SON DƏQİQƏ
» » "Xalq "biz gəlsək, filan işi görəcəyik" deyənlərə inanmır"

"Xalq "biz gəlsək, filan işi görəcəyik" deyənlərə inanmır"

Tarix:

4-04-2018, 09:45

/ 10 337 dəfə oxundu.
"Xalq "biz gəlsək, filan işi görəcəyik" deyənlərə inanmır"

AG Partiya lideri Tural Abbaslı hesab edir ki, hazırkı prezidentliyə namizədlər teledebatlarda fərqli formada çıxışlar etməlidirlər

Prezidentliyə namizədliyini irəli sürsə də namizəd kimi təsdiqlənməyən AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında seçki öncəsi ölkədə mövcud siyasi proseslərə münasibət bildirib. O qeyd edib ki, əgər prezidentliyə namizədliyi təsdiqlənsəydi,  teledebatlar indikindən çox fərqli formada keçərdi. Gənc siyasətçinin sözlərinə görə, proseslər sönük formada gedir: “Seçki kampaniyasının bitməsinə artıq bir həftədən də az vaxt qalıb. Artıq sonuncu teledebat keçiriləcək. Nəzərə alsaq ki, seçkiqabağı təbliğat-təşviqat işinin əsas ağırlığı teledebatlardır, o zaman bəlli qənaətlərə gəlmək olur. Doğrusu, gözlənilməz, qeyri-adi heç bir hal olmadı. Təqribən elə bu cür də gözlənilirdi. Hakimiyyət seçkini sakit, təcrübəli, heç bir fors-majora yer qoymadan aparır. Hətta  namizədlərin müəyyənləşdirilməsi də bu plan üzərində idi ki, gözlənilməz, fövqəladə bir şey olmasın və hər şey qaydasında getsin. Əslində bu, bəlkə də indiki hakimiyyətə siyasi baxımdan sərf edən bir gedişdir. Ancaq Azərbaycan üçün bunu, o qədər də uğurlu hesab etmək olmaz. Çünki insanların seçkiyə, prosesə inamlarının ölməsi gələcəkdə Azərbaycanı daha qəliz vəziyyətlərə sala bilər. Onların çıxışlarından görünür ki, hamısı bəlli bir çərçivə daxilində danışırlar. Hətta hər bir namizədin özünün ağırlıq etdiyi dairə var. Yəni bu belə müəyyənləşdirilib ki, namizədlər hansı mövzu ətrafında daha çox danışa bilərlər. Seçkiyə mənim, eyni zamanda VİP sədri Əli Əliyevin buraxılmaması seçkinin tamamilə hakimiyyətin istədiyi kimi keçməsinə şərait yaratdı. Namizədliyimiz qeydə alınsaydı, biz daha müstəqil namizədlər olaraq prosesi çəkişməli, maraqlı hala gətirərdik. Bundan sonra da prosesdən hansısa qeyri-adi bir gözləntilərim yoxdur. Dolayısı ilə hakimiyyət istədiyi kimi seçki aparır. Çox güman ki, seçkinin nəticəsində 70 faiz üzərində olan səs çoxluğu ilə İlham Əliyev prezident  seçiləcək. Təəssüf ki, belə oldu”.

Abbaslı bildirib ki, proseslərin belə vəziyyətə gəlməsində müxalifətin də günahı böyükdür: “Zamanla bunu düzəltməliyik. Əks halda, proseslər indiki kimi davam edəcək. Baxıram ki, xalq artıq ”biz gəlsək, filan işi görəcəyik" söyləyənlərin səmimiyyətinə inanmır. Ancaq xalqa sən bu hakimiyyətin nə olduğunu, onların bu günə qədər qaçırdığı siyasi, iqtisadi şansları, məmurların özbaşınalıqları ilə bağlı faktları efirdən səsləndirsəydin, hansısa canlanma olacaqdı. Belə olardısa xalq da proseslərə qoşulmaq istəyərdi. Bu gün orada qarşılarındakı kağızdan öz çıxışlarını oxuyan namizədlər də ittihamlara, arqumentlərə cavab vermək məcburiyyətində qalacaqdılar. Belə olsaydı, orada Əli Əhmədov artıq əzbərlədiyi, standart cümlələri deməyəcəkdi. Məcburən irəli sürülən mövqelərə cavab verəcəkdi. Orada bugünkü rüşvətdən, özbaşınalıqdan, siyasi məhbuslardan, partiyaların salındığı ölü vəziyyətdən, Qarabağ problemindən və digər məsələlərdən də danışmaq olar. Bizim elə bir sahəmiz yoxdur ki, orada hər şey normal olsun. Bu gün hətta balanslaşdırılmış xarici siyasət deyirik, ancaq ətrafımıza baxanda görürük ki, Türkiyədən başqa heç bir dostumuz, müttəfiqimiz yoxdur. Bu gün bizim Qarabağ münaqişəsi kimi problemimiz var, geosiyasi bölgədə yerləşirik. Bu cür vəziyyəti olan ölkələrin xarici siyasəti ən yüksək səviyyədə olmalıdır. Ancaq hazırda havada qalmış kimiyik. Nə bir dəfəlik Qərbə yönəlmişik, nə Rusiyaya yaxınlaşmışıq, nə də Türkiyə ilə normal strateji-əməkdaşlıq müqaviləmiz yoxdur. Dolayısı ilə hər sahə problemlidir ki, bunlar da diskussiya, müzakirələrlə həll edilməlidir. Əli Həsənov artıq açıq mətnlə bildirdi ki, bəzi qüvvələr sərvətlərimizdən qarşılıqsız faydalanmaq istəyirlər. Bu o deməkdir ki, hansısa dövlətlər bizi şantaj edirlər. Bizdən bu yolla nələrsə tələb edirlər. Bunların olmaması üçün dövlət daxilində milli barışıq yaradılmalıdır. Xalqın, müxalifətin, hakimiyyətin üçünün birlikdə vəhdəti görünməlidir. Bu baş verməyəcəksə, Azərbaycandan istədiyini qoparmaq arzusunda olan xarici dövlətlərin əlində təsir imkanları yaranacaq. Onlar ya xalqla, ya müxalifətlə, ya da hakimiyyətlə manipulyasiya edəcəklər. Bu cür manipulyasiyalardan qaçmağın ən gözəl yolu xalqa dönük siyasət aparmaqdır. Xalqla, müxalifətlə düşmənçilik etməmək, sağlam tənqidə açıq olmaq lazımdır. Dövlətdaxili barışıq olmasa, hər bir hakimiyyət xarici müdaxilələrə açıq olacaq. Ümid etmək istəyirəm ki, hakimiyyət seçki prosesində bu nüansları gördü. Basqılardan nəticə çıxarıb, vəziyyəti düzəltməyə çalışacaqlarına ümid edirəm".

скачать dle 12.1

Şərhlər