SON DƏQİQƏ

Müzəffər Azərbaycan Ordusu

Tarix:

19-11-2020, 15:35

/ 5 903 dəfə oxundu.
Müzəffər Azərbaycan Ordusu

Ordu quruculuğu vahid tarixi bir prosesdir. Bu proses xalqın mənəvi keyfiyyətləri ilə dolğunlaşır. Dünyada müstəqil dövlətlərin təcrübəsindən məlumdur ki, ordu dövlətin suverenliyini və onun ərazi bütövlüyünü təmin etmək üçün yaradılan əsas qüvvədir. Ona görə də ordu dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanda ordunun daim gücləndirilməsinin, döyüş qabiliyyətinin daha da artırılmasının və bu məqsədlə yeni, müasir hərbi sənaye güclərinin yaradılmasının dövlətin prioritet hədəfləri sırasına daxil edilməsi həm də onunla şərtlənir ki, respublikamız bədnam qonşularımız tərəfindən elan olunmamış müharibəyə cəlb olunub.

Azərbaycanın ordu quruculuğunda aparılan islahatların milli təhlükəsizliyimizə xidmət etdiyini "Düşmənin hücumlarının qarşısını qətiyyətlə alan və xeyli canlı qüvvə itirən Ermənistana layiq olduğu cavabı verən Azərbaycan əsgərlərinin mətanəti göstərdi ki, dünya birliyində nüfuzu getdikcə artan, mövqeləri möhkəmlənən, siyasi və diplomatik əlaqələri genişlənən Azərbaycan həm də güclü müdafiə qüdrətinə malikdir. Siyasi-iqtisadi inkişaf kontekstində ordu quruculuğunun təkmilləşdirilməsi üçün aparılan islahatlar inkişafın Azərbaycan modelinin əsas prioritetlərindəndir.

Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi ordu quruculuğu ilə bağlı qarşıya qoyulan hədəfləri reallaşdırmağa imkan verib. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb.
Ölkəmizdə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə mühüm layihələr icra olunur. Silahlı Qüvvələrimizin şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Ali Baş Komandan İlham Əliyev ordu quruculuğundan danışarkən qeyd edir ki, ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır.

 

Müzəffər Azərbaycan Ordusunun keçən il aprelin əvvəllərində düşmən təxribatının qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Azərbaycan Ordusunun cəmi bir neçə gündə həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının məhv edilməsi xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib.

Dövlət başçımızın "Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm" sözləri ordumuzun şəxsi heyəti qarşısında böyük məsuliyyət deməkdir. Şübhəsiz, bu inamı, etimadı doğrultmaq üçün Azərbaycan zabiti, əsgəri döyüş vərdişlərini durmadan artıracaqdır.

Mikayıl Məmmədov,

Maştağa bələdiyyəsinin sədri


скачать dle 12.1

Şərhlər