SON DƏQİQƏ

Könlümü lal etdi sazı Şahbuzun

Tarix:

29-07-2019, 08:22

/ 2 956 dəfə oxundu.
Könlümü lal etdi sazı Şahbuzun

Qədim bir rəvayətə görə, yurdun şahı öz əshabələri ilə səyahətə çıxır. Onlar xeyli yol qət etdikdən sonra gəlib dağlıq bir əraziyə çatırlar. Başlayırlar çadır qurub, binə salmağa. Çox susamış şah və adamları ətrafda içməyə sərin su axtarır, amma tapa bilmirlər. Birdən çadırın payasına yer açan nökərin əli soyuq daşa dəyir. Daşı zorla çıxaranda yerdən dumduru, buz kimi suyun qaynadığının şahidi olur. Həyəcandan dili topuq vuran nökər qışqırır:

- Şah , şah, buz, buzz...!!!

Səsə gələn şah və adamları görür ki, yerdən diş göynədən, əl donduran buz kimi su fəvvarə vurur. Onlar doyunca sudan içib, allahın bu möcüzəsinə şükür edirlər. Deyirlər elə o vaxtdan bu dağlıq yerin adı Şahbuz qalır.

Bu bir rəvayətdi. Amma həqiqətən bu gün buz bulaqların çağladığı məkan Şahbuz adını layiqincə daşıyır. İsti yay günlərinin birində, biz də şəhərin, aran yerlərin yandırıcı istisindən bir günlük də olsa, uzaq olmaq üçün üz tutduq Şahbuza  tərəf.

Şahbuz dağlarının ən uca zirvəsi  sayılan Camal qayası-dəniz səviyyəsindən 3204 m, Salvartı - 3161 m, Küküdağ - 3120 m, Keçəldağ - 3118 m və Ağdaban zirvəsi 3098 m yüksəklikdə yerləşir. Yuxarı baxanda adamın gözləri qaralır. Bəli, bu yüksəkliklər hər zaman, yayın ən qızmar çağında belə sərin, hətta soyuq olur. Aran yerlərində artıq əl-ayağı çəkilən bəzi meyvələr burada təzə şirinləşməyə, yetişməyə başlayır. İndi-indi bu ərazidə yetişən gilas, gilənar, ərik və başqa meyvələr öz görünüşü, dadı və saflığı ilə seçilir.

Getdiyimiz yerlərdə, yolboyu Batabat yaylağına, Biçənək düzünə, Zorbulağa və Şahbuzun digər gəzməli, görməli yerlərinə qonaq gələn insanlarla rastlaşırıq. Yol boyu qulağıma ruhu bu yerlərdə, dağlarda dolaşan, bu yerlərin ustad aşığı Sərraf Qasımın yanıqlı səsi gəlir

 

Oyan bu qəflətdən, ey insan oğlu,

Şər işlər görməkdən özünü saxla.

Açıq süfrəli ol, səxavətli ol,

Mərd ol, halal çörək, duzunu saxla.

 

Zəngin fauna və floraya sahib olan, bir rəssam fırçasından çıxmış kimi insanı özünə cəlb edən Şahbuz diyarı hər qonağını gülərüzlə, sazla-sözlə qarşılayır, bura gələn bir də getmək istəmir. Bir gün ərzində bu yurdun gözəlliklərinin hamısına qonaq olub, görə bilməsəm də, özünü misralarıma bənd edən cəlbedici məqamlar da az olmadı.

 

İsti bir yay günü çıxmışdım yola,

Mənə gəl-gəl dedi, gözü Şahbuzun,

Yığdım kəklikotun, daddım yarpızın,

Laləyə bürünüb düzü Şahbuzun!

 

Dolandım yolları dağ dərəsində,

Sular şaqqıldayır çay bərəsində,

Dağların ətri var bal-kərəsində,

Bizi qonaq etdi, özü Şahbuzun!

 

Güldü, gülüşüylə güllər açıldı,

Gəldi, gəlişiylə yollar açıldı,

Qonaq qarşıladı qollar açıldı,

Nə xoşdu ədası, nazı Şahbuzun.

 

Gəzdim Batabatı, gözəl yaylağı,

İçdim Zorbulaqdan, buz su oylağı,

Biçənəkdə Nigar, Həcər sayağı,

Gəzir gözəl-göyçək qızı Şahbuzun.

 

Aşıqlar oynadı, sazla-söz dedi,

Nazlı  gözəllərə dəyər göz dedi.

Dağların sirrini indi çöz dedi,

Könlümü lal etdi, sazı Şahbuzun!

 

Bişdi unnucadan dadlı kətəsi,

Çaşırı, bolusu dağda bitəsi.

Gözəllikdə varmı bundan ötəsi,

Səslənir, bax, xoş avazı Şahbuzun!

 

Təranə Arifqızı

(Nuhçıxan)

 

скачать dle 12.1

Şərhlər