SON DƏQİQƏ
» Tanınmış bir ailə var, arvad ərini izləyir, sonra da... – Ailə dramı

Tanınmış bir ailə var, arvad ərini izləyir, sonra da... – Ailə dramı

Tarix:

25-05-2018, 10:45

/ 10 233 dəfə oxundu.
Tanınmış bir ailə var, arvad ərini izləyir, sonra da... – Ailə dramı

Deputat Hadı Rəcəblinin Feysbukun ailələri dağıtması ilə bağlı fikirləri sosial şəbəkənin mahiyyəti ilə dərindən tanış olmayan insanlarda mənfi rəy yarada bilər. Sosial şəbəkələr ilan zəhəri kimi bir şeydir. Zəhərdən düzgün istifadə edəndə keyfiyyətli dərman alınır, elə ki onu artıq elədin, adamı zəhərləyir, bir az da artıranda öldürür. Ona görə də sosial şəbəkədən təyinatına, əhəmiyyətinə və faydalı tərəflərinə görə istifadə edilməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib: “Çox təəssüf ki, tanınmış şəxslər bəzən qəfil söz deyirlər, cəmiyyətdə müzakirələrə səbəb olur, mənfi və ya müsbət fikir səslənir. Belə fikirlər söylənəndə həmişə əsaslandırmaya ehtiyac duyulur. Bir anlıq təsəvvür edək ki, sosial şəbəkələr ləğv olunub, onda görün, hər birimiz nə qədər çox şey itirəcəyik.

Sosial şəbəkədən təyinatına görə faydalı şəkildə istifadə olunmaması xoşagəlməz hallar yaradır. Eyni zamanda sosial şəbəkə vasitəsilə dünyanın müxtəlif nöqtəsində olan adamlarla əlaqə qura bilirik, tanış və dostlarımızla paylaşımlar edirik. Ümumən sosial şəbəkələr barədə birbaşa mənfi fikir demək yanlışdır”.

Sosioloqun fikrincə, şəbəkələrdən mütərəqqi yanaşma ilə istifadə olunursa, bu, yaxşı haldır: “Görünür, hər bir xalqın sosial şəbəkədən istifadə etmə mədəniyyətinin formalaşmasına da ehtiyac var. Feysbukdan mərdiməzarlıq üçün istifadə edənlər də olur. Adicə bıçaq mətbəxdə lazımi alətdir, amma həm də ölüm vasitəsidir. Bir az sərt istifadə edəndə əli kəsir, lap sərt işlədəndə qan tökər, öldürər.

İnsanlıq üçün yaranan hər nə varsa, alətlərdir. Sosial şəbəkə həyatın məqsədi deyil, o da bir alətdir. İstənilən şeyi qaydasında istifadə etməyəndə problem yaranır. Çalışmalıyıq ki, sosial şəbəkələrdən istifadə etmə mədəniyyəti düzgün formalaşsın və yüksək səviyyədə inkişaf etsin”.

Təcrübəsində Feysbuka görə boşanan cütlük olduğunu deyən vəkil İradə Cavadova hesab edir ki, sosial şəbəkələr insanlarda asılılıq yaradır: “Bir oğlan Feysbuk səhifəsində bir qızı layk etmişdi, laykın nəticəsi boşanma ilə bitdi, ortada da iki uşaq qaldı. Bir layk ailənin dağılması üçün səbəb olub.

Feysbukda hansısa foto layk olunursa və ya şərh yazılırsa, tərəflər Feysbuk parolu tələb edir, bu da partlayışa səbəb olur və ailələr dağılır. Hesab edirəm ki, yəqin bunun təməli laykda deyil, daha dərindi, sadəcə layk son damla olub. Düşünürəm ki, burada günah Feysbuk, Vatsap və ya Tvitterindir. Bu, insanların şüuru ilə bağlı məsələdir.

İnsanlar sosiallaşmaya doğru gedirlər, sosial şəbəkələr bəzi insanlarda çox böyük asılılıq yaradıb. Həm bu asılılıqdan xilas ola bilmirlər, həm də əsəb sistemləri gərginləşir. Bir çox ailələrdə tərəflər vatsap veb vasitəsilə həyat yoldaşlarını müşahidə etmək fikrinə düşür. İnsan əsəbi olanda, yaxud içindəki hansısa hissini rəfiqəsi və ya dostu ilə bölüşə və ya flört edə bilir, bəlkə də bu, keçici durum olur, ancaq hər hansı sözdən böyük nəticə çıxararaq ailə dağılır”.

Vəkilin sözlərinə görə, insanlar bir-biri ilə ünsiyyətə girməkdən çəkinirlər: “Gənclər daha çox sosial şəbəkədə ünsiyyət qururlar. Sosial şəbəkələrdə emosiya və duyğuları qarşı tərəfə bildirə bilmir. Əslində insanlar bir-birindən uzaqlaşır. Hesab edirəm ki, sosial şəbəkə daha çox xəbərlərlə tanışlıq, hansısa əlaqələr qurmaq, paylaşmaq üçündür və buna pis baxa bilmirəm, əksinə müsbət qəbul edirəm.

Ancaq aşırı dərəcədə istifadə xoşagəlməz hallar yaşadır. Şəhərdə diqqət edirəm, hərə əlinə bir telefon alıb başını qaldırıb bir-birinə baxmırlar. Bəziləri hətta o dərəcəyə gəlib çıxır ki, tanınmış olmaq istəyi ilə bağlı özlərini riskə atıb selfi çəkməklə layk toplamaq istəyirlər. Bu, çox mənfi haldır. İnsanlar əvvəllər işdən sonra kinoya gedər, görüşüb səmimi söhbətlər edərdilər. İndi yaşlı nəsil də sosial şəbəkələrdən istifadə etməyi xoşlayır, gənclərdən geri qalmaq istəmirlər”.

İradə Cavadova qeyd edib ki, ailədə münaqişələr bəzən tolerant hissinin olmamasından irəli gəlir: “Ailə tanıyıram ki, oğlan tanınmış adam olduğu üçün həyat yoldaşı onu çox qısqanır, Feysbuk parolu istəyir və tərəflər arasında narazılıq yaranır. Bu da xoşagəlməz bir şeydir. Parol almaq və ya vatsapın veb kamerasından istifadə etmək sanki bir şəxsin pul kisəsinə girmək kimi bir şeydir. İnsanlar bir-birinə etibar etməlidir. Kimsə flört edirsə, Feysbukda kiməsə xoş söz deyirsə, buna görə də ailə dağıtmaq olmaz.

Biz zamanla ayaqlaşmaq yolundayıq, dünya bu cür qurulub, sosial şəbəkələr aktiv istifadə olunur, insanların özünün şüuru daha zəngin olmalıdır. İnsan pis asılılıqlardan, yaxud aşırı dərəcədə yaxşı asılılıqdan çəkinməli, normal həyat tempinə uyğunlaşmalıdır. Feysbukda günəşin batışını və doğuşunu izləmək mümkün deyil, bir az da həyata qayıtmaq lazımdır”.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, kifayət qədər boşanmalar, ailədaxili konfliktlər var ki, informasiya texnologiyaları səbəbindən baş verir: “Buraya Feysbuku da, Vatsapı da, bütövlükdə mobil telefonları da daxil etmək olar. Biz özümüz informasiya əsrində, qloballaşan dünyada yaşayırıq. Hörmətli Hadı Rəcəblinin fikri kontekstdən çıxarılır. Bəli, bu gün boşanmaların səbəblərindən biri də sosial şəbəkələrdir.

Deyirik ki, maarifləndirmə işi aparılmalı, ailədaxili münasibətlər normal, şəffaf olmalıdır. Bu gün gender bərabərliyindən danışılır, bizim işləyən xanımlarımız çoxdur, xanım işləyirsə, həyat yoldaşından diqqət istəyəcək, zorakılıq olanda ona qarşı dözümsüz yanaşa bilər”.

Psixoloqun fikrincə, Azərbaycan ailəsi yeni dövrün çağırışlarına qarşı adekvat olmalıdır: “Problem varsa, ailə bilməlidir ki, haraya müraciət olunmalıdır. Boşanma ilə bağlı məhkəməyə müraciət edirlər, yaxşı olardı ki, orada psixoloq, mütəxəssis dəstəyi göstərilsin. Bəlkə onların bir qismini geri qaytarmaq mümkün oldu. Azərbaycanda boşanıb 2-3 il sonra təkrar bir araya gələn çoxlu ailələrimiz var. Təkcə 5 ayın yox, 20 ilin ailəsi də boşanır. Çünki insan ömrü uzanıb. Azərbaycanda 50 yaşdan yuxarı karyera quran nə qədər xanımlarımız var. Plastik və estetik əməliyyatlar edilir, tərəflər bəlli müddətdən sonra bir-biri üçün maraq kəsb etmir, bu halları aradan qaldırmaq üçün hansı işlərin aparılacağı barədə işlər aparılmalıdır.

Məsələlərə üstdən yanaşırıq, ötürük, ancaq bu məsələlərin dərin qatları var. Bu gün Avropa ölkələrində, ABŞ-da ailə institutunun qorunması istiqamətində böyük sosial-psixoloji layihələr həyata keçirilir. Avropada qadınlar deyir ki, karyera qurmaqdan bezdim, mən qadın olmaq istəyirəm, geri dönürlər”.

Elnur Rüstəmov vurğulayıb ki, bu gün Azərbaycanda qadınların böyük əksəriyyəti karyera qurmaq üzərində mücadilə aparır: “Günlərin birində Azərbaycan qadını da yorulacaq, bizdə bir söz var, deyəcək ər çörəyi yemək istəyirəm. Bunun da bir vaxtı var. Zaman sürətlə dəyişir. Bəli, sosial şəbəkə və mobil telefonlarda izlənmə proqramlarından istifadə olunur. Bütün bunlar tərəflərdən çəkinmək yox, münasibətin daha şəffaf formada qurulmasını tələb edir. Söhbət xəyanətdən gedirsə, bəşər cəmiyyəti yaranandan indiyədək davam edir”.

Qeyd edək ki, Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Feysbukun Azərbaycanda ailələrin dağılmasının səbəblərindən biri olduğunu deyib: “Gənclərə ailə nədir, onu başa salmaq, bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ