SON DƏQİQƏ
» » İnternetin tənzimlənməsi bu günkü reallıqda qeyri-mümkündür

İnternetin tənzimlənməsi bu günkü reallıqda qeyri-mümkündür

Tarix:

12-01-2021, 11:04

/ 4 648 dəfə oxundu.
İnternetin tənzimlənməsi bu günkü reallıqda qeyri-mümkündür

Media eksperti: «İnformasiya təhlükəsizliyi ilə məşğul olan qurumlar
media ilə fəal işləməlidir»

«Qəbul edilən yeni qanun və əlavələr jurnalist peşəkarlığını əvəz etməyəcək. Çünki yayılan təxribat xarakterli xəbərlərin yayılmasında qanunun rolu yoxdur, burda qeyri-peşəkarlıq rol oynayır». Bunu filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Azərbaycan mediasında mövcud olan problemlərdən danışarkən bildirib.

Ekspert qeyd edib ki, jurnalist baş verən hadisələrin təsvirini dəqiq və konkret faktlar əsasında verməyə borcludur: «Verilən xəbərlər rəsmi mənbələrlə mütləq dəqiqləşdirilməlidir. Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanunun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Hər şeyi dərhal sensasiyaya çevirmək olmaz. Bu, jurnalistlərin və ya növbətçi redaktorların xəbər anlayışının məhdud olmasından xəbər verir. Halbuki bunu dəqiqləşdirməyin yolları var. Qurumların borcudur ki, hər hansı xəbərə münasibət bildirsin. Əks halda cəmiyyətdə həyəcan dalğası yaradır. Yalan bu gün psixoloji müharibədə əsas əlalətlərdən biridir, bunların qarşısı mütləq alınmalıdır. Bu mənada yeni qanunların hazırlanması lazımdır».

Q.Məhərrəmli hesab edir ki, sosial medianın, ümumiyyətlə, internetin tənzimlənməsi bu günkü reallıqda qeyri-mümkündür: «Bizdə dəfələrlə cəhdlər olunub, bu, effektsizdir. Niyə effektsizdir? Ona görə ki, internet konkret bir ölkəyə və ya məkana aid deyil, dünyanın hər yerində istifadə olunan böyük bir şəbəkədir. Müəyyən texniki prosedurları həyata keçirmək olar, amma ümumilikdə dünyada feysbuk və ya tvitteri tənzimləmək kimi bir təcrübə yoxdur. Sadəcə müəyyən məhdudlaşdırıcı mexanizmlər tətbiq olunur. Onların da ömrü çox uzun olmur. Ən yaxşı variant cəmiyyətin informasiya mədəniyyətinin yüksəldilməsidir. Çalışmalıyıq ki, insanlara alternativ, dürüst məlumatlar ötürə bilək. Əks halda yalan məlumatlar yayılmağa, digər tərəflər isə təkzib etməyə davam edəcək. Bu mənada media sahəsində ciddi islahatlara ehtiyac var ki, istər hökümət, istərsə də müxalif media orqanları ağlına gələn yalanları uydurub cəmiyyətə sırımasınlar. İnformasiya mədəniyyəti, peşəkarlıq və əlbəttə ki, qanunun üstünlüyü əsas şərtlər olmalıdır».

Eksperti bildirib ki, informasiya təhlükəsizliyi ilə məşğul olan qurumlar media ilə fəal işləməlidir: «Məlumat mənbələri dəqiq və mötbər olmalıdır. Bunun sayəsində də cəmiyyət keyfiyyətli və doğru informasiyalar əldə etməlidir. Azərbaycanda medianın nüfuzu aşağıdır, bu səviyyə və peşəkarlıqla media cəmiyyətin təhlükəsizliyini qorumaq həddində deyil. Çünki informasiya təhlükəsizliyi ümummilli təhlükəsizliyin bir qoludur. Bu sistemli, düşünülmüş bir siyasət səviyyəsində ortaya çıxmalıdır. Bunun üçün peşəkar media qurumları fəaliyyət göstərməli, yaxşı mütəxəssislər, güclü qanunverici baza olmalıdır. Bunların üçünün vəhdəti olmayanda təbii ki, ortaya bu və ya digər problemlər çıxır».

Q.Məhərrəmli əlavə edib ki, jurnalistikada qeyri-peşəkarlıq problemlərinin aradan qaldırılması üçün KİV-in fəaliyyətinə normal şərait yaradılmalıdır: «Bir jurnalist olaraq mənbələrdən məlumatları necə əldə edirsiniz? Sorğularınıza nə dəcərədə vaxtında və operativ cavab verilir? Qurumlarda yaradılmış mətbuat xidmətlərdən nə dərəcədə mötəbər məlumatlar almaq mümkün olur? Odur ki, ilk növbədə jurnalistlərin bu məsələlərdə qarşılaşdığı problemlər həll olunmalıdır».


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ