SON DƏQİQƏ
» » Azərbaycan gəncləri böyük uğurumuzun aparıcı qüvvəsi

Azərbaycan gəncləri böyük uğurumuzun aparıcı qüvvəsi

Tarix:

2-02-2018, 21:54

/ 2 169 dəfə oxundu.
Azərbaycan gəncləri böyük uğurumuzun aparıcı qüvvəsi

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

 Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

Həm ulu öndər Heydər Əliyevin , həm də Prezident İlham Əliyevin ən böyük önəm verdiyi sahələrdən biri də dövlət gənclər siyasətinin zamanın tələbləri səviyyəsində qurulması və reallaşdırılması olmuşdur. Ulu öndər ölkəmizə birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə də, 1993-cü ilin yayından sonrakı on ildə də daim gənclər siyasətini diqqət mərkəzində saxlamış, ölkə gəncliyinin dövlətdən görə biləcəyi qayğının tam miqyasda həyata keçirilməsinə nail olmuşdur. 2003-cü ilin payızından sonra isə ölkəmizdə həmin siyasət daha geniş miqyasda, müasir zamanın tələbləri əsasında davam etdirilir. 1995-ci ildən bəri dövlət qurumlarında çalışan və parlamentdə fəaliyyət göstərən gənclərin sayı ildən-ilə sürətlə artır.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.

1997-ci il fevralın 1-də "2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir.

Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir.

Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.

Bugun gənclik azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

Cənab Prezident qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bundan məqsəd, şübhəsiz, yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.

Gənclərimizin hərbi vətənpərvərlik ruhu çox yüksəkdir. Ötən ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı Sərəncamı bütün xalqımızda, o cümlədən gənclərimizdə böyük ruh yüksəkliyi yaradıb. Çünki bu, "Qarabağa qayıdırıq” mesajıdır. Təbii ki, gənclərimiz bu məqsədlə Ali Baş Komandanımızın əmrini hər an yerinə yetirməyə hazırdırlar.

Biz hər gün, hər addımda şahidi oluruq ki, "Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşmişdir”-deyimi həqiqətən, günün reallığıdır.

Gəncliyimizlə hər zaman qürur duyub, fəxr edəcəyik.

Rövşən Əvəzoglu

Müstəqil tədqiqatçı

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ