SON DƏQİQƏ
» » Yaşayış minimumu – 173 manatla bir aya yaşaya bilərikmi?- SORĞU

Yaşayış minimumu – 173 manatla bir aya yaşaya bilərikmi?- SORĞU

Tarix:

24-11-2017, 13:50

/ 1 868 dəfə oxundu.
Yaşayış minimumu – 173 manatla bir aya yaşaya bilərikmi?- SORĞU

Azərbaycan hökuməti hesab edir ki, ölkə əhalisinin adambaşına minimum aylıq xərci gələn il üçün 173 manat olacaq.

Gunaz.az xəbər verir ki, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib. Caril ildə isə yaşayış minimumu 155 manat müəyyənləşib.

Yaşayış minimumuna nələr daxildir?

2014-ci ildə Nazirlər Kabinetinin qərarı ilə minimum istehlak səbətinin tərkibi təsdiq edilib. Həmin tərkibə görə əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar olaraq 3 qrupa bölünür. (Cədvəl 1)

Beləliklə, hər bir vətəndaşın minimum istehlakı hökumətin tərtib etdiyi bu səbətə görə formalaşır. İndi burada iki məqam ortaya çıxır: Birincisi, bu səbət doğrudanmı orta 155 manat tutur? İkincisi, bu səbət vətəndaşların minimum tələbatını tam olaraq, nə dərəcədə əhatə edir?

Bununla bağlı sosial şəbəkələrdə apardığımız sorğunu təqdim edirik:

Sual. Ehtiyacları təmin etmək üçün ailədə adambaşına aylıq nə qədər gəlir olmalıdır? Cavab verənlər arasında müxtəlif təbəqənin, müxtəlif regionların insanları yer alıb.

İlkin Muradov 500-600 manat, Nurəddin Rüstəmli isə adambaşına 500 manat gəlir olarsa, nisbətən normal yaşamağın mümkün olduğunu yazır.

Sevil Allahverdiyeva deyir ki, qənaətcil adamdır, həm də sağlıqlı qidalanmağa çalışır: “Buna görə hesab edirəm ki, adambaşına ölkəmizdə yaşamaq üçün minimum 300 AZN lazımdır”.

Səma Səhər ancaq yemək və geyim xərclərinə 4 üzvdən ibarət ailəsi üçün 2000 min manat lazım olduğunu söyləyir. (Hər bir ailə üzvünə 500 manat).

Feyruz Şivəxanov deyir ki, tək aylıq dərman xərci 100 manatı keçir: “Ən azı adambaşına 500-600 manat olarsa, orta səviyyəli dolanışığa bəs edər”.

Vasif Cəfərov da ayda adambaşına düşən xərcin 300 manat olduğunu düşünür: “Bir şərtlə ki, kirayədə yaşamayasan”.

Tahir Ağayev 400-500 manat, Rəşad Məmməd 4 nəfərlik ailə üçün ümumi 2000 manat gərək olduğunu vurğulayır.  Rəşad Məmməd yazır ki, ailə üzvlərinin yaşı və sağlamlığına uyğun olaraq bu rəqəm arta bilər.

Həsrət Rüstəmov isə yazır ki, ortabab dolanmaq üçün bir 4 nəfərlik bir ailəyə 1500 manat lazımdır: “Bunun 500-nü tapırıq, qalanını təxirə sala-sala yaşamağa çalışırıq”.

Fərqanə Allahverdiqızı adambaşına 700 manat, Fərahim Qasımov 300-400 manat, Vidadi İbadov isə 3 nəfərlik ailə xərcinin 1300 manat tutduğunu deyirlər. V.İbadov qeyd edir ki, bu vəsait minimal xərcləri ödəyir. Əlavə yığıma isə ümumi ən azı 1500 manat gəlir lazımdır.

İlahə İsmayılova hesab edir ki, Mingəçevrdə adambaşına minimum 250-300 manat gəlir olarsa, bir təhər yaşamaq olar. Samir Quliyev isə geyim, ərzaq, kommunal və nəqliyyat xərclərinin ödənilməsinə adambaşına 500 manat gərəkdiyini deyir.

Mətbuat işçisi Dünya Sakit hesab edir ki, indiki qiymətlərlə ailədə adambaşına 500 manat olarsa, normal dolanmaq olar: “Bizdə 4 nəfərik, aylıq gəlirimiz min manatdan bir qədər çox olur, yəni normal dolanmaq üçün lazım olandan azdır. Yenə də birtəhər dolanmağa çalışırıq, əsas uşaqlardır, onlar üçün mümkün qədər çox şey edib özümüz minimumlarla keçinə-keçinə gedirik”.

İqtisadçı-ekspert Toğrul Maşallı isə hesab edir ki, adambaşına 400 manat gəliri kifayət etmək olar: “Bu göstəriciyə, əslində normal şəraitdə ət, kələm və s. yemək, eyni zamanda ay ərzində 1-2 dəfə kinoteatra, 1 dəfə teatra, həftədə 2 dəfə taksidən istifadə və s. daxil edilir. Əslində bu normaldır. Amma misal üçün, özümə normalı mən hər ay nəsə əldə etmək (ya elektron avadanlıqdan, ya da başqa müəyyən qədər baha olan məhsuldan), həftədə bir neçə dəfə ictimai iaşə sistemindən istifadə (fast-fud hesab olunmur), ən azı ayda bir dəfə Bakıdan kənara çıxmaq və sair bu kimi məsələri əlavə edirəm. Bunun üçün adambaşı təxminən 600-700 manat lazımdır”.

Göründüyü kimi, sorğuda iştirak edənlər minimum ehtiyaclarını göstərirlər. Belə bir nəticə hasil olur ki, 4 nəfərlik bir ailənin minimum xərci  təxminən 1500 manat civarındadır. Adambaşına təqribən 350-400 manat düşür. Bu isə, hökumətin təyin etdiyi 2017-ci il minimum yaşayışdan 2-2.5 dəfə çoxdur. Dövlət Statistika Komitəsinin aylıq hesabatlarından da məlum olur ki, devalvasiydan sonra əhalinin gəlirlərinin son istehlaka yönəldiyi xərclər kəskin artıb. Qeyd edək ki, son istehlak dedikdə, Dövlət Statistika Komitəsi bura ev təsərrüfatlarının ərzaq məhsullarının, qeyri-ərzaq mallarının və alkoqollu və alkoqolsuz içkilərin satın alınması, habelə xidmətlərin ödənilməsinə sərf etdikləri pul xərcləri daxildir. Vergilər, rüsumlar,  borcların qaytarılması, alimentlər, cərimələr, kreditlərin ödənilməsi, üzvlük haqları və digər istehlak növləri, yığımla bağlı digər xərclər, habelə ev təsərrüfatının istehsal fəaliyyəti ilə bağlı bütün xərclər (toxum, mal-qara, xammal və s. alınması) son istehlak xərclərinə daxil edilmir.

(Cədvəl 2)

Devalvasiyadan sonra əhalinin gəlirlərinin son istehlaka yönəldiyi xərc (faizlə)

İnkişaf etmiş ölkələrdə xərclərin strukturunda ərzaq xərclərinin payı 12 faizdən yüksək olmaması nəzərə alınır. Əhalinin illik gəlirlərinin ABŞ-da 6,8 faizini, İrlandiyada 7  faizini, Sinqapurda 8,1 faizini, Böyük Britaniyada 9 faizini, Kanadada 9 faizini, Almaniya, Hollandiya və Danimarkada 11,4 faizini, İsveçrədə 11,6 faizini, Finlandiyada isə 12,1 faizini ərzağa xərcləyir.

Azərbaycanlı eskpertlərin hesablamalarına görə isə əhali gəlirlərinin 60 faizdən çoxunu ərzaq məhsullarına xərcləyib. Bu hədd isə beynəlxaq normalarda ağır yoxsulluq hesab olunur.

Ekspertlər bildirir ki, gəlir az olduqda əksər hissəsini ərzağa xərcləməli olurlar. Son nəticədə  keyfiyyətsiz ərzaqla və normadan az qidalanmaq qaçılmaz olur.

Məsələn, Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmovdeyir ki, bir insanın fizioloji inşikafı və sağlamlığı üçün lazım olan kalori və vitaminlərin norması minimum istehlak səbətində öz əksini tapmalıdır. Lakin Nazirlər Kabinetinin tərtib etdiyi istehlak səbətindəki normalar dünya standartlarından geri qalır. V.Məhərrəmov, ümumiyyətlə bunu norma adlandırmağı düzgün hesab etmir: “Norma bir olar, onu da Ümumdünya Səhiyyə Təşkilatı müəyyənləşdirib. Nazirlər Kabinetinin qəbul etdiyi norma deyil,  insanın ölməməsi üçün müəyyən etdiyi bir səbətdir, bu da standartlardan aşağıdır”.

Onun sözlərinə görə, hökumətin müəyyən etdiyi yaşayış minimumu ilə əhalinin gerçək minimum xərcləri arasında  80-90 faiz fərq aşkar var. V.Məhərrəmov qeyd edir ki, yalnız ərzaq xərcləri 200 manat civarındadır: “Bütün dünyada bir insan orta 110-120 dollar yalnız ərzağa pul xərcləyir. Azərbaycanda ət dünya bazarındakı qiymətlərdən 2 dəfə, süd və süd məhsulları 40 faiz bahadır. Bundan əlavə qidalandığımız çörəyin kalorisi cox aşağıdır.  Çünki qidalıq deyil, yemlik bugdadan istifadə olunur”.

Ekspert deyir ki, ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Amma Azərbaycanda 33 ət istehlak edilməsi nəzərdə tutulur. Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da, il ərzində 224 kiloqram, balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 7.7 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda  bizdə 150 ədəd istehlak edilməsi nəzərdə tutlub. V.Məhhərovun fikrincə, qidalanma normadan aşağı olanda müxtəllif xəstəliklər artır, insanlarda vitamin və müəyyən maddələrin çatışmazlığı yaranır.

Mütəxəssisə görə, hökumət istehlak səbətinə toy xərclərini də əlavə etməlidir: “Çünki bir nəfərin toylarda iştirak xərci kifayət qədər böyükdür. Əhali bu xidmətdən çox istifadə etdiyinə görə, nəzərə alınmalıdır. Məsələn, bir çox ölkələrdə gözəllik salonlarından, bərbərxanalardan istifadə xidməti istehlak normasına salınıb. Bu xidmət biz də niyə salınmasın?”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ