SON DƏQİQƏ

SIRIQ ABİDƏLƏRİ

Tarix:

18-04-2020, 19:20

/ 2 568 dəfə oxundu.
SIRIQ ABİDƏLƏRİ


Sırıq Yardımlı rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Yardımlı şəhərindən 8 km aralıda, Viləş çayının yaxınlığında yerləşir. Əhalisi 650 nəfərdən çoxdur. Sırıq Yardımlı rayonunun qədim yaşayış məntəqələrindən sayılır. Burada bir neçə abidə vardır. Sırıq abidələrinə Əliabbas küp qəbirləri nekropolu (qəbiristanlığı), Sırıq və Kiçik Rəzgə yaşayış yerlərikimi arxeoloji abidələr, daş qoç fiquru və türbə daxildir.Sırıq yaşayış yerinin ərazisində saxsıdan hazırlanmış məişət və təsərrüfat qabları, zinət əşyaları və əmək alətləri, xüsusilə oraqlar, toxaya oxşar alətlər, yarı sınmış halda dəmir bıçaqlar aşkar edilmişdir. Tarix elmləri doktoru Qara Əhmədov Sırıq oraqlarına oxşar oraqlara arxeoloji qazıntılar zamanı Beyləqanda rast gəlindiyini yazmışdır (Orta əsr Beyləqan şəhəri. B., 1979, səh. 52). Viləş çayından yaşayış yerinə süni arxlar və saxsıdan su boruları ilə su çəkilmişdir.
Sırıq kəndi ərazisində 1987-ci ilin yayında ekspedisiya zamanı arxeoloqlar Qoşqar Qoşqarlı və Təvəkkül Əliyev tərəfindən antik dövrə aid qəbiristanlıq aşkar edilmişdir. Nekropoldan çıxarılmış üç nəhəng küp öyrənilib tədqiq edilmişdir (Mehdi Həsənov. Yardımlının küp qəbirlər mədəniyyəti. "Yardımlının səsi” qəzeti, 30.03.2015).
Küp qəbirlərinin aşkar olunduğu qəbiristanlıq Əliabbas küp qəbirləri nekropolu kimi qeydə alınmışdır. Əliabbas küp qəbirləri nekropolundan saxsıdan olan məişət əşyaları (su qabı, su camı, qulplu qab), tunc bilərzik, boyunbağı, üzük və sırğa kimi maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Nekropolun sahəsi təxminən 3,5 hektara yaxındır. Sırıq, Kiçik Rəzgə yaşayış yerləri və Əliabbas küp qəbirləri nekropolundan aşkar edilən əkinçilik alətləri (oraq, toxa, bağ qayçısı və bıçağı və s.), dənli bitkilər (buğda, arpa) və təsərrüfat küpləri burada əkinçilik mədəniyyətinin mövcud olmasından xəbər verir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Əliabbas küp qəbirləri nekropolu 1194 invertar sayı ilə antik, Kiçik Rəzgə yaşayış yeri 1195 invertar sayı ilə e.ə. II əsr – e.II əsrinə aid ölkə əhəmiyyətli arxeoloji abidə, Daş qoç fiquru isə 6154 invertar sayı ilə yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunəsi kimi dövlət qeydiyyatına alınmışlar. Sırıq yaşayış yeri isə antik və ilk orta əsrlərə aid kənd tipli yaşayış yeri hesab olunur.
Qeyd edək ki, Ağa Mirbağır türbəsi də Sırıq kəndində, qəbiristanlıqda yerləşir. Ziyarətgah Ağa Mirbağır Mirəhməd oğlunun (1870-1962) adı ilə bağlıdır. 1992-ci ildə Mirbağır Ağanın qəbri üzərindəmişar daşından məqbərə inşa olunmuşdur.Türbə əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ