SON DƏQİQƏ
» » İnam Kərimov: Peşəkar kadrlara ehtiyac getdikcə artır - FOTO

İnam Kərimov: Peşəkar kadrlara ehtiyac getdikcə artır - FOTO

Tarix:

20-05-2019, 17:14

/ 204 dəfə oxundu.
İnam Kərimov: Peşəkar kadrlara ehtiyac getdikcə artır - FOTO

Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüb. 

Bununla bağlı GunAz.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. 

Görüşdə çıxış edən nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edib.

Nazir bildirib ki, kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır: 

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır.

Məhz bu baxımdan zəngin tarix və ənənələrə malik, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilir. 

Son illərdə Prezident İlham Əliyevin aqrar sektora diqqəti və qayğısı sayəsində dövlət büdcəsindən ayrılan vəsait hesabına ADAU-nun maddi-texniki bazası yenidən qurulub, tədris korpusları əsaslı təmir və bərpa edilib, yeni korpuslar inşa edilib.

Bu, universitetdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb və abituriyentlər arasında universitetə maraq ildən-ilə artıb. Hazırda universitetin 4946 bakalavriat, 302 magistrant, 166 doktorant və dissertantına 554 professor-müəllim heyəti aqrar elmin dərinliklərini öyrədir. 

Bildiyiniz kimi, 2018/2019-cu tədris ilində universitetə qəbul olan və kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat, qeyri-kənd təsərrüfatı ixtisasları üzrə tələbələrə müvafiq olaraq 120 manat və 80 manat məbləğində əlavə təqaüd verilir. Beləliklə, cari tədris ilində müvafiq olaraq 400-499 bal və 500-dən çox bal toplayan 82 tələbəyə əlavə təqaüd təyin edilib”.

 

Nazir qeyd edib ki, 2019/2020-ci tədris ilində isə tələbə qəbulu planı ümumilikdə 33 ixtisas olmaqla bakalavriat səviyyəsi üzrə 1560 yer, magistratura səviyyəsi üzrə 220 plan yeri təqdim edilib. Bundan başqa, yeni tədris ilindən “Mühasibat uçotu və audit” ixtisası üzrə ingilis dilli qrupun yaradılması planlaşdırılıb: 

“Növbəti tədris ili üçün qəbul planında ingilis dilli 6 qrup üzrə 90 yer ayrılıb. Hesab edirəm ki, növbəti tədris illərində imtahanlarda yüksək bal toplamış və Azərbaycan Dövlət Aqrar Universitetinin ixtisaslarını seçmiş tələbələrin sayı daha da çox olacaq.

Ölkədə aqrar sahəyə artan maraq, aqrar ixtisaslara tələbatın yüksəlməsi, dövlətin aqrar təhsilə göstərdiyi xüsusi diqqət və qayğı bunu söyləməyə əsas verir”.

 

Daha sonra nazir İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatı ilə tanış olub. Təsərrüfatda görülən işlər, tələbələrin təcrübi biliklər əldə etməsi üçün yaradılan şərait barədə nazirə məlumat verilib. İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatının maddi-texniki bazasının təkmilləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyib.

Bundan başqa, İnam Kərimov Goranboy rayonunda qrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirib.

 

O, tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkədə aqrar sahə qeyri-neft sektorunun aparıcı sahəsi elan edilib: 

“Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir.

O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.

Nazir kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ