SON DƏQİQƏ
» » Diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir

Diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir

Tarix:

3-03-2017, 17:18

/ 4 492 dəfə oxundu.
Diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir


Azərbaycan güclü diaspora nail olmaq üçün müstəqilliyinin ilk günlərindən bu sahədə məqsədyönlü iş aparır


Bu gün dünyada elə bir ölkə tapmaq mümkün deyil ki, onun diasporu olmasın. Dünya sanki göz önündə diasporlaşır. Köhnə diasporlar genişlənir, daha geniş əraziləri əhatə edir, eləcə də yeni diaspor nümayəndələri peyda olur.

Təsadüfi deyil ki, bu gün təşəkkül tarixi hətta bir neçə ili əhatə edən diaspor xalqlar mövcuddur. Onlara misal olaraq Rusiyada məskunlaşan əfqan diasporu, Şimali Qafqazda Koreya diasporu, cənubi Hindistanda Tibet diasporu və s. göstərmək olar.

Diasporlaşma prosesini isə müxtəlif cür qiymətləndirmək mümkündür. Belə ki, dünya ölkələrinin müasir dövr dinamik inkişaf tempi ilə bütün dünyanı əhatə edən diasporlaşma və ya diasporilizasiya prosesinə münasibəti heç də birmənalı deyil. Bəziləri gəlmələrə rəqib, öz geyimi, manerası və bir çox halda fizioloji quruluşuna görə fərqlənən insan kimi yanaşmaqla, onları öz ölkələrindən qovmağa çalışırlar.

Rasist qruplar, millətçi təşkilatlar tərəfındən daim basqına məruz qalan gəlmələrə çox zaman cinayətkar ünsürlər kimi baxılır, baş verən kriminal hadisələrdə səbəbi oldu - olmadı ilk növbədə məhz onlar günahlandırılır. Odur ki, əksər hallarda müstəqil dövlətlər öz daxilində belə bir prosesin cərəyan etməsinə arzuolunmaz hal kimi yanaşırlar. Lakin diasporlaşmanın və ya mühacir axınının qarşısını almaq sadəcə olaraq qeyri mümkündür. Əksər dövlətlər bu prosesi bir qədər də olsa zəiflətmək üçün müxtəlif üsullara əl atırlar. Bura əsasən viza qaydalarının tətbiqi, əcnəbi vətəndaşlara ikili münasibət (onların ciddi nəzarət altına götürülməsi, əcnəbilərin səbəb oldu-olmadı kriminal ünsürlər kimi qəbul edilməsi, bir çox halda dövlətin himayəsi və ya bilavasitə nəzarəti altında olan rasist qruplar tərəfindən döyülməsi, hətta məcburən ölkədən köçürülməsi, deportasiya hallarının kütləvi hal alması və s.), yaşamaq, işləmək və ya vətəndaşlıq hüquqlarını verən sənədlərin verilməsində yaradılan süni problemlər daxildir.

Etiraf edək ki, bir zamanlar demək olar ki, heç kəsi narahat etməyən bu amillər illər ötdükcə daha da radikallaşır və gəlmələrə münasibət bəzi hallarda artıq düşmənçilik həddinə çatır. Diasporlaşma prosesi yaratdığı bir sıra mənfi tendensiyalar və narazılıqlarla yanaşı, müsbət keyfiyyətləri də özlüyündə əks etdirir. İlk növbədə isə diaspor amilli mədəniyyətlərarası inteqrasiya prosesi olmaqla, beynəlxalq əlaqələrin əsasını qoyur, bununla da, dünya mədəniyyətinin, dilinin beynəlxalq ictimaiyyət arasında təbliğinə çalışır.

Belə ki, miqrasiya proseslərinin artması nəticəsində zəif inkişaf etmiş ölkələrdən, sənayecə daha yaxşı inkişaf etmiş ölkələrə mühacirət edən qruplar daha güclü mədəniyyətin qarşısında tab gətirə bilmir, yerli dəyərlərin müəyyən etdiyi normalara tabe olur, nəticədə, bikulturallıq yaranır. Bikulturallıq iki mədəniyyətin nümunələrinin bir yerdə təcəssümünə deyilir. Yaranmış şərait nəticəsində dildə də müəyyən dəyişikliklər yaranır. Bu dəyişikliklər dominant xalqın dilində də baş verə bilər.

Tədqiqatlar göstərir ki, gəlmələrin yerli dilə gətirmiş olduqları yeni üslub xüsusilə gənclər tərəfindən mənimsənilir. Son vaxtlar Almaniyada bu ölkənin gəncləri danışarkən türk və ərəb mənşəli sözlər işlətməyə başlayıblar. Məhz bu səbəblər qloballaşma proseslərinin davam etdiyi şəraitdə, inoetnik cəmiyyətdə azlıqlara aid dillərin tədqiq edilməsini tələb edir.

Kaliforniya Universitetinin professor - sosioloqu R.Brubeyker diaspor sahəsinə yeni termin gətirib. Bu, "Kataklizm diasporu", başqa sözlə "Çevriliş diasporu"dur. Həmin diaspor nümayəndələri dezinteqrasiya (bütövün öz tərkib hissələrinə parçalanması R.M.), böyük imperiyaların çökməsi nəticəsində yaranır. R.Brubeyker kataklizm diasporunu adi diasporlardan fərqləndirir. Onun sözlərinə görə, ikincilər, yəni adi diasporlar daha çox könüllü olaraq yerdəyişmələr nəticəsində yaranan diasporlardır. Onların formalaşması üçün on illər lazımdır. Lakin kataklizm diasporu siyasi dönəmin və beynəlxalq aləmdə yaşanan siyasi proseslərin qəflətən dəyişməsi ilə ortaya çıxan əlverişli şəraitin məhsulu kimi tez bir zamanda yaranır.

Kataklizm diasporunun ən bariz nümunəsi Azərbaycan diasporudur. Soydaşlarımız hələ diasporçuluq prinsiplərini, bu sahədə mövcud metodları yeni öyrənsə də, diasporumuz quruluş etibarı ilə yeni formalaşsa da Azərbaycan diasporunu məhz bu növə aid etmək olar. Sovet imperiyasının çökməsi yeni müstəqil dövlətlərin və həmin ölkələri təmsil edən yeni-yeni diasporların meydana gəlməsinə şərait yaratdı.

Mütəxəssislərin fikrincə, bu tip diasporların fəaliyyətində yer alan çətinliklər daha böyük və çox olur. Ən böyük çətinlik isə ilk növbədə psixoloji amillərlə bağlıdır. Belə ki, uzun illər böyük imperiyaların əsarətində yaşayan və sonradan hər hansı bir inqilab, çəkişmələr və ya dövlət çevrilişləri nəticəsində müstəqillik qazanan xalqlar özünü sərbəst, azad, imperiyanın təsirindən qurtulmuş kimi hiss etməsi üçün xeyli vaxt lazımdır. Həmin vaxt çərçivəsində onlar özlərinin müstəqil dövlətə, dilə, vahid pul sisteminə və ən nəhayət ümummilli mənafe, vahid strategiya və dövlətçilik prinsiplərinə malik olduqlarını dərk edir, müstəqil düşünməyi öyrənirlər. Bəzi xalqlar bu keyfiyyətləri tez, bəziləri gec əxz edir.

Təsadüfı deyil ki, şüur, əqidə və mənən Vətənə bağlı olan, Vətən təəssübü ilə yaşayan diasporlar öz aktivliyi, səmərəli işi, ictimai-siyasi dəyərləri ilə ölkəsinə daha çox fayda gətirir. Odur ki, hər bir dövlət öz diasporunun vahid proqram, düzgün struktur və düşünülmüş siyasi xətt çərçivəsində səmərəli fəaliyyətinə çalışır. Bunu reallaşdırmaq nə dərəcədə mümkün olur və ya güclü təsir gücünə malik diaspor yaratmaq istəyi nə dərəcədə uğurlu alınır, bu artıq həm dövlətdən, həm də diaspordan asılıdır. Yalnız qarşılıqlı əməkdaşlıq və məqsədyönlü iş birliyi nəticəsində hər hansı məqsədə nail olmaq mümkündür.

Məhz bu prinsipləri rəhbər tutan Azərbaycan da güclü diaspora nail olmaq üçün müstəqilliyinin ilk günlərindən səmərəli və məqsədyönlü iş aparır. Təsadüfı deyil ki, xaricdə yaşayan soydaşlarımızla əlaqələr dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi vətənlə hərtərəfli münasibətlərini qurmaq, milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdir. Bu baxımdan, Dünya Azərbaycanlılarının I Qurultayı bu birliyin və əməkdaşlığın artması, dünya azərbaycanlılarının vahid amal, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi.

Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda iştirak etmiş ümummilli lider Heydər Əliyev azərbaycanlıların təşkilatlanması üçün bir çox vəzifələrin həllinin vacibliyini xüsusi ilə vurğulamışdır. O, Azərbaycan icmalarının fəaliyyətini əlaqələndirmək üçün əlahiddə bir dövlət orqanının yaradılması ideyasını irəli sürməklə, bu tarixi missiyanın daha müvəffəqiyyətlə həyata keçirilməsinin konkret yollarını da müəyyənləşdirmişdi. Prezident Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və mənəvi birliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəddir.

Diaspor quruculuğunun mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hazırlanması və həyata keçirilməsidir. Bu siyasət uzun illər boyu Heydər Əliyevin bilavasitə məqsədyönlü fəaliyyəti sayəsində reallaşdırılmışdır. Görülən işlər dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu sahəsində həmvətənlərimizin mənəvi-ideoloji birliyinin yaradılmasına ciddi təkan vermişdir. Diasporçuluq istiqamətində rəhbər tutduğumuz əsas məqsəd azərbaycançılıq ideologiyasının fundamental prinsiplərini ölkənin hüdudlarından kənarda həyata keçirməkdən ibarətdir. Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın icma və birliyimiz fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.


Rövşən Məmmədov

Müstəqil araşdırmaçı
скачать dle 12.1

Şərhlər