SON DƏQİQƏ
» » Müasir ordumuz öz doğma torpaqlarını işğaldan azad etməyə qadirdir

Müasir ordumuz öz doğma torpaqlarını işğaldan azad etməyə qadirdir

Tarix:

2-10-2020, 15:49

/ 3 823 dəfə oxundu.
Müasir ordumuz öz doğma torpaqlarını işğaldan azad etməyə qadirdir

Son 17 il ərzində Prezident İlham Əliyev təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüblər. Fərəhli haldır ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda mövcuddur. Ordumuzda aparılan əsas islahatlardan biri də hərbi şəhərciklərin yenidən qurulması, hərbçilərin, onların ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir.

Ermənistan Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkmir. Amma bu mühüm məqamı yaddan çıxarırlar ki, bu gün özünə, qələbə əzminə inanan şanlı Azərbaycan Ordusu işğalçı ölkənin bütün təxribatlarına lazımınca cavab verir, ona layiq olduğu yeri göstərir. 2016-cı ilin Aprel döyüşlərində həm mənfur qonşumuza, həm də dünya birliyinə məlum oldu ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. Azərbaycanın ön cəbhə xəttində yerləşən mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmasına cavab olaraq Silahlı Qüvvələrimizin bölmələrinin əks-həmləsi Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Həmin döyüşlər nəticəsində strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi, 25 il düşmən əsarətində qalan 2 min hektardan çox ərazimizin Silahlı Qüvvələrimizin nəzarətinə keçməsi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Şərur rayonunun Günnüt kəndinin 2018- ci ildə düşməndən təmizlənməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin növbəti göstəricisidir. Bugün qürurla deyə bilərik ki, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılıb, uğradılır və uğradılıcaq da!

Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hələ Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını nümayiş etdirmişdi.

Kompleks tədbirlərin nəticəsi olaraq silahlı qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silahsursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır.

 

İbrahimova Ramidə, 36 saylı şəhər poliklinikasının baş həkimi


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ