SON DƏQİQƏ
» » Kadr islahatlarında keyfiyyətcə yeni mərhələ- Şərh

Kadr islahatlarında keyfiyyətcə yeni mərhələ- Şərh

Tarix:

1-11-2019, 14:18

/ 1 810 dəfə oxundu.
Kadr islahatlarında keyfiyyətcə yeni mərhələ- Şərh

Nəsib Məhəməliyev: "Prezidentin apardığı islahatları dəstəkləməli, onun ətrafında daha da sıx birləşməliyik"

Azərbaycanda islahatlar özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. İqtisadi və sosial sahələrdə uğurla həyata keçirilən islahatlar indi də siyasi sahəyə sirayət edib və kifayət qədər də müsbət effect verməkdədir. Paralel olaraq iqtisadi və sosial sahələrdə də birbaşa xalqın maraqlarına, onun sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən islahatlar davam etdirilir.

Siyasi sahədə müşahidə etdiyimiz müsbət tendensiya ondan ibarətdir ki, indi qocaman, yaşı kifayət qədər olan kadrları daha perspektivli və çevik gənc kadrlar əvəz edir. Ötən müddət ərzində dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında yaşı ötmüş bir sıra məmurların gənc kadrlarla əvəzlənmısi timsalında bunun əyani şahidinə çevrildik. Görünən odur ki, dövlət başçısı daha çevik və perspektivli idarəetmənin tərəfindədir və ona görə də gənc kadrları önə çəkir. Elə dövlət başçısının ən son təyinatları, Yevlax və Xaçmaz rayonlarına yeni icra başçılarının təyin edilməsi də bunu bird aha təsdiq edir. Eyni zamanda əminliklə belə bir fikir formalaşdırır ki, gənc kadrların önə çəkilməsi, bununla da siyasi islahatların dərinləşməsi üçün ortada ciddi siyasi iradə var. Elə Cənab Prezident İlham Əliyev də ötən gün Yevlax və Xaçmaz rayonlarına yeni icra hakimiyyəti başçıları təyin olunan şəxsləri qəbul edərkən bu fikri bir daha açıq şəkildə ifadə etdi: "İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracağam və cəzalandıracağam".

Dövlət başçısının sonuncu fikri təkcə gənclərə deyil, eyni zamanda Cənab Prezidentin təyin etdiyi bütün kadrlara növbəti bir mesaj idi ki, onlara göstərilən etimadı doğrultsun, xalqa, insanlara ləyaqətlə xidmət etsinlər. Bu mənada dövlət başçısı haqlı olaraq yeni təyin etdiyi kadrlara bunları deyib: "Siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır".

Göründüyü kimi, dövlət başçısının həyata keçirdiyi islahatlar təkcə kadrların gəncləşməsinə, dövlət idarəetməsində gənclərin irəli çəkilməsinə hesablanmayıb. Eyni zamanda həmin kadrların gənc olmasından dolayı daha məhsuldar çalışması, xalqın problemlərini dərindən öyrənməsi, həmin problemlərin qısa zamanda həll edilməsinə xidmət edir. Elə bu səbəbdən də ölkə əhalisinin mütləq əksəriyyəti  tərəfindən dövlət başçısının həyata keçirdiyi islahatlar dəstəklənir. Millət vəkili Nəsib Məhəməliyev də bu qənaətdədir. O, qeyd edib ki, Cənab Prezident tərəfindən aparılan kadr islahatları çərçivəsində forma və məzmunun əhəmiyyətli dərəcədə dəyişməsi, xalqın marağına səbəb olmaqla bərabər, dövlət idarə etmə sistemində şəffaflığın, operativliyin təmin olunması baxımından ən yüksək qiymətə layiqdir. Nəsib Məhəməliyev onu da deyib ki, Prezident yeni kadrların öz gündəlik fəaliyyətlərində xalqın içində olmaları, problemləri ilə yaşamalı, hər hansı bir neqativ hallardan uzaq, rəhbərlik etdikləri rayonların sosial iqtisadi inkişafını, vətəndaş məmnunluğunu təmin etmələri ilə əlaqədar, demək olar ki, strateji yol xəritəsini çəkdi.
Tamamilə doğru taktika olduğunu qeyd etməklə yanaşı, Azərbaycan xalqı əyani şəkildə gördü ki, cənab Prezident çox dəqiqliklə bölgələrin problemləri, həll olunan və olunası məsələlərin nədən ibarət olduğu barədə kifayət qədər məlumatlıdır. Dövlət başçısının gərgin iş qrafikinin, xarici siyasətdən tutmuş, iqtisadiyyat, təhlükəsizlik, ordu quruculuğu, sosial sfera və ümumiyyətlə cəmiyyətin bütün sahələrini əhatə edən qlobal problemlərin fonunda, hər bir bölgənin problemləri ilə belə yaxından məşğul olması ən yüksək hörmətə layiqdir".
Millət vəkili bildirib ki, Prezidentin yerlərdə, hələ də köhnə təfəkkürlə işləyən məmurlara mesajları, ictimai nəzarətin gücləndirilməsi, xalqın məhz Rəhbərindən eşitmək istədiyi fikirləri də mühüm əhəmiyyət kəsb edir:   "İndi söz xalqındır. Dövlət Başçısı strategiyanı müəyyənləşdirdi. Taktiki addımların atılması bizdən asılıdır. Müqəddəs vətənimiz, övladlarımızın gələcəyi naminə Prezidentin apardığı islahatları dəstəkləməli, onun ətrafında daha da sıx birləşməliyik.
İnanıram ki, çox yaxın zamanlarda Azərbaycan bütün göstəricilərinə görə dünyada ön sıralarda olacaq".

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər