SON DƏQİQƏ
» » Əmlak sığortalanması məsələsində ciddi boşuqlar var- RƏY

Əmlak sığortalanması məsələsində ciddi boşuqlar var- RƏY

Tarix:

15-01-2020, 16:30

/ 1 355 dəfə oxundu.
Əmlak sığortalanması məsələsində ciddi boşuqlar var- RƏY

İlham Əliyev: "Bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır"

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı son günlər əhali arasında ciddi ajiotaj yaradan sığorta məsələsinə münasibət bildirib. Prezident qeyd edib ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır: "Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir".

Məsələ ilə bağlı danışan beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, sığorta məsələsində insanları qorxutmaq yox, maarifləndirmək lazımdır: "Qanuna uyğun olaraq bütün evlər sığortalanmalıdır. Amma "mənzillərinizi sığortalamasaz, cərimələnəcəksiz" xofunu yaratmaq olmaz. İnsanlarda sığortaya maraq oyatmaq lazımdır. İnsanlar bilməlidirlər ki, cərimə mexanizmi hələlik yoxdur. Yəni sığorta etdirməməyə görə cərimə tətbiq edilmir, nəninki 20 gündən bir cərimləmək. Bu cür informasiyaları yaymaqla insanları qorxutmaq olmaz. Cərimələmək məsələsi hələlik real deyil. Çünki mexanizm tam tətbiq edilmir. Buna görə də vətəndaşlar narahat olmasınlar. Hazırda sığortalamamağa görə vətəndaşı cərimələmək səlahiyyəti heç kimə verilməyib ki, bundan istifadə edib insanları narahat edələr".

V.Əhmədov deyib ki, cərimə ilə əlaqədar qanunda dəyişiklik edilə bilər: "Ümumilikdə insanlar sığortadan çəkinməməlidirlər, məsləhət görərdim ki, vətəndaş öz avtomobili kimi mənzilini də sığortalatdırsın. Cənab Prezident də müşavirədə bunu qeyd etdi. Son vaxtlar çox sayda yanğınlar, bölgələrdə zəlzələlər qeydə alındı. Bütün bunların maddi yükünün altına dövlət girdi. Yəni bunlar dövlət büdcəsi hesabına həyata keçirildi. Ona görə də sığorta lazımdır. Amma indiki məqamda sığorta şirkətləri qorxutmaq yerinə, məlumatlandırmaq yolunu seçsələr daha yaxşı olar. Çünki ən böyük məsuliyyət sığorta şirkətlərinin üzərinə düşür. Onlar kifayət qədər vəsait xərcləyib mətbuat vasitəsilə insanları məlumatlandırmalıdırlar. Əgər bunu doğrudan da vətəndaş üçün edirlərsə, əvvəl məlumatlandırsınlar, sonra cərimə məsələsini qabartsınlar. Bir çox hallarda avtomobil sığortasında insanların çox böyük əziyyət çəkdiyinin şahidi oluruq. Sığorta şirkətləri düzgün qiymətləndirmə aparmırlar, vətəndaşa çatacaq ödənişi vaxtında vermirlər, süründürməçilik var. Əgər insanlar mənzilini sığortalatdırırsa, arxayın olmalıdır ki, sabah hansısa hadisə olanda sığorta şirkəti onun yanında olacaq".

Hüquqşünas Əkrəm Həsənov bidirib ki, daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik müzakirə mövzusudur: "Sığorta şirkətləri tərəfindən ilin sonundan aparılan kampaniyaya son qoyuldu. Prezident sığortaçıların oyununu dağıtdı. Əhalini cərimələmək yox, maarifləndirmək lazımdır. Onlar əhalini qorxudurdu ki, evini sığortalamayan cərimələnəcək. Biz isə deyirdik ki, 8 il ərzindən tədbir görməyən dövlət birdən-birə, xəbərdarlıq etmədən, maarifləndirmə aparmadan bunu etməyəcək. Daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik müzakirə mövzusudur. Ən düzgün yol könüllü olması və maarifləndirmə nəticəsində əhalinin bu sığortadan istifadə etməsidir. Amma sığorta icbari qalsa belə, yaxında əhalinin xərclərinin minimallaşdırılması ilə bağlı mühüm təkliflə çıxış edəcəyəm. Hər bir halda sığorta şirkətlərinin acgöz niyyətləri reallaşmayacaq".

Bu arada "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki,  daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" qanuna əsasən tətbiq olunur: "Yayılan məlumatlara aydınlıq gətirmək və əhalini bu istiqamətdə maarifləndirmək məqsədilə bildiririk ki, daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" qanuna əsasən tətbiq olunur. Bu sığorta məhsulu əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq yaradılıb. Məhsul, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının eləcə də mənzillərin yanğın, təbii fəlakət, texnogen qəza və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığortalanmasını nəzərdə tutur. Son illər ərzində ölkədə baş vermiş təbii fəlakətlər və iri həcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin ödənilməsi kontekstində gündəmə gəlmiş çətinliklər daşınmaz əmlakın icbari sığortasının vacibliyini təkrarən vurğulayıb. Bu məqsədlə, "İcbari sığortalar haqqında" qanunun tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi, eləcə də ASA təbliğat və təşviqat işlərini aktivləşdirib. Bir sıra hallarda, təəssüf ki, bu fəaliyyət əmlakın icbari sığortası vasitəsilə fiziki və hüquqi şəxslərin əldə edəcəkləri fayda və risklərə qarşı təminatın təbliği ilə yanaşı daha çox qanunvericilikdən irəli gələn cərimələrin qabardılması tərzində aparılıb. ASA-nın mövqeyi ondan ibarətdir ki, qanunvericiliklə müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqinin aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olduğunu nəzərə alaraq, sığora şirkətləri və sığora vasitəçiləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə təbliğat mümkün sanksiyalar aspektindən deyil, daşınmaz əmlak sahiblərinin maarifləndirilməsi kontekstində aparılmalıdır. Bu istiqamətdə əhalinin maliyyə savadlığının artırılması ölkədə sığorta mədəniyyətinin dərinləşməsinə xidmət edəcək. İl rəzində ASA əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində müxtəlif kampaniya və tədbirlər həyata keçirməyi planlaşdırır"

скачать dle 12.1

Şərhlər