SON DƏQİQƏ
» » Bakını “zəhərdən” necə xilas edək? - Ekoloqdan TƏKLİFLƏR

Bakını “zəhərdən” necə xilas edək? - Ekoloqdan TƏKLİFLƏR

Tarix:

2-10-2019, 20:30

/ 1 819 dəfə oxundu.
Bakını “zəhərdən” necə xilas edək? - Ekoloqdan TƏKLİFLƏR

Elçin Bayramlı: "Hibrid  avtomobillər ən azı 5 il müddətinə tam şəkildə gömrük vergi rüsumlarından azad edilməlidir"
Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması yollarından biri ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsidir. Artıq  dünya ölkələrində bu məqsədlə elektrik və hibrid avtomobillərə üstünlük verilir. 
Bu günlərdə  Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə açıqlamasında ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynadığını deyib.
Onun fikrincə, Azərbaycanda da elektrik və hibrid avtomobillərin istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar.
Çünki hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan çirkləndirici maddələrin əksəriyyəti avtonəqliyyatın payına düşür və bu səbəbdən də ölkədə avtoparkın yenilənməsinə ehtiyac var. Bu avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, onların yanacaq sərfiyyatı da azdır. 
R.Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikası Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib. Həmçinin, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələləri öz əksini tapıb. 
Ekoloq Jurnalistlər Birliyinin eskperti Elçin Bayramlı  bu ideyanı təqdir edib. Onun fikrincə, ekologiyanı, xüsusilə havanı çirkləndirən əsas faktor avtomaşınlardır:

"Ən çox da dizellə işləyən avtomobillərdi. İlk növbədə dizellə işləyənlərin idxalına məhdudiyyət qoyulmalıdır. Havanı ən çox zəhərləyənlər dizellə işləyən avtobuslar və yük maşınlarıdır. Onların qaza (LPG və ya CNG) keçirilməsi üçün xüsusi servis mərkəzləri açıla bilər və güzəştli şərtlərlə, kreditlə bunu təşkil etmək olar. Qazla işləyən maşınlar dizeldən də ikiqat sərfəlidir. Ona görə də bu avtobusların və yük maşınlarının sahibləri buna həvəslə razı olacaqlar. Benzinlə bağlı belə məhdudiyyət hələlik mümkün deyil. Ancaq bunu stimullaşdırma yolu ilə etmək olar. Misal üçün, qazla və elektriklə işləyən avtomobillərin idxalı rüsumdan azad edilə bilər. Nəticədə sürücülər özləri bu maşınlara üstünlük verəcək. Təbii ki, bunlara uyğun infrastruktur da qurulmalıdır, yəni qaz və elektrik doldurma məntəqələrinin sayı artırılmalıdır. Bu işə artıq başlamaq vaxtıdır".
Elçin Bayramlı bildirib ki, artıq dünya ölkələri elektromobillərə keçir: 
"Avropa ölkələri belə edir və onların havanı zəhərləyən maşınları bizə idxal olunur. Rusiyada, Belarusda, Gürcüstanda olduğu kimi bizdə də elektromobil istehsal edən zavodlar açmaq olar. Mövcud zavodlarda da belə maşınların yığılmasını təşkil etmək elə də çətin deyil. Dünyada artıq elektromobil erası başlayır. Bu işdə geri qalmamalıyıq. Bunu edə bilsək, həm insanlarımızın sağlamlığına böyük təsiri olar, həm də dövlətin, şirkətlərin və əhalinin xərcləri azalar".
Elçin Bayramlının sözlərinə görə, elektriklə işləyən ictimai nəqliyyat vasitələrinin bərpası mümkündür: 
"Paytaxt nəqliyyatında tramvay və trolleybusun ləğvi yanlış addım idi. Bundan sonra paytaxtda və digər iri şəhərlərdə həm ekoloji vəziyyət pisləşdi, həm sərnişindaşınmada xaos yarandı, həm də gediş qiymətləri bahalaşdı. Xeyli gec də olsa bu nəqliyyat sistemlərinin bərpası vacibdir. Dünyanın bütün iri şəhərlərində bunlar əsas nəqliyyat vasitəsidir. Bu nəqliyyat növləri tam ekoloji təmiz, ucuz və effektiv sistemlərdir. Məsələn, yolları qar, buz, yağış örtəndə tramvay rahatca hərəkət edir, amma avtobuslar edə bilmir. Bunlarda bilet qiymətləri də avtobuslardan azı 2 dəfə ucuz ola bilər. Həm də tramvay avtobusa nisbətən daha dözümlü, daha az servis xərci tələb edən bir vasitədir. Bunlarla yanaşı şəhərətrafı elektrik qatarları tam bərpa edilməli və Abşeron yarımadasının hər tərəfinə marşrutlar olmalıdır. Bunlar həyata keçirilsə, Bakıda həddən artıq çirkli olan hava təmizlənər, nəqliyyat xərcləri azalar, tıxacların azalması mümkün olar. BNA və digər aidiyyatı orqanlar adam düşürmək və ya mindirmək üçün küçə kənarında beş-on saniyə dayanan maşınlara cərimələr yazıb sürücüləri soymaqdansa bu işlərlə məşğul olsunlar. Proqram hazırlanmalı və sürətlə həyata keçirilməlidir. Əks halda Bakıda vəziyyət getdikcə ağırlaşacaq".
Bəs hibrid mühərrikli avtomobillərin ölkəyə gətirilməsini asanlaşdırmaq üçün nə etmək lazımdır?
E.Bayramlı hesab edir ki, bu cür avtomobillər ən azı 5 il müddətinə tam şəkildə gömrük vergi rüsumlarından azad edilməli, bütün maneələr aradan qaldırılmalıdır: 
"Bizdə elektrik enerjisi tələbatdan xeyli artıq istehsal olunur. Avtomobillər daha çoxu elektriklə işləsə benzini xarici ölkələrə idxal edib daha çox gəlir əldə etmək olar və idxal etdiyimiz benzinə verilən pul ölkədə qalar. Bu maşınlar son dərəcə zərərsiz, tam faydalı nəqliyyat vasitəsidir. Ölkəmizin maşın parkının yenilənməsi üçün xüsusi prorqam hazırlanmalıdır. Burada dövlətin stimullaşdırıcı rolu vacibdir. Bir çox ölkələrdə bunu ediblər. Məsələn, Rusiyada köhnə avtomobilini təhvil verənə yeni maşınların alışında həm qiymətdə, həm kredit şərtlərində güzəştlər edilir. Nəticədə son 15 ildə Rusiyanın avtoparkı az qala tam yenilənib. Ekologiyanı çirkləndirən və istismar müddətini başa vurmuş təhlükəli avtomobillərin sayı minimuma düşüb. Son nəticədə də qəza və ölümlərin sayı azalıb. Bizdə də bunu etmək olar. Daha doğrusu mütləq edilməlidir. Bunun üçün hər cür imkanlar var".

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ