Təhsil müəssisələrinin vəziyyəti bərpa edilməlidir. Lakin verilən qərarlarda differensial yanaşma olmalıdır. Situasiyaya uyğun düzgün qərar verilməlidir.
Bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu qərarların qəbulu zamanı təhsil alan və təhsil verənlərin yaş xüsusiyyətləri nəzərə alınmalıdır:
"Ölkəmizdə təhsil ili 15 sentyabrda başlayır və bütün tədris müəssisələrində xüsusi şərtlərlə dərslər bərpa edilir.
Uşaq bağçaları isə ən mürəkkəb təhsil pilləsidir. Uşaq bağçalarında və məktəbəqədər təhsildə distant təhsilin təşkili isə mümkün deyil. Azyaşlı uşaqlar və valideynlərinin işləməsini nəzərə alaraq, epidemioloji vəziyyət imkan verdiyi halda, uşaq bağçalarının fəaliyyətinə icazə veriləcək. Virusun yayılması tezliyi aşağı olan regionlarda bağçaların fəaliyyəti bərpa ediləcək"