SON DƏQİQƏ
» » Humanitar atəşkəs erməni tərəfinə verilən sonuncu şansdır

Humanitar atəşkəs erməni tərəfinə verilən sonuncu şansdır

Tarix:

12-10-2020, 09:31

/ 4 229 dəfə oxundu.
Humanitar atəşkəs erməni tərəfinə verilən sonuncu şansdır


Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşünün ardınca verilən bəyanat və atəşkəsin elan olunması Azərbaycanın şərtləri nəzərə alınmaqla baş tutub.

Çox aydındır ki, danışıqların 11 saat davam etməsiprosesin mürəkkəbliyindən, eyni zamanda gərgin bir şəraitdə aparılmasından xəbər verir. Bu dəfə birmənalı şəkildə şərtləri Azərbaycan tərəfi müəyyən etdi. İstər Ermənistan, istərsə də onun havadarları Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini dərk etdilər. İlk baxışda asan görünə bilər, lakin nəzərə alsaq ki, bu danışıqlar müxtəlif dairələr tərəfindən Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiq şəraitində həyata keçirilir, deməli, cənab Prezident yüksək diplomatik məharət və siyasi iradə nümayiş etdirərək bütün təzyiqlərə sinə gəlir, onları neytrallaşdırır və qərar alır. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, diplomatiyada hər hansı səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi də Ermənistanın mövqeyini gücləndirmiş olardı.

Xarici İşlər nazirlərinin görüşü nəticəsində verilmiş bəyanatın 4-cü bəndi də (Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər) bunu təsdiqləyir. Belə ki, Ermənistan tərəfinin danışıqlar formatını dəyişmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq cəhdləri baş tutmadı və məcburi şəkildə Azərbaycanın şərtlərini qəbul edərək danışıqlar formatının dəyişilməzliyini təsdiq etdi. Eyni zamanda, bu da açıq və aydın şəkildə bilinməlidir ki, hazırda elan olunmuş humanitar atəşkəs uzun müddət davam edə bilməz, yəni humanitar atəşkəs müvəqqəti xarakter daşıyır və münaqişənin Azərbaycanın qoyduğu şərtlər daxilində həlli ilə bağlı qəti addımlar atılmadığı halda hərbi əməliyyatlar yenidən başlaya bilər. Yəni, əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması an məsələsidir.

Moskva görüşü yalnız məsləhət, fikir formatlıdır. Belə ki, oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır və hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu, birinci mərhələdir və hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Bu səbəbdən də bu görüş müharibənin gedişinə təsir edə biləcək elə bir həlledici rola malik deyil.

Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Bütün dünya ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın rəhbərliyinin hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadığını gördüsə, eyni zamanda da Azərbaycan xalqının əzminə və ərazilərin işğaldan azad edilməsi üçün bütün xalqın Ali Baş Komandanın ətrafında səfərbər olduğuna da şahid oldu.

Abbasova Fərqanə,
72 saylı tam orta məktəbin direktoru
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ