SON DƏQİQƏ
» » İntihara sürüklənənlər: Medianın tutduğu yanlış yol

İntihara sürüklənənlər: Medianın tutduğu yanlış yol

Tarix:

11-03-2021, 14:03

/ 6 132 dəfə oxundu.
İntihara sürüklənənlər: Medianın tutduğu yanlış yol

Son günlər intiharlar sürətlə artmaqdadır. Azərbaycan kimi kiçik bir ölkədə intihar hadisələrinin baş verməsi problemin ciddiliyindən xəbər verir. İntihar edənlərin sosial tərkibinə nəzər saldıqda, onların maddi cəhətdən başqalarından heç də aşağı səviyyədə yaşamadığını (bəlkə də çoxundan üstün olduğunu) görmək olur. Ümumiyyətlə intihar insanın düşünülmüş şəkildə özünün ölümünə yol açma aksiyası olaraq tanınır. İntihar haqqında ən geniş yayılmış fikir bundan ibarətdir ki, insanların öhdəsindən gələ bilmədikləri duyğuları düzənləmək üçün intiharı yeganə çıxış yolu olaraq görürlər.

Özünə qəsd edənlərin əksəriyyətinin gənclər və yeniyetmələr olması isə günümüzün xoşagəlməyən reallığıdır. İki gün öncə Bakıda 2 məktəbli qızın birgə intihar etməsi hadisəsi isə məsələnin ciddiliyini bir qədər də artırmış oldu. Bəs görəsən nədir gənclərin problemi, onlar nə üçün intihar edirlər?

Psixoloq Elnur Rüstəmov hesab edir ki, intihar faktlarında medianın mühüm «rolu» var. O qeyd edib ki, intihar xəbərlərinin saytlarda, qəzetlərdə işıqlandırılması, həssas insanlarda və ya müəyyən psixoloji narahatçılığı olan insanlarda problemlərə səbəb olur: «İntihar prosesləri zamanı müəyyən qabaqlayıcı tədbirlər görmək lazımdır. Hər hansı mətbu orqan, intihar xəbərini işıqlandırarkən, həmin xəbərin özünü yox, baş vermə səbəblərini işıqlandırır. Əslində bunu necə aradan qaldırmaq olar, şəklində məsələnin maarifləndirici tərəflərini işıqlandırmaq lazımdır».

Psixoloqun sözlərinə görə, hazırda yaxşı və ya pis, kimin ailədaxili konflikti var, gedib intihar edir. Bu da insanlara çox mənfi təsir göstərir. Sabah təkrar bir situasiya yaşayan başqa bir insan da bu yolnan gedir, intihar edir. İntihar doğru bir addım deyil. Ona görə də, bu situasiyada çox həssas olmaq lazımdır. Yenə də kütləvi informasiya vasitələri bu həssaslığı nəzərə almalıdır”.

E.Rüstəmov təəəsüflə bildirib ki, son zamanlar, bu məsələ daha da aktuallaşıb: "Buna görə də, hər gün bir intihar hadisəsi baş verir. Yaxşı olardı ki, saytlar intihar haqqında xəbər yazmasınlar. İntihar xəbərini işıqlandırmaq, bir müddət o cür xəbərlərə xüsusi yer ayırmaq lazım deyil. Bir az arxa plana çəkmək lazımdır ki, proses sakitləşsin”.

Bəs intihara cəhd edənlər kimlərdir?

Psixoloq hesab edir ki, intihar bütün hallarda etiraz formalarından biridir: «İntihar riski yaşayanlar, əsasən tənhalar, uzun sürən xəstəliklərdən əziyyət çəkənlər, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlar, genetik faktor-nəsillikcə intihar edən insan qrupları və s. bu formada özünü göstərir. Bu ayrıca bir faktdır ki, adətən

yeniyetmələrin intihar etməsi halına da rast gəlirik. Ya sevgi problemi yaşayır, ya ailədə problem yaşayır, yaxud da kiminləsə ünsiyyətdə problem yaşayır. Dil tapa bilmir və bu hal baş verir. Ailədaxili konfliktlər səbəbindən də intiharlar olur.

E.Rüstəmov hesab edir ki, saytlarda yer alan intihar xəbərlərini oxumaq, belə xəbərlərə gözucu baxmaq belə zərərlidir: "İntihardan, intihar haqqında fikirlərdən uzaq dursunlar. Həyatda o qədər gözəl şeylər var ki… Həyat yaşamaq üçündür. Kim ki, yaxşı yaşamırsa, günah özündədir. Günəş çıxanda məxsusi adamlar üçün çıxmır, hamı üçün çıxır. Bu dünyada hamıya çatacaq qədər ev də var, maşın da var, iş də var. İnsan öz potensialına inanmalıdır”.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə açıqlamasında bildirib ki, intiharların baş vermə səbəbləri müxtəlif olsa da, bu halların son günlər artmasında əsas amil özünəqəsd hadisələrinin tirajlanmasıdır.

Onun sözlərinə görə, gənc qadınların intihar səbəbi əsasən sevgidə olan ümidsizliklə bağlıdır: "İntihar hadisələrini araşdırsaq, görərik ki, hər birinin ayrı səbəbi var. Amma ümumi bu həddə gətirib çıxaran səbəb daxildə ədalətsizliyə üsyan, ümidsizlik, acizlikdir".

Birlik sədri vurğulayıb ki, intihar hadisələrinin dərindən araşdırılmasına ehtiyac var: "İntihar hadisələrini kifayət qədər ciddi araşdırmaq lazımdır. Bu səbəblər öyrənilməli, aradan qaldırılmalıdır".

M.Zeynalova qadınlar arasında intihar növü kimi özünü atmağın populyarlaşmasının virus davranışı olduğu qənaətindədir: "Çox əvvəllər qadınlar özlərinə yandırmaqla qəsd edirdilər. Çünki yandırmaqda xilas olunma imkanı vardı. Bundan sonra, qələvi məhlullar və dərman qəbulu ilə intihar növü artmağa başladı. Son günlər baş verən hadisələrdə biz intiharın ən qəddar növlərindən olan özünü yüksəklikdən atmaya rast gəlirik. Bu, virus davranışıdır. Ümumi psixoloji durumu yerində olmayan insanlar bu xəbərləri eşidib canlarına özlərini yüksəklikdən atmaqla qıyırlar".

Birlik sədri buna görə də intiharlar, onların necə baş verməsinin ictimailəşdirilməsinin düzgün olmadığını söyləyir: "İntiharlarda görünməmiş mesajlar ötürülür. Bu davranışların xarakterində virus davranışı var. Hər bir intihar edən şəxs mütləq bununla bağlı xəbərdarlıq edən mesajlar verir. Amma ətrafdakılar bunu bəzən ciddi qəbul etmirlər".

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ