SON DƏQİQƏ
» » Gənclərin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması vacib şərtlərdən biridir

Gənclərin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması vacib şərtlərdən biridir

Tarix:

21-06-2019, 23:47

/ 893 dəfə oxundu.
Gənclərin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması vacib şərtlərdən biridir

Bu bir danılmaz faktdır ki, hər bir ölkənin gələcəyi onun yetişməkdə olan gəncliyindən asılıdır. Yəni, yetişməkdə olan gənc nəsli milli ruhda, dövlətə, Vətənə məhəbbət hisində böyüdə bilsən, o zaman dövlətin gələcəyi parlaq, işıqlı olacaq. Əks təqdirdə isə istənilən bir ölkənin xoş gələcəyindən danışmaq yersiz olar. Ona görə də yuxarıda qeyd etdiyimiz kimi gənclərin sağlam ruhda, vətənpərvər, dövlətə, millətə bağlı şəkildə böyüdülməsi. tərbiyə olunması  vacib şərtlərdən biridir.

Vətənimiz Azərbaycanda bütün dövrlərdə gənclərin vətənpərvər, milli ruhda böyüdülməsi, tərbiyə olunması aktual olub və günümüzdə də bu məsələ öz aktuallığını qoruyub-saxlayır. Çünki dövlətin gənclər siyasətinin təməlində məhz qeyd etdiyimiz məqam dayanır.

Əgər nəzər alsaq ki, vətənpərvərlik, dövlətə, millətə bağlılıq məktəbdən, bağçadan başlayır, o zaman qeyd edilən istiqamətlərdə hər zaman işləməyin zəruriliyi ön planda olar. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda bu sahədə də vəziyyəti qənaətbəxş hesab etmək olar.   Etiraf edək ki, bu gün orta və ali təhsil müəssisələrində gənclərimiz vətənpərvər ruhda tərbiyə olunur. Məktəblərdə tez-tez keçirilən maarifləndirici tədbirlərin də bu mənada xüsusi əhəmiyyəti var.

Bir məsələyə də diqqət çəkmək lazımdır. O da vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət təşkilatlarının qeyd etdiyimiz istiqamətdə fəaliyyətidir. Etiraf edək ki, qeyri-hökumət təşkilatları da gənclərin vətənpərvər ruhda tərbiyə olunması üçün kifayət qədər işlər görür, layihə həyata keçirirlər. Ancaq onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bu sahədə problemlərimiz var. Yəni, gənclərimiz müəyyən zaman kəsimində yad təsirlərə, xarici qüvvələrin təsir dairəsinə düşərək vətənpərvərlik hisslərindən uzaqlaşır, dövlətə, millətə bağlılıq hissini unudurlar. Ona görə də bu gün biz vətənpərvərlik mövzusunda gənclərimizin problemlərinin olduğunu deyiriksə demək görülən işlər qənaətbəxş deyil. O da bir danılmaz faktdır ki, bütün problemlərin başında sevgisizlik durur. Sevgiyi öyrətməliyik gənclərimizə. Valideynlərə, övladlara, yaxınlara, uzaqlara, ətrafımızdakı canlı aləmə və son nəticədə vətənə. Vətənini, millətini, valideyinlərini sevən insan heç kimin toruna düşməz, vətənini satmaz. Gənclərimizin başqa dairələrin toruna düşməməsi, yad təsirlərə məruz qalmaması üçün onları özümüz, bildiyimiz kimi, milli vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Təhsilimizi daha da gücləndirməliyik. Ciddi milli vətənpərvərlik ruhunda telelayihələrə üstünlük verməli, şou aləminin təsirindən, şou əhlinin təsirinə düşməkdən onları qorumalıyıq. Milli musiqi dinləməyi, muğamı sevməyi, bayrağımızı və digər milli atributlarımızı sevməyi, himnimizin mətnini əzbər bilməyi, gərəkirsə vətən üçün ölməyi öyrətməliyik.

Əgər ölkədə bütün milli qəhrəmanlarımız barədə informasiya verən vahid internet resursu yoxdursa, milli mənəvi dəyərləri aşılayan veb səhifələr, bloqlar yoxdursa (və ya təbliğ edilmirsə) demək görülən işlər çox zəifdir və daha çox çalışmaq lazımdır.  Gənclər təşkilatları, QHT-lər müəyyən işlər görməyə çalışırlar. Amma bu da yetərli deyil. Bu mövzularda daha aktiv olmaq lazımdır. Bu sahədə daha çox layihələr işlənməlidir. Nazirliklər, milli donor təşkilatlar bu sahənin təbliğini nəzərdə tutan layihələrə daha çox üstünlük verməlidirlər. İbtidai siniflərdən başlamaq lazımdır maarifləndirici tədbirlərə. Mütəmadi tarixi abidələrə ekskursiyalar təşkil edilməli, övladlarımızı gəncliyə hazırlamaq lazımdır və hesab edirəm ki, bu məsələdə gənclər təşkilatlarının və QHT-lərin ciddi rolu ola bilər.

Gənclərin milli ruhda, vətənpərvər böyüməsi istiqamətində kütləvi informasiya vasitələri, televiziyaların da üzərinə məsuliyyət, iş düşür. Ancaq, o da bir acı həqiqətdir ki, televiziyalar  gündəlik şou proqramlara ayırdıqları vaxtın onda biri heç vətənpərvərlik mövzusuna həsr edilmir. Ancaq unutmaq lazım deyil ki, televiziyalar və kütləvi informasiya vasitələrinin  gənclərimizin maariflərndirilməsində çox mükəmməl rolu ola bilər.

Öz növbəsində Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı gənc nəslin vətənpərvər ruhda tərbiyəsində əsas rollardan birini oynayır. Bunu son illərdə bariz görürük. Belə ki, ildən-ilə hərbiçi olmaq istəyən gənclərimizin sayı durmadan artır. Ordumuzun son illərdəki daha da mohkəmlənməsi, Ermənistan silahlı qüvvələri qarşısında daha sayıq durması da bunun əyani sübutudur.

Hər şeydən öncə isə vətənpərvər gənclər ordusu yetişdirmək istəyiriksə, gəncliyimizdə kitaba maraq artırılmalıdır. Milli vətənpərvərlik mövzusunda telelayihələr hazırlanmalı, tədbirlər, konfranslar mütəmadi keçirilməlidir. Əgər istər paytaxtda, istərsə də əyalətlərdə gənclər, məktəblilər arasında sorğu keçirsək görərik ki, böyük əksəriyyət tarixi abidələrimiz, yerlərimiz, ümumilikdə tariximiz barədə minimum səviyyəli biliklərə malikdirlər. Təəssüflər olsun ki, Gəncə xanlığını, Talış xanlığını, Səfəvilər dövlətini, Şirvanşahlar sarayını, Qız qalasını, Babəki, Şirvanşah İbrahimi, Şah İsmayıl Xətaini, Nəriman Nərimanovu, Əlimaərdan bəy Topçubaşovu, Məhəmməd Əmin Rəsulzadəni və daha onlar kimi tariximiz olan dəyərli ədiblər, tarixi şəxsiyyətləri tanımayan, bilməyən gənclərimiz var.

Süleyman

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.

скачать dle 12.1

Şərhlər