SON DƏQİQƏ

ABŞ İrəvana Azərbaycanın xeyrinə ŞƏRT QOYDU

Tarix:

25-10-2018, 15:44

/ 10 288 dəfə oxundu.
ABŞ İrəvana Azərbaycanın xeyrinə ŞƏRT QOYDU

Boltonun bölgəyə səfəri göstərdi ki, Azərbaycan-ABŞ münasibətlərinin böyük perspektivləri var. ABŞ bu perspektivləri ciddi dəyərləndirir və istifadə etmək niyyətindədir.

GunAz.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Boltonun Qafqaza səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, ABŞ Cənubi Qafqazda öz təsirini artırmaq istəyir:

“Bu zamanda əsas istinad nöqtəsi kimi Azərbaycanı seçdiyi heç kimə sirr deyil. ABŞ uzun illərdir ki, Azərbaycanın neft, qaz, dəmiryolu strategiyasına ciddi dəstək verir. ABŞ yaxşı başa düşür ki, Azərbaycanın maraqları Qərbin, ABŞ-ın, eləcə də onun müttəfiqləri olan Avropadakı ölkələrin səyləri ilə üst-üstə düşür. Bu nöqteyi-nəzərdən Azərbaycanın Qərb üçün əhəmiyyəti çox qiymətlidir. Bundan başqa, Azərbaycan öz ərazisi vasitəsi ilə ABŞ-ın Əfqanıstandakı qoşun kontingentinin təchiz edilməsində çox böyük rol oynayır. Əfqanıstana daşınan yüklərin 80%-i Azərbaycanın nəqliyyat vasitələri ilə həyata keçirilir. Üstəlik də Azərbaycanın hərbi birliyi Əfqanıstanda sülhü qoruma missiyasını yerinə yetirir”.

Politoloq vurğulayıb ki, İrana qarşı tətbiq ediləcək sanksiyalar prosesində Azərbaycana xüsusi rol ayrılacaq:

“Bunu əvvəlcədən də təxmin etmək mümkün idi. Azərbaycanda neftin operatoru BP-dir. Bu operator ABŞ və İngiltərənin ortaq şirkətidir. BP həmçinin TANAP layihəsinin həyata keçirilməsində müəyyən faizlə iştirak edir. Yəni ABŞ-ın şirkətləri Azərbaycanda neft və qaz istehsalı, məhsulların Qərb bazarına çıxarılması ilə məşğuldur. Bu, Azərbaycanın strateji önəmini, Qərb üçün əhəmiyyətini aydın surətdə göstərir. İran məsələsində ABŞ kompromissiz davranmağa çalışır. Kent bununla bağlı Ermənistana ciddi xəbərdarlıq etdi və hazırda Ermənistanda səfərdə olan Boltonun da eyni mövqe nümayiş etdirəcəyi gözlənilir. Ermənistanın ticarət əlaqələrinin çox hissəsi İranladır. Digər tərəfdən isə Rusiya ilə də Ermənistan ticarət əlaqələrinə sahibdir. ABŞ Rusiyaya da sanksiyaların tətbiqinə hazırlaşır”.

Politoloq qeyd edib ki, Ermənistana kəskin münasibət fonunda Boltonun Azərbaycan haqda “elə etməliyik ki, Azərbaycandakı dostlarımız zərər görməsin” sözünü işlətməsi təsadüfü deyil:

“Çünki Azərbaycan şaxələnmiş ticarət əlaqələrinə sahibdir, özünə lazım olan məhsulların çoxunu özü istehsal edir, digər qismini isə Avropadan gətirir. Azərbaycan elə bir incə siyasət yürüdür ki, bu siyasətin, ticarət münasibətlərinin sanksiya altına düşməsi imkanları demək olar ki, yox dərəcəsindədir”.

Politoloq bildirib ki, ABŞ-ın həm Cənubi Qafqazla, həm də Mərkəzi Asiya ilə bağlı uzağa gedən geosiyasi hədəfləri var:

“Bu hədəflərdə körpü, nəqliyyat dəhlizi rolunu Azərbaycan oynayır. ABŞ üçün bu, bir nömrəli əhəmiyyətə malikdir. Bundan sonra biz ABŞ-Azərbaycan münasibətlərinin daha sürətlə inkişafını müşahidə edəcəyik və buna təəccüblənməməliyik. Bu münasibətlər milli maraqlara söykənir və kimsəyə qarşı deyil”.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ problemində də ABŞ-ın mövqeyində dəyişikliklər hiss edilir:

“Bu dəyişikliklər Azərbaycanın maraqlarına tam uyğun olmasa da, əvvəlki dövrlərlə müqayisədə kifayət qədər pozitiv xarakter daşıyır. Getdikcə də bu pozitivliyin artacağı qənaətindəyik. ABŞ özünün Cənubi Qafqazda və Mərkəzi Asiya respublikalarında maraqlarını həyata keçirərkən çox da uzaq olmayan bir dövrdə Dağlıq Qarabağ probleminin həllini qarşısına əsas məqsəd kimi qoyacaq. Bu barədə verilən ayrı-ayrı bəyanatlar onu göstərir ki, ABŞ Dağlıq Qarabağ problemi ilə ciddi surətdə maraqlanır. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin, Boltonun bununla bağlı açıqlamaları bunu sübuta yetirir. Eyni zamanda bu münaqişənin tezliklə həll olunması üçün özünün səylərini də əsirgəmir”.

Qeyd edək ki, “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrana qarşı sanksiyalar, onun Azərbaycana təsirlərini Bakıda olarkən müzakirə etdiyini bildirib:

“Biz bu sanksiyalar siyasətini çox aktiv şəkildə həyata keçirmək niyyətindəyik. Yeni sanksiyaların tətbiqini gözləyirik, amma istəmirik ki, bununla Azərbaycandakı dostlarımıza zərər vuraq. Mən əminəm ki, biz hər iki tərəf üçün qəbuledilən olan və həm Azərbaycana zərər verməyən, həm də İrana maksimal təzyiq üçün şərait yaradan variant tapacağıq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ