
Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650-illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), Şamaxı rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərində "Mədəniyyət həftəsi" və xüsusi təlimlər başlanıb.
GunAz.az bildirir ki, həftə ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında ilk dəfə olaraq, rayonun ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında "Sürətli oxu" yarışması və gənc mədəniyyət işçiləri arasında İntellektual oyun keçirilmişdir. Hər iki tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı filialının rəhbəri Rafael Hüseynov, Şamaxı Təhsil şöbəsinin müdiri Namiq Nağıyev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, Biləsuvar Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov və digərləri iştirak ediblər.
"Sürətli oxu" yarışmasının məqsədi şagirdlər arasında mütaliəyə həvəsin artırılması, şifahi oxu qaydalarına riayət edilməsi, intonasiyanın, vurğunun və durğu işarələrindən düzgün və yerində istifadəsi, üzündən sərbəst oxu, diqqətlilik, fikrin cəmlənməsi kimi bacarıqların inkişaf etdirilməsidir.
Sonra həmin universitetdə, "Nəsimi ilinə" həsr olunmuş gənc mədəniyyət işçiləri arasında intellektual oyun təşkil olunub.
Oyunda Kürdəmir, Xaçmaz, Şəki, İsmayıllı, Sumqayıt şəhərlərində çalışan gənc mədəniyyət işçiləri, universitetin tələbələri və könüllüləri iştirak etmişdir.
N.SAFURA