SON DƏQİQƏ

Möcüzələr və reallıqlar aləmində

Tarix:

26-02-2019, 18:11

/ 10 867 dəfə oxundu.
Möcüzələr və reallıqlar aləmində

Qusar-Yalama istiqamətində dağa qalxanda sərt bir döngə olmasını olduğunu orda yaşayanlar tanıyırlar. 1999-cu il fevralın 12-də avtomobillə həmin döngədən üzü dərəyə 12 dəfə fırlanaraq daşlara çırpılaraq qalmışam. Məni bükülü vəziyyətdə oradan çıxardıblar. Sonralar mənə verilən məlumata görə, “Mersedes” avtomobildən iki təkər çarxı salamat götürə biliblər. Xudat, Qusar, Bakı və nəhayət, Sumqayıt Travmatologiya Xəstəxanalarında müalicə almışam. Üz nahiyəmdə 12 ədəd tikiş qoyulmasını sonralar bilmişəm. Fevral ayından koma vəziyyətində olmuş, iy, dad bilmə hissiyyatım tam itmiş, bir ildən sonra nisbətən bərpa olmuşam. Hətta 1999-cu ilin yayında kəskin istilər (45-50 dərəcə) olmasını belə bilməmiş, dekabr ayının necə gəlməsini qəribə bir tərzdə qarşılamışam.

Klinik ölüm keçirməni, o dünyanı, Sirat körpüsünü, cəhənnəmin alovunda insanların batıb-çıxmalarını, bütün vücudları, dəriləri, 348 ədəd sümüklərinin, hətta tüklərimin  var-güclərilə ancaq Allahu-Əkbər qışqırmalarını görmüşəm.

Bu adamların Allaha yalvararaq ölmələrini istəsələr də, maraqlı bu idi ki, ölmürdülər. Uzun bir vaxt keçməsinə baxmayaraq, bu səhnəni xatırlayanda inanmağım gəlmir.

Bütün bunları yuxarıdan seyr edirdim. Məni Gəncə, Bərdə İmamzadələrinə apardılar, Ağdamda Seyid Lazım ağa ziyarətgahında oldum. May ayında Ağdamda məskunlaşan qardaşımla Ağanın nurlu qəbrin ziyarət edəndə qardaşıma burada olduğumu, abidənin içərisini təsvir edəndə təəccübləndi və bildirdi ki, sən xəstəxanada olanda bura təzə tikilirdi.

Maraq və təəccüb doğuran faktorlardan biri o idi ki, göylə uçur, minarələr vasitəsi ilə sürüşüb məscidlərə enirdim. Dəstəmaz alıb ziyarətgahları dövrə vurub və eyni qayda ilə minarə vasitəsilə göyə qalxırdım.

Yeganə namaz qıldığım yer Bakı Göy məscidində olmuşdur. O vaxta qədər namaz haqda dərin bilgim yox idi. Saniyələr keçməmiş ziyarət yerlərinə aparılmağım mənə təəccüblü idi. Orada gördüyüm çəmənlikdən bu dünyada görmədim. Çəmənlikdəki otlardan gələn Cənnət iyini cəmi bir dəfə, atam İlyas müəllimin dəfninin 3-cü günü qardaşım Vaqiflə məzarı ziyarət edəndə bir anlığa gələn müşk-ənbər ətrini qardaşım da hiss etdi. Bu 2005-ci ildə olmuşdur. Dini mağazalarda satılan bütün ətirləri yoxladıq, ancaq o məstediciyə rast gəlmədik.

Mənim bu dünyaya qaytarılmağım yəqin oxucular üçün də maraqlı olar. Nəfəsim birdən-birə boğulmağa başladı, qaranlıq tuneldə hava, işıq axtarmağa can atırdım.

Uzaqdan ağ işıq gördüm və ora tələsdim. Arkoformalı qapının arxası ağappaq idi. Təmiz havaya tərəf can atanda ayaqlarım nəyə isə ilişdi. Körpə uşaqlarım yolu kəsmişdilər, keçməyə qoymadılar. Mənə mane olan ayaqlarımı tərpənməyə qoymayan uşaqları itələyə, aralaya bilmədim. Sanki ayaqlarım yerə sementləşmişdi, qaldıra bilmədim. Bu anda arxadan güclü bir səs eşitdim: “O payları sənə mən vermişəm, vura itələyə bilməzsən, geri qayıt”.

Yalvardım ki, məni insanlar olan dünyaya qaytarmayın, bu dünyada xəsarət almışam, sümüklərim sınıq-sınıqdır. Burada özümü sağlam görürəm. Məni o alovun içinə atın. O səs qəh-qəhə ilə güldü və dedi: “Şüurlu şəkildə hara düşdüyünü bildiyin üçün qayıtmalısan, insanlar aləminə lazımsan. Məsləhət belədir”.

Əziz oxucular, deyə bilərsinizmi o səs kimə məxsusdur?

O səsin, dini bilik alandan sonra kimə məxsus olmasını bilmiş, ziyarətlərimdə də öz əksini tapmışdır.

Gözlərimi Sumqayıt xəstəxanasında açanda 12 yaşlı oğlum Pərvizi gördüm. Sevinə-sevinə, ancaq qorxmuş halda yaxınlaşdı. Soruşdum, haradayam və mənə nə olub?

- Xəstəxanadasan, avariyaya (qəzaya) düşmüsən. Həkimlər yığışmışdılar başına, dedilər öləcəksən, ağzından köpük gəlirdi. Mən də quruyub burada qalmışam. Dur gedək evə - söyləməsi məni diksindirdi. Onda anladım ki, başqa aləmdə olmuşam. Çox adamlar məni görməyə gəliblər, hamısıyla söhbət də etmişəm, ancaq yadıma gəlmir. Bu hadisəyə ilk inananlar namaz əhli olan qardaşım Vaqif və institutda paralel fakültədə oxuyan dostum Əyyub olmuşlar.

Sonralar mənə inamlar azaldığından qərara gəldim ki, heç kimə hadisə haqda danışmayım.

Öz-özümə təsəlli tapdım ki, astronom alimlər, televiziya kanalları, dövrü mətbuatda bu haqda çox danışılıb, şahidlər dinlənilib və təsdiqlənib. Klinik ölüm keçirənlərin başlarına gələnlər eyni ssenari ilə olublar.

Bu yaxınlarda qəzet redaktoru olan Rauf İlyasoğlu məni yaymağa həvəsləndirdi və hadisə haqda yaddaşım təzələnəndə məsləhət gördü ki, Astarada bir hikmət sahibi var, gəl səni onun yanına aparım.

Gündəlik həyatımızda baş verən hadisələr, çətinliklər, ictimai-siyasi vəziyyətin gərginliyi, dollar, təqaüd oyunları, Azərbaycan həkimlərinin zorla yapmaq istədikləri sağalmaz xəstəlikləri, pul qoparmaq istəkləri, ötür-ötür oyunları, İran İslam Respublikasının həkimlərinin hərisliyi və s. məni təngə gətirdi. Əməliyyatlardan, həkimlərdən imtina etməyimi Rauf müəllim Astarada yaşayan kəramət sahibi dediyi dostu Hacı Məmmədsəfa kişiyə danışmışam. Hacının sifarişini telefonla mənə çatdıranda həqiqi mənada ürəkləndim. Hacı demişdi ki, əməliyyata getsə öləcək.

Bildirim ki, qanda himoqlobinimin, dəmirin aşağı düşməsi mədədə yaralar əmələ gətirmişdir.

Deməliyəm ki, bunun günahkarı və səbəbkarı da özüm olmuşam. Həkimlər yığını bu fakta əhəmiyyət vermədilər və dərhal cərrahiyyə əməliyyatı etməyi bildirdilər. 15, 7,5, 4,5, 3, 1300 manat pul istədilər. Tomoqrafiya bütün orqanların tam sağlam olduğunu göstərməsi: Avrasiya, Respublikanski deyilən xəstəxana, Milli Onkologiya, İran İslam Respublikasının Tehran, Təbriz, Zəncan xəstəxanalarında işləyən, pul qazanmaq istəyən professor, şöbə müdirləri, özlərini alim bilən dırnaqarası həkimləri qəti maraqlandırmadı. İmtina etməyim əbəs yerə deyilmiş. Uca Allahın razılığı və qisməti ilə təsadüfən cərrah-alimə rast gəldim. 87 manata yaralarım təmizləndi. Hamının dillər əzbəri olan xərçəng xəstəliyini yeganə müalicə edən Allahın mənə istiqamətləndirdiyi bu həkimin olmasını desəm, yanılmaram. Çünki çox xəstələr göndərmişəm və bu xəstəlikdən müalicə yolu ilə sağalıblar. Nə isə...

Astaralı yuxarıda söylədiyim kəramət sahibinin sifarişindən sonra qərar verdim ki, vaxt tapıb Hacı ilə görüşüm. Dövri qəzetlərdə, televiziya kanallarında bu kəramət sahibinin adi bir duası ilə sağalan adamların çıxışlarına qulaq asdım. Qərarımda israrlı oldum.

Astarada sərhəddən 15-20 kilometr məsafədə yerləşən Şüvi kəndində yaşayan Hacının evinə yaxınlaşanda saysız-hesabsız adamların növbəyə dayandıqlarının şahidi oldum. Rauf müəllim söylədi ki, Hacının 92 yaşı var, adamları iki-üç dəqiqə qəbul edir, xoşlamadığı, imansız adamlardan imtina edir. Ancaq bizimlə Hacının söhbəti bir saata yaxın oldu.

Təmənnasız, mehriban, gözü tox, söhbətcil olan 92 yaşlı bu nurani insanla söhbət edəndə həqiqi Allah adamına rast gəldiyimə sevindim. Qurani-Kərimdən məlumatlı, müsəlman olmağımı bəyəndi və hətta məni qucaqladı da. Rauf müəllimə dedi ki, belə adamların yanıma gəlməsi məni ruhlandırır. Arzu, dilək xahişlərimi söyləmədən həyatımda olanları deməsi doğrudan da möcüzə idi. Təmənnasız, əliaçıq Şeyxin xeyirxahlığı Allaha, Qurana, Peyğəmbərə inamı, tabe olması, respublikanın hüdudlarından kənarda böyük nüfuz sahibi olmasını bilmək, görmək üçün adi bir görüş kifayət edər. Şəfa tapan insanların təkrar qəbula gəlmələri Allaha, yerlərdə olan Şeyx Hacı Məhəmmədsəfa kimi kəramət sahiblərinə inanmaları möcüzə deyilmi?

Həqiqətləri, reallıqları, olanları, gözlə görünənləri, Astaradan Lerikin Kaqoy kəndində yolların çəkilməsi, abadlaşdırılması, məscid tikdirməsi, kəndinə dağlardan içməli su çəkdirməsi Peyğəmbərin Mövludu günündə 1000 nəfərə ehsan verilməsi, kasıb, kimsəsizlərə yardım etməsi və sairəni danmaq nankorların vəzifəsidir.

Bəzi dövrü mətbuat, telekanallarda, saytlarda Şeyxi təhqir edənlərə ar olsun! Belə saytlar göbələk kimi artsalar da, Hacıdan bir dənədir və belə adamları qorumaq lazımdır. Ağı qaraya qatanları Hacı dərhal anlayır, onlarla danışmaq belə istəmir.

Görəsən bu qara yaxan adamlar içərisində həqiqi müsəlman olanı varmı? İnanmıram.

Şeyxlə o dünya, cənnət və cəhənnəm, Qurandan surələr, Peyğəmbər haqda öyrəndiyim, bilmədiyim kəlamlar necə xoş ovqat yaratdı ki, Hacı sevincdən məni qucaqlayıb öpdü də. Möcüzələr və həqiqətlər aləminə düşməyimə yəqin inananlar da, inanmayanlar da tapılacaq. Uca Allahı dərk etmək, var-dövlət, nemət, sağlamlığım uca Yaradandan gəlməsini inanmayanlara israrla söyləmək lazımdır. 92 yaşlı Hacı Şeyx Məhəmmədsəfa həzrətlərinin Allahdan istədiyi də elə budur və sonda: Belə kəramət sahiblərini tanımadığı, inanmağı, insanlara, insanlığa təmənnasız xidmət edənləri, şəfa diləyənləri yada salmaq, unutmamaq, Uca Allahın buyurduğu ömrü yaşamağı, sağlamlıq diləmək borcumuzdur.

Möcüzələr, həqiqətlər, reallıqlar haqda geniş yazsam, on qəzet səhifəsinə sığmaz. Bilmək istədiyiniz, maraqlandıran suallarınıza geniş açıqlama verə bilərəm. Hamıdan xahişim budur ki, eşitdiklərinizdən yox, gördüklərinizdən, bildiklərinizdən danışın.

Epiloq: Hacı ilə söhbətimiz o qədər dərin oldu ki, şəkil çəkdirmək yada düşmədi. Çünki qəbula gələnlər çox idi. Məncə şəkilə ehtiyac yoxdur, axı Göydən bizə baxan var idi...

 

Niyaz Allahverdiyev,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ