SON DƏQİQƏ

Azərbaycan və İran arasında müqavilə

Tarix:

14-06-2017, 16:43

/ 4 284 dəfə oxundu.
Azərbaycan və İran arasında müqavilə

Azərbaycan və İran Dəmir Yolları arasında "Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
İranın paytaxtı Tehranda iki ölkənin dəmiryolu sədrlərinin keçirdiyi görüşdə müqaviləni "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə imzalayıblar. Bu müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin "Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir.
Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti də müzakirə olunub. Bildirilib ki, qısa zaman ərzində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) aparılan işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.
Yeni müqaviləyə əsasən "Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər