SON DƏQİQƏ

“5-ci kolon” yenə «iş başındadır»

Tarix:

16-07-2020, 16:17

/ 3 378 dəfə oxundu.
“5-ci kolon” yenə «iş başındadır»

Partiya sədri: «Bu sıradan bir təxribat deyildi,
xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi»

«Azərbaycan torpaqlarını xarici himayədarlarının dəstəyi ilə işğal edən və bunun nəticəsində ağır iqtisadi, siyasi və sosial böhran keçirən, korrupsiyanın tüğyan etdiyi, insan hüquq və azadlıqlarının boğulduğu, faşizmin dövlət səviyyəsində dəstəkləndiyi və bunların nəticəsi olaraq həm ölkəsində, həm də beynəlxalq aləmdə getdikcə nüfuzdan düşən təcavüzkar  Ermənistanın indiki rəhbərliyi çox mürəkkəb duruma düşüb. Bunlarla yanaşı, son zamanlar Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə güclənməsi, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan ermənipərəst qüvvələri ciddi narahat edir». Bu fikirləri «Azad Azərbaycan» qəzetinə açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirdi.

O əlavə etdi ki, yaranmış bu vəziyyəti obyektiv qiymətləndirmək, ondan çıxış yollarından birincisinin işğal olunmuş Azərbaycan torpaqlarını sülh yolu ilə azad etmək olduğunu nəhayət qəbul etmək əvəzinə, mənfur ermənilər yeni torpaqlar işğal etmək və bununla da daxili problemlərini arxa palana keçirmək yolunu tutublar. Bu məqsədlərinə nail olmaq, eləcə də, Azərbaycan-Ermənistan arasında olan müharibəyə KTMT-ni qatmaq üçün iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atdılar. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərdi və bu cəhdlər davam etməkdədir: «Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub. Yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb. Baş verənlər bir daha göstərdi ki, şanlı Azərbaycan ordusu mənfur düşmənin istənilən təxribatının layiqncə cavabını verməyə həmişə hazırdır».

Partiya sədri vurğuladı ki, Ermənistanın bu təxribat cəhdi Azərbaycan xalqı, onun bütün təbəqələri tərəfindən hiddətlə qarşılanıb: «Yüz minlərlə vətəndaşımızın ordumuza dəstək məqsədi ilə "Ya Qarabağ, ya ölüm!”, "Şəhidlər ölməz, vətən bölünməz”  şüarları ilə keçirdikləri möhtəşəm aksiya, eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki şöbələrinə müraciət edən çoxlu sayda gənclərimizin hərbi əməliyyatlara qatılmaq arzusu Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bununla bir daha dünyaya bəyan edildi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və torpaqlarını azad etmək əzmindədir!»

T.Qənioğlu 43 siyasi partiyanın ölkə başçısı və Azərbaycan ordusu ilə həmrəylik sərgiləyən bəyanatla çıxış etməsini də təqdirəlayiq hal kimi qiymətləndirir: «Bu da bütün xalqın Ali Baş Komandan ətrafında sıx birləşdiyini göstərir. Ancaq, təəssüf ki, xaricdən idarə olunan  və daxildə fəaliyyət göstərən "5-ci kolon” təmsilçiləri fürsətdən istifadə edib təxribat törətdilər, ölkədə xaos yaratmaq məqsədi ilə Milli Məclisin binasına, polis koridoruna hücüm etdilər. Vətəndaşlarımızın Vətənə, şəhidlərimizə sevgi hissələrini dövlətə qarşı yönəltməyə cəhd etdilər. Hər şeydən göründüyü kimi, bu sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı, "cəbhə xəttini” Ermənistan-Azərbaycan sərhəddindən ölkədaxilinə keçirmək cəhdi idi. Baş verənlər, istər-istəməz, 1992-ci ildə Milli Məclis ətrafında baş verən hadisələri xatırlatdı. Ancaq bu hadisələrin təşkilatçıları və ona sövq edilənlər unudurlar ki, indi 90-cı illər deyil! Azərbaycanın formalaşmış güclü dövləti, vətənini sevən yetkin vətəndaşları, qüdrətli ordusu, asayişi bərpa etməyə qadir olan polisi vardır».

Partiya sədri xarici qüvvələrin daxildə qarşıdurma yaratmaq əməllərini bir daha qınadı: «Baş verənlər bir daha göstərdi ki, Azərbaycanın həm xarici, həm də onlara daxildən dəstək verən düşmənləri, yatmayıblar, fəaliyyətdədirlər. Onlar ölkəmizdə təxribat törətmək, vətəndaş qarşıdurması yaratmaq cəhdlərindən əl çəkməyiblər. Bu cəhdlərin qarşısını yalnız xalqımızın birliyi nəticəsində dəf etmək olar və inanırıq ki, belə də olacaqdır. Ona görə də, Təkamül Partiyası olaraq, xalqımızı təxribatlara uymamağa, vətənimizin, dövlətimizin naminə fikir ayrılıqlarını kənara qoyaraq bir vahid kimi  birləşməyə, milli birlik, həmrəylik nümayiş etdirməyə, daxildə sabitliyin pozulmasına yol verməməyə, məişət çətinliklərindən irəli gələn müvəqqəti narazılıqların cəbhədəki vəziyyətə mənfi təsir edəcəyini nəzərə almağa, bütün xalqımızı Azərbaycan Ordusu ilə bir yerdə torpaqlarımızı işğaldan azad etməyə hazır olmağa çağırırıq». 

T.Qənioğlu partiyasının həmişə dövlətin, Ali Baş Komandanın yanında olduğunu bəyan etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, ölkəmiz heç vaxt ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir. Və Azərbaycan Prezidentinin son çıxışları da göstərir ki, artıq Qarabağ münaqişəsinin sülh yolu ilə azad ediləcəyi gözlənilmir və hərb variantının yeganə düzgün yol olduğu hamı tərəfindən qəbul edilməkdədir: «Ona görə də, bir daha hər kəsi təxribatlara uymamağa, özbaşına hərəkət etməməyə, hərb yolu ilə torpalarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləməyə çağırıram! Bu zaman lazım gələrsə 7-dən 70-ə qədər hamımızın, mütəşəkkil qaydada ordumuza dəstək verəcəyinə heç kəsin şübhəsi olmasın». 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ