SON DƏQİQƏ
» » “Cümhuriyyət turniri” başa çatdı - Milli Məclis çempion oldu

“Cümhuriyyət turniri” başa çatdı - Milli Məclis çempion oldu

Tarix:

12-03-2018, 09:30

/ 10 578 dəfə oxundu.
“Cümhuriyyət turniri” başa çatdı - Milli Məclis çempion oldu

Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub.

Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub.

“İnter Arena”da keçirilən final oyununda Azərbaycan və Ukrayna komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin üzvləri izləyiblər. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Oyunda topa ilk toxunuşu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ediblər.

Komandaların cəhdlərinə baxmayaraq, oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandası 36-cı dəqiqədə Əli Abişovun qolu ilə hesabda önə çıxıb. Matçın 60-cı dəqiqəsində Ukrayna komandasının üzvü Oleq Osuxovski hesabı bərabərləşdirib. Qarşılaşmanın sonuncu dəqiqəsində Musa Qurbanovun qolu ilə Azərbaycan komandasının qələbəsi rəsmiləşib. Beləliklə, Azərbaycan komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Beynəlxalq turnirin iştirakçı komandalarının üzvlərinə medallar və kubok təqdim olunub.

Mükafatları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təqdim edib. Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışıb. Xatırladaq ki, Azərbaycan komandası Latviyanı 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanmışdı. Ukrayna deputatlar isə türkiyəli həmkarlarını 4:2 hesabı ilə məğlub etmişdilər.

Gənclər və idman naziri Azad Rəhimov Modern.az-a açıqlamasında Milli Məclisin futbol komandasını təbrik edib və bu cür görüşlərin keçirilməsinin vacib olduğunu bildirib: “İstərdik ki, bu görüşlərə daha çox ölkə qatılsın. Amma bizim parlamentimiz bir daha sübut etdi ki, biz idman ölkəsiyik. Parlamentimiz belə gözəl futbol oyunu nümayiş etdirirsə, biz hər sahədə irəliləyiş və yeniliklər nümayiş etdirə bilərik”.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov isə Azərbaycan komandasını dəstəkləyən nazirliklərə, qurumlara təşəkkür edib. “Bu turnir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu. Cənab prezident xüsusi olaraq bu il müxtəlif tədbirlər planı təsdiqləmişdi. Bugünkü tədbir də, gənclərin sağlamlığının, Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin çox vacib hissəsi idi. Oyun barədə isə onu deyə bilərəm ki, çox ağır keçdi”. Komitə sədri xatırladıb ki, Azərbaycan komandası iki il öncə Ukrayna komandası ilə oynayıb. “Bilirsiniz ki, iqtisadiyyat naziri Şahin Mustafayev də oyuna qatılmışdı. Bu, bir yarışdır, mütləq deyildi ki, biz qələbə çalaq. Ancaq yaxşı oldu ki, oyun qələbə ilə bitdi. Qələbə qazanmağımızda mətbuatın da dəstəyi oldu. Gördünüz ki, tribunada nə qədər bizi dəstəkləyən var idi. Mənə elə gəlir ki, bizim hamımızın bir yerdə olması çox yaxşı oldu. Ən əsası, bura gələn, hər bir milli komandaya Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçılıq siyasəti haqqında geniş məlumat verildi. Bu turnir, gənclərimiz, sağlamlığımız, ərazi bütövlüyümüzün təbliği üçün çox əhəmiyyətli idi”. F.Muradov öz oyunundan da danışıb: “Gördünüz ki, topun biri qapı dirəyinə dəydi. Digər vurduğum zərbə isə hardasa iki santimetr qapının kənarından keçdi. Mən hər oyunda demək olar ki, qol vururam. Amma bu dəfə alınmadı. Əsas odur ki, komandamız yaxşı oynadı, qələbə qazandıq. Gənclər və idman nazirimiz, Milli Məclisin sədri, Oqtay Əsədov oyunu izləməyə gəldi. Bunlar hamısı onu göstərir ki, tədbir maraqlı olub”.

Azərbaycan Milli Məclisinin komandası Ukrayna parlamentinin komandası qarşısına aşağıdakı heyətlə çıxıb: Fuad Muradov (kapitan - Milli Məclisin Gənclər və İdman komitəsinin sədri), Elşad Həsənov (deputat), Ülvi Quliyev (deputat), Kamran Nəbizadə (deputat), Tahir Mirkişili (deputat), Mahir Abbaszadə (deputat), Fazil Mustafa (deputat), Azər Badamov (deputat), Emin İmanov (Milli Məclis Aparatının işçisi), Adil Vəliyev (Milli Məclis Aparatının işçisi).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ