SON DƏQİQƏ

Maaşları ağartmağın vaxtıdır

Tarix:

2-07-2019, 13:35

/ 1 880 dəfə oxundu.
Maaşları ağartmağın vaxtıdır

2019-cu ilin ilkin nəticələri göstərir ki, istər əmək münasibətlərinin rəsmiləşdirilməsi, istərsə də əməkhaqlarının “ağardılması” sahəsində əhəmiyyətli şəffaflaşma prosesi getməkdədir.

GunAz.az xəbər verir ki, Vergilər Nazirliyinin islahatların əvvəlində verdiyi proqnozlar düz çıxır, gəlir vergisi üzrə güzəştlərin fiskal səmərəsini artıq əyani şəkildə görürük.

Nazirlik rəsmilərinin müxtəlif tədbirlərdə ictimaiyyətə açıqladığı rəqəmlər ürəkaçandır. Xüsusilə qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyənlərin sayında artım müşahidə olunması o deməkdir ki, islahatlar öz bəhrəsini verir.

Əməkhaqqı fondu cari ilin 1-ci rübündə ötən illə müqayisədə 16,2%, o cümlədən qeyri-neft sektorunun özəl bölməsində 20% artıb. Minimum əməkhaqqının artımı çıxılmaqla isə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 19,2 faiz artıb.

Bundan başqa, muzdlu işçi sayının “ağarması” prosesi də sürətlənib. Belə ki, 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın böyük payı, 70%-ə qədəri qeyri-dövlət sektorunun payına düşür. Lakin əmək münasibətlərinin “kölgədən” çıxması prosesi ayrı-ayrı sektorlar üzrə müxtəlif dinamika ilə davam edir. Burada cəmiyyətin də rolu danılmazdır. Əməkhaqlarının “ağardılması” prosesində də könüllülük ən vacib şərtlərdən biridir. Vətəndaşlar da öz hüquqlarını tələb etməli, əmək müqaviləsinin onların əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır. İşçilər əməkhaqqı cədvəlinə diqqətlə baxmalı, mühasibin imzalatdığı maaş məbləği ilə aldıqları əməkhaqqı arasında olan fərqi yox etmək barədə düşünməlidir.

Müəyyən fəaliyyət sahələrində müsbət dəyişikliklər müşahidə olunsa da, bəzi işəgötürənlər üzrə bu proses gözlənilən səviyyədə getmir. Məsələn, son günlərdə Vergilər Nazirliyi istixalarda və şadlıq evlərində xeyli sayda əmək müqaviləsi olmayan işçi aşkar edib. Qeyd edək ki, xidmət və ticarət sektorunda bu kimi hallar daha geniş yayılıb. Bu səbəbdən Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi ilə bağlı nəzarət tədbirlərini daha da sərtləşdirəcəyini bəyan edib.

Əməkhaqlarının “ağardılması” ilə bağlı dövlətin mövqeyi də məlumdur. Dövlət başçısı ötən il bununla bağlı Vergilər Nazirliyinə xüsusi tapşırıq verib və bunun şəffaflaşma prosesinin əsas hissəsi olduğunu bildirib. Təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması barədə imzalanan iki Prezident sərəncamı ümumilikdə 1,5 milyonadək insanı əhatə edib.

Minimum əməkhaqqının son artımının şamil olunduğu 350 min nəfər özəl sektorda, 600 minə yaxını isə dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilərdir. Bu artımların təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulur. Bütün bunlar ölkədə sosial-iqtisadi siyasət kursunun prioritet istiqamət olduğunu, vergi güzəştlərinin əməkhaqqı artımı ilə tandem təşkil etdiyini göstərir. Başqa sözlə desək, artıq sahibkar işçiyə 180 manat, yaxud 250 manat maaş yaza bilməz, çünki bu, ölkə üzrə minimum məbləğ təşkil edir.

Beləliklə, ölkə üzrə “ağarma” kampaniyası uğurla davam edir. Dövlət və icra strukturları öz mövqelərini açıq şəkildə ortaya qoyub. Qalır sahibkarın - işəgötürənin və işçinin vicdanlı davranmağına. Çünki artıq keçid ili arxada qalıb və gələcəkdə qanunu pozanlara qarşı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə gözlənilir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ