SON DƏQİQƏ
» » Sakinlər yaşaya-yaşaya binaların üzərindən əlavə mərtəbələr ucaldılır

Sakinlər yaşaya-yaşaya binaların üzərindən əlavə mərtəbələr ucaldılır

Tarix:

10-10-2017, 17:07

/ 2 080 dəfə oxundu.
Sakinlər yaşaya-yaşaya binaların üzərindən əlavə mərtəbələr ucaldılır

 

 Son 15-20 il ərzində paytaxtımızın siması dəyişilmiş, bir-birindən fərqli, gözəl, yaraşıqlı, hündürmərtəbəli binalar bu gün də hər kəsi heyran edir.

Hələ 15 il bundan əvvəl tikilmiş Yasamal rayonu Şərifzadə küçəsi 189 nömrəli hündür mərtəbəli üç möhtəşəm bina diqqəti cəlb edir.

Sakinlər 15 ildir ki, bu binalarda yaşayırlar. Bu yaxınlarda həmin ərazidə olduq. Gözlərimizə inanmadıq. Sakinlərin yaşadığı bu hündürmərtəbəli binaların üzərindən fəhlələr iki mərtəbə də əlavə artırırdılar. Fəhlələrin işləməsinin və iki mərtəbə də artırmaqla sakinləri hövsələdən çıxartdıqlarının şahidi olduq. 19 və 20-ci mərtəbədə işləyən fəhlələrin işlərini izləməyə başladıq. Həyətyanı sahədə topla oynayan uşaqların başlarına qum, daş kəsəkləri tökülürdü. Kəndirlə yuxarı qaldırılan tikinti materiallarını izləmək özü bir dəhşət idi. Tikinti aparanlar niyə həyətdə gəlib-gedən sakinlərin təhlükəsizliyini nəzərə almamışdılar. Necə ola bilər ki, bina 15 il əvvəl istifadəyə verilmiş, 2017-ci ildə həmin yaşayış binalarının üzərindən əlavə iki mərtəbənin də qaldırılmasına nə ad vermək olar?

Bu qədər özbaşınalıq olarmı? Sakinlər onu da bildirdilər ki, tikinti materiallarını yuxarı qaldırarkən dəmir yeşik (yəni kranı əvəz edən əl ilə düzəldilmiş yük daşıyan qurğu) pəncərələrdən birinə toxunaraq içəri girmiş, həm bir mənzili bərbad hala salmış, həm də bir sakinə xəsarət yetirmişdir. Bu hadisə təcili ört-basdır edilsə də, sakinlər dərdlərini deməyə adam axtarırlar.

Acınacaqlı haldır ki, binalarda nə istilik sistemi, nə də qaz çəkilməyib. Sakinlər mənzillərində elektrik sobalarından istifadə edir, hər ay qaz balonu sifariş verirlər. Bu binaların həyətyanı sahəsində zibillər günlərlə daşınmır. Üfunət iyi hər tərəfi bürüyüb, mənzil sahibləri binaların zibil qutularına tərəf səmtdə olan eyvanlarını aça bilmirlər. Üfunət iyi otaqlara dolur, sakinlər haqlı narazılıqlar edirlər. Baxmayaraq ki, kommunal xərclər vaxtında, artıqlaması ilə ödənilir.

Respublika Eksperimental Cərrahiyyə İnstitutunun həyətyanı sahəsi ilə qonşu olan bu binanın sərhədində yerə atılan zibilləri nə binaya cavabdeh olan şəxslər təmizlədir, nə də digər tərəf.

Lift işləməyəndə hündür mərtəbəli binanın eyvanından zibillər yerə atılır, çirkab hər tərəfə yayılır. Qalaq-qalaq yığılan zibillər isə infeksiya mənbəyidir.

Görəsən bu binalar 15 il əvvəl dövlətə necə təhvil verilib ki, sakinlər yaşaya-yaşaya yenidən binaların üzərindən əlavə mərtəbələr ucaldılır? Bu nə dərəcədə düzgündür. Özbaşınalığın qarşısı nə vaxt alınacaq?

Rauf İlyasoğlu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ