaq getdilər. Məzarlıq erməni dığaları tərəfindən minalandığından Ağdamlı jurnalistlərimizin heç biri yaxınlarının məzarlarını müəyyənləşdirə bilmədilər, onlar çox kövrəlmişdilər. 30 ildən sonra Vətənə gəlib ata, ana məzarını tapa bilməyəsən, bütün şəhəri dağılmış görəsən, bu çox ağrilı faciədir. Hətta özlərini gizlinə verib ağlayanlar da var idi.
Qəbirsanlığın təxmini 3-4 hektar ərazisi ermənilər tərəfindən şumlanaraq taxıl əkilmişdi ki, bu da ermənilərin dunyanın ən axmaq, insanlıqdan uzaq vəhşiliklərindən xəbər verirdi.
Bizdən 2-3 km aralıda yolun o başında Xocavəndə çatmamış erməniləri qorumaq üçün rus "sülhməramlıları"nın postu görünürdü. Xocavənddə isə evlərin örtükləri dəmirdən vurulduğundan par-par parıldayırdı, elə bil bizə acıq vermək üçün bunu etmişdilər.
Beləcə yolumuza davam edərək Ağdam cümə məscidinə yollanırıq. Ağdam məscidi ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalmışdır. Ermənistanın  müvafiq dövlət qurumları tərəfindən Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verildiyi barədə erməni mətbuatından məlumatımız var. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, kommunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilmiş, Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılmışdır. İşğal dövrü ermənilər Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirdilər. Əhvalımız pisləşir və yolumuza davam edərək ermənilərin özəlləşdirdiyi Şahbulaq qalasına üz tuturuq.  
Qala Qarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmişdir.  XVIII əsr qala divarları memarlıq abidəsi sayılır. Ermənilər buranı özəlləşdirərək özününküləşdirmək istəyiblər hətta girışdə erməni, rus və ingilis dillərində lövhə də yapışdırıblar. Bu da onlara qismət olmadığını bildikdə çıxha-çıxda buranı da dağıdaraq abidəyə ciddi ziyan vurmuşdular. 
Sonda Medianın İnkişaf Agentliyinin məsul şəxsi Rüstəm Bəy hər bir kəsə Agentliyin rəhbərliyi adından təşəkkürünü bildirdı və bu günü ibadətə bərabər bir gün adlandırdı. Media nümayəndələri də bu vacib səfərə görə Medianın İnkişaf Agentliyinin rəhbərliyinə minnətdarlıq bildirdilər.
Qala ətrafında xatirə şəkili çəkdirərək, işqaldan azad olunmuş Ağdamı ürək ağrisi ilə tərk edərək Bakıya yola düşürük...
Bilman İSAQ

 

"Ruhlar şəhəri" Ağdamdan-REPORTAJ-FOTOLAR

 

"Ruhlar şəhəri" Ağdamdan-REPORTAJ-FOTOLAR

 

"Ruhlar şəhəri" Ağdamdan-REPORTAJ-FOTOLAR

 

"Ruhlar şəhəri" Ağdamdan-REPORTAJ-FOTOLAR

 

 

"Ruhlar şəhəri" Ağdamdan-REPORTAJ-FOTOLAR

 

 

"Ruhlar şəhəri" Ağdamdan-REPORTAJ-FOTOLAR

 

"Ruhlar şəhəri" Ağdamdan-REPORTAJ-FOTOLAR

 

 

скачать dle 12.1

Şərhlər