Son illər Azərbaycanda yeniyetmələr arasında passiv tütünçəkmə ilə bağlı rəqəmlər 50% artıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin Sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev "Tütün-inkişaf üçün təhlükə!” mövzusunda KİV nümayəndələri üçün keçirilən seminarda bildirib ki, ötən il ölkədə 13-15 yaşlı 2 mindən çox yeniyetmə arasında tədqiqatlar aparılıb.
Onun sözlərinə görə, tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3%-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib: "Onların 32,6%-i 10 yaşadək bunu edib, 7,3%-i isə tütün məlumatlarından istifadə edir. Yeniyetmələrin 28,8%-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb. Siqaret çəkməyənlərin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər. 19% yeniyetmə düşünür ki, siqaret çəkənin daha çox dostları olur. 29,2% yeniyetmə düşünür ki, onlar daha cəlbedici görünür, 32,5% isə düşünür ki, siqaret vitrinləri gəncləri siqaret çəkməyə həvəsləndirir”.
Şöbə müdiri ölkədə 15 yaşdan yuxarı insanların da siqaretçəkmə ilə bağlı statistikasını açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 35,5%-i siqaret çəkir: "Ağciyər xərçəngindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də tütünçəkmə risk amilləri mövcuddur. Kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i isə evdə tütün tüstüsünün təsirinə məruz qalırlar. 40% insan siqareti evdə çəkərək ailə üzvlərinə təhlükə törədir”.
İSİM rəsmisi əlavə edib ki, tütün tüstüsünün yaratdığı xəstəliklərdən dünyada hər il 6 milyondan çox insan vəfat edir. O, 10% insanın passiv tütünçəkmədən öldüyünü bildirib: "XX əsrdə 100 milyon insan ölüb ki, 2030-cü ilə qədər ölənlərin sayı ildə 8 milyondan çox olacaq. XXI əsrdə 1 milyard insan tütünçəkmədən ölə bilər. Dünya əhalisinin 30%-i siqaret çəkir. Avropa regionu dünyada 28%-lə I yerdədir. Tütünçəkən insanların 80%-dən çoxunun aşağı və orta gəlirli ölkədə yaşayır. 15 yaşdan yuxarı qadınlar arasında tütünçəkmə Avropa regonunda 19%-lə yüksək göstəricidir. Dünyada uşaqların 50%-i tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. Tütün tüstüsünün təsiri nəticəsində dünyada hər il 200 min insan həlak olur. Əmək qabiliyyətli insanlar arasında il ərzində bütün ölüm hallarının 12%-i tütün çəkmə ilə əlaqəli xəstəliklərdən baş verir. 30-69 yaşda insanlar arasında tütünlə əlaqəli xəstəliklərdən yaranan əlillik səbəbindən ömürdən itirilmiş illər ümumi olaraq 14 milyon il təşkil edir. Tütünçəkmə ilə əlaqəli xəstəliklərdən itirilmiş əmək illərinin sayı isə 27 milyon ildir. Bunun da 18 milyon ili ölüm, 9 milyon il isə əlilliklə əlaqədardır.
Dünyada tütün tüstüsündən ölənlərin sayı digər hallarda ölənlərin sayı daha çoxdur”.(APA)