
Xeyli vaxtdır ki, Həsən Bayramov haqqında nə yazacağımı düşünürəm. Fikirlərimi cəmləşdirmək, səmimi bir münasibət sərgiləmək istəyirəm. Həsən müəllim çox ciddi bir insandır. Olduqca da həssadır. Onun haqqında danışarkən gərək çox ehtiyatlı olasan. Çünki o, ağı qaradan seçməyi bacaran, hər şeyi zərgər dəqiqliyi ilə ölçüb biçən bir ziyalıdır.
Həmişə sayılıb-seçilən tanışlardan, xüsusilə yaşıdlardan, eloğlulardan, iş yoldaşlarından yazmaq, onların başlıca xarakterik xüsusiyyətlərini təhlil etmək, iş üslublarını dəyərləndirmək, son nəticədə şəxsiyyətlərindən bəhs etmək, qeydlər aparmaq, ən başlıcası da heç olmasa özüm üçün yazmaq istəmişəm. Yeri gəldikcə belə qeydlərim də olubdur. Bu, əslində hər bir nəslin özü və dövrü haqqında olanları tarixləşdirmək həvəsindən daha çox, bir həyat təcrübəsi əxz etmək, yaşanan günlərin təzadlarından nəticə çıxarmaq üçün lazımdır və hətta deyərdim ki, dəyərlidir.
Həsən müəllim həm şəxsi, həm ictimai, həm də elmi polemikaya açıq adamdır, sabaha yeni ümidlərlə baxan vətəndaş, heç vaxt ümidsizliyə qapılmayan, hər cür kritik situasiyanı məntiqi dəyərləndirən şəxs, əhatəsində olduğu çevrədə xoş əhval-ruhiyyə, səmimiyyət və zəhmətsevərlik əhvalı yaradan həmsöhbətdir.
Orta məktəbdə oxuduğu illərdə son dərəcə yaxşı oxuduğunu, gözəl ictimaiyyətçi olduğunu həmişə eşitmişdim. Elə oldu ki, 1983-cü ildə doğma kəndimiz Toxlucada müəllimlik fəaliyyətinə başladım. Beləliklə, Həsən müəllimi daha yaxından tanımaq imkanı yarandı.
Həsən müəllim istər məktəbdə direktor müavini, istər rayon hüquqlu Toxluca sovxoz komsomol komitəsinin katibi, istərsə də qəsəbə sovetinin sədri işləyərkən elmə marağı heç zaman azalmayıb, sayılıb seçilən eloğlularımdandır. O, qəsəbədəki orta məktəbdə direktor müavini işləyəndə daim genişmiqyaslı mədəni-kütləvi tədbirlər təşkil edərdi. Komsomol komitə katibi və rayon komsomol komitəsinin büro üzvü kimi qəsəbənin rayon miqyaslı tədbirlərində də onun fəallığı hiss olunurdu. Yeri gəlmişkən, məhz onun təşkilatçılığı ilə sovxozun azad komsomol təşkilatı raykom hüquqlu komsomol komitəsinə çevrildi. Bu, Ermənistanda kənd yeri üçün, çox ciddi hadisə idi.
Qəsəbə Sovetinin sədri kimi də Həsən müəllimin bir çox təşəbbüsləri ilə yadda qalmışdır. Məhz onun təşəbbüsü ilə qonşu Sevan şəhərindən Kumatsu traktorları gətirildi və kənd əhalisi dağlardakı bulaqları evlərinə çəkdilər və s.
O, həmişə münasibətlərdə əndazəni gözləyəndir, ətrafındakıları özündən incik salmamağa çalışmaqla ünsiyyət manerasını genişləndirməklə məntiqi mülahizərələrini əsaslandırandı.
Mən həmin dövrdə Krasnoselo rayon partiya komitəsində təlimatçı işlədiyimdən Həsən müəllimin fəaliyyətini geniş müşahidə etdiyimdən bu məsələlərə geniş yanaşdım.
Həsən müəllim uzun illərdir ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 1987-ci ildən ali məktəblərdə müəllim kimi fəaliyyət göstərən H.Bayramov pedaqogika üzrə elmlər doktoru səviyyəsinədək yüksəlib.
Respublikamızın ictimai-siyasi həyatında da fəal iştirak edən Həsən müəllim özünün analitik-nəzəri məqalələri ilə ölkə miqyasında sanballı nüfuza malik bir ziyalıdır.
Tale elə gətirdi ki, mən Bakıda da Həsən müəllimlə birlikdə işləyəsi oldum. Mən, Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri, Həsən də 9 saylı Binəqədi ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının sədri kimi xidməti ünsiyyətimiz daha da genişləndi.
2012-ci ildən o, bu vəzifədə də yaxşı idarəçilik nümunəsi göstərdi. 2013-2018-ci illərdə keçirilən seçkiləri, 2013 və 2018-ci illərdə keçirliən Prezident, 2017-ci ildə Referendum, 2014 və 2015-ci ildə keçirilmiş bələdiyyə və Milli Məclisə seçkiləri qüsursuz və peşəkarcasına əlaqələndirdi. Bu müddətdə onun rəhbərlik etdiyi dairə və ona tabe olan məntəqələrdə heç bir qanun pozuntusunun olmaması həm də onun məntəqə və dairə seçki komissiyaları üzvləri ilə müntəzəm olaraq keçirilən hüquq maarifçilik treninqlərinə məsuliyyətlə yanaşmasının, eləcə də seçkilərlə bağlı hüquqi-normativ ədəbiyyatlara məsuliyyətlə diqqət yetirməsinin nəticəsidir.
Həsən müəllimi nümunəvi ailə başçısı kimi səciyyələndirsək, yetişdirdiyi övladları onun bariz sübutudur. El-obanın məlum Dağlıq Qarabağ hadisələri ilə bağlı deportasiya edilməsindən sonra insanlar sanki səmimi söhbətə, görüşə, problemlərinə sayğı göstərilməsinə, kədərinə və sevincinə ortaq olmasına daha çox ehtiyac hiss edir. Həsən müəllim bu mənada öz xeyirxahlığı ilə də çoxlarına nümunə göstərilə biləcək ziyalılardan, ağsaqqallardandır. Xeyirdə-şərdə həmişə öz davranışı, mədəniyyəti və səmimiyyəti ilə seçilir.
O, həmişə münasibətlərdə əndazəni gözləyəndir, ətrafındakıları özündən incik salmamağa çalışmaqla ünsiyyət manerasını genişləndirməklə məntiqi mülahizərələrini əsaslandırandı.
Bir sözlə Həsən müəllim nikbin, ləyaqətli vətəndaş, çox enerjili bir insandır.
Mən Həsən müəllimə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram. Ulu Tanrı yüksək mənəvi keyfiyyətlərinə görə layiqli mükafatını versin
İradə Hacıyeva
Mərkəzi Seçki Komissiyasının
sabiq şöbə müdiri